5 illik inkişaf prioritetləri nələr vəd edir?
Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlıq ölkənin müstəqillik əldə etməsindən sonra başlayıb. Azərbaycan 1992-ci ildə BMT-yə üzv qəbul edildikdən sonra tərəflər arasında rəsmi münasibətlər formalaşıb. Bu əməkdaşlıq əsasən ölkənin sosial-iqtisadi inkişafının dəstəklənməsinə, humanitar problemlərin həllinə və beynəlxalq inteqrasiyanın gücləndirilməsinə hesablanıb.
İlk mərhələdə diqqət daha çox qaçqın və məcburi köçkün problemləri, yoxsulluğun azaldılması və institusional quruculuq üzərində cəmlənmişdi. Sonrakı dövrdə əməkdaşlıq genişlənərək davamlı inkişaf, iqtisadi şaxələndirmə, insan kapitalının inkişafı, ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə uyğunlaşma kimi sahələri əhatə etməyə başlayıb. Bu gün isə tərəfdaşlıq daha çox uzunmüddətli strateji inkişaf məqsədlərinə və qlobal çağırışlara uyğun siyasətin həyata keçirilməsinə yönəlib.
Ötən gün Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanan yeni Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni mərhələnin əsasını qoyur. Sənəd 2026–2030-cu illəri əhatə etməklə Azərbaycanın dəyişən inkişaf ehtiyaclarına uyğun prioritetləri müəyyənləşdirir.
Bu barədə BMT-nin Azərbaycandakı rezident koordinator ofisinin rəhbəri Kanako Mabuçi Bakıda keçirilən Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında məlumat verib. Onun sözlərinə görə, sənəd Azərbaycanın orta–yuxarı gəlirli ölkə statusu və son illərdə formalaşan yeni sosial-iqtisadi reallıqlar nəzərə alınaraq hazırlanıb və 33 ildən artıq tərəfdaşlıq təcrübəsinə əsaslanır.
İqtisadiyyat nazirinin müavini Anar Axundov isə çıxışında bildirib ki, Çərçivə Sənədi üzrə ümumi maliyyə yükü 85,3 milyon dollar təşkil edir. Bu vəsaitin 51 milyon dolları artıq mövcuddur, qalan 34 milyon dolların isə qarşıdakı beş il ərzində cəlb olunması nəzərdə tutulur. Yeni əməkdaşlıq çərçivəsi iki əsas strateji istiqaməti əhatə edir.
Birinci istiqamət inklüziv sosial-iqtisadi inkişafın təşviqi və insan kapitalının gücləndirilməsinə yönəlib. Bu çərçivədə kənd təsərrüfatına ayrılan dövlət xərclərinin artırılması, qeyri-infeksion xəstəliklərdən vaxtından əvvəl ölüm hallarının azaldılması, qadınların idarəetmədə iştirakının genişləndirilməsi və sosial müdafiə sisteminin əhatə dairəsinin böyüdülməsi kimi hədəflər müəyyən edilib.
İkinci strateji istiqamət isə ekosistemlərin qorunması, iqlimə davamlılığın artırılması və “yaşıl artım” modelinin təşviqi ilə bağlıdır. Bu sahədə inteqrə olunmuş su ehtiyatlarının idarə olunması, bərpaolunan enerjinin ümumi istehlakdakı payının artırılması, tullantıların təkrar emalı və meşə örtüyünün genişləndirilməsi əsas prioritetlər kimi çıxış edir.
Kanako Mabuçi qeyd edib ki, yeni proqram çərçivəsində BMT-nin Azərbaycandakı fəaliyyəti daha çevik və inteqrasiya olunmuş formata keçirilib. Hazırda 12 imzaçı qurumun koordinasiyalı fəaliyyəti təmin olunur. Bununla yanaşı, Azərbaycanın çoxtərəflilik, iqlim diplomatiyası və regional əməkdaşlıq sahəsində təşəbbüslərinin dəstəklənməsi davam etdiriləcək.
Qeyd olunan sənəd həm də “Azərbaycan 2030” milli prioritetləri ilə uyğunluq təşkil edir və ölkənin uzunmüddətli inkişaf strategiyasına inteqrasiya olunur. Bu baxımdan, yeni Çərçivə Sənədi təkcə maliyyə və proqram sənədi deyil, eyni zamanda, Azərbaycanın dayanıqlı inkişaf, iqtisadi şaxələndirmə və ekoloji balans istiqamətində yol xəritəsi kimi çıxış edir.
Beləliklə, Azərbaycan və BMT arasında formalaşan yeni əməkdaşlıq modeli qarşıdakı illərdə həm sosial rifahın yüksəldilməsi, həm də qlobal çağırışlara uyğun dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, yeni əməkdaşlıq çərçivəsi Azərbaycanın iqtisadi inkişaf modelində davam edən struktur dəyişiklikləri fonunda xüsusi əhəmiyyət kəsb edir. Son illərdə ölkədə qeyri-neft sektorunun genişləndirilməsi istiqamətində görülən işlər, iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsal transformasiya istiqamətində atılan addımlar bu sənəddə müəyyən olunan prioritetlərlə üst-üstə düşür. Bu baxımdan, Birləşmiş Millətlər Təşkilatı ilə birgə həyata keçiriləcək proqramların institusional potensialı gücləndirəcəyi gözlənilir.
Eyni zamanda, sənəddə “yaşıl artım” və iqlimə davamlılıq məsələlərinin ön plana çıxarılması Azərbaycanın qlobal iqlim gündəliyinə daha fəal inteqrasiya niyyətini ortaya qoyur. Bərpaolunan enerji mənbələrinin inkişafı, su ehtiyatlarının səmərəli idarə olunması və ekosistemlərin qorunması istiqamətində nəzərdə tutulan tədbirlər uzunmüddətli perspektivdə ekoloji tarazlığın təmin olunmasına xidmət edir.
Müşahidəçilərin fikrincə, yeni proqramın fərqləndirici xüsusiyyətlərindən biri sosial komponentin gücləndirilməsidir. Səhiyyə, məşğulluq və sosial müdafiə sahələrində müəyyən edilmiş hədəflər əhalinin rifah səviyyəsinin yüksəldilməsi baxımından mühüm rol oynaya bilər. Xüsusilə insan kapitalının inkişafı ilə bağlı təşəbbüslər iqtisadi artımın dayanıqlı xarakter almasına şərait yaradır. Bununla yanaşı, bu əməkdaşlıq formatı Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi baxımından da diqqət çəkir. Çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirak, iqlim diplomatiyası və regional təşəbbüslərdə fəal rol ölkənin qlobal proseslərdə təsir imkanlarını artırır.
Musa BAĞIRLI
XQ

