Milli Məclis belə fırıldaqçılığı pislədi
Aprelin 10-da parlamentin növbəti plenar iclası keçirildi. İclasda siyasi, iqtisadi və sosial məsələlər ətrafında çıxışlar edildi, mühüm qanun layihələri ətrafında müzakirələr aparıldı. Açılış nitqi ilə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Çinə reallaşan işgüzar səfərin yekunları barədə məlumat verdi. Spiker bildirdi ki, Azərbaycanın xüsusi qonaq qismində qatıldığı Asiya naminə Boao Forumunda ölkəmizin “Bir kəmər, bir yol” layihəsinə ən çox sərmayə qoyan ikinci dövlət olduğu və Avrasiyanın əsas nəqliyyat qovşağına çevrildiyi vurğulanıb. Sədr, həmçinin regional sülh prosesi çərçivəsində kommunikasiyaların bərpasının Orta Dəhlizin səmərəliliyini artıracağını qeyd edərək, Ümumçin Xalq Nümayəndələri Yığıncağının rəhbərliyi ilə parlamentlərarası institusional əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etdiyini bildirdi.
Daha sonra gündəlikdəki məsələlər ətrafında müzakirələr aparıldı. İlk olaraq Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiqi barədə qanun layihəsi təqdim edildi. Bildirildi ki, sazişin imzalanmasında məqsəd hər iki dövlət arasında avtomobil daşımalarının təhlükəsizliyini artırmaq, yol hərəkətini yaxşılaşdırmaq, sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını və dəyişdirilməsini təmin etməkdir. Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edildi.
Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edildi. Layihəyə əsasən, Milli Məclis uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərindəki təhsilverənlərin sertifikasiya əsasında qiymətləndirilməsini təsdiqlədi. “Mədəniyyət haqqında” qanuna dəyişiklik layihəsi də son oxunuşda qəbul edildi.
Daha sonra Cinayət Məcəlləsində edilən dəyişikliklərlə bağlı qanun layihəsinə baxıldı. Müzakirələrdə çıxış edən Vüqar Bayramov minimum cərimə hədlərinin müəyyənləşdirilməsi və böyük məbləğlərdə məsuliyyətdən azadolmanın tətbiq olunmaması təklifi ilə çıxış etdi. Deputat bildirdi ki, təklif edilən dəyişikliklərə əsasən, dövlət vəsaitinin təyinatından kənar istifadə hallarında sabit cərimə mexanizmindən imtina edilərək faiz əsaslı sistemə keçid nəzərdə tutulur, bu zaman vəsaitin 100 faizi həcmində cərimə tətbiq olunmaqla yanaşı, azadlıqdan məhrumetmə də nəzərdə tutulur. V.Bayramovun sözlərinə görə, Azərbaycanda xeyli miqdarda ziyan 50–250 min manat, külli miqdarda isə 250 min manatdan yuxarı hesab olunur və bu səbəbdən böyük məbləğli vəsaitlərin təyinatdan yayındırılması hallarına belə güzəştlərin tətbiqi məqsədəuyğun deyil. Digər çıxışçı deputat Müşviq Məmmədli həmkarının fikirlərinə qatılaraq qeyd etdi ki, dövlət vəsaitinin mənimsənilməsi hallarında məsuliyyətdən azadolma norması məhdudlaşdırılmalıdır. Aparılan müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edildi.
***
Cinayət və Cinayət-Prosessual məcəllələrində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında, həmçinin İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinin müzakirəsi zamanı maraqlı çıxışlar oldu. Deputat Azay Quliyev süni intellektlə hazırlanan saxta materialları yaradanlara məsuliyyət tətbiqini təklif etdi. Onun sözlərinə görə, mövcud maddə yalnız bu cür materialları yayan şəxsləri məsuliyyətə cəlb edir, lakin onları hazırlayan şəxslərlə bağlı məsuliyyət nəzərdə tutulmur: “Təklif edirəm ki, süni intellektlə hazırlanmış materialları nişanlama olmadan hazırlayan və yayan şəxslər üçün ayrıca inzibati məsuliyyət müəyyən edilsin. Bu cür hallarda fiziki şəxslər 150–300 manat, hüquqi şəxslər isə 500–1000 manat məbləğində cərimə olunmalıdır”.
Deputat Qüdrət Həsənquliyev qanun layihəsində bəzi ifadələrin dəqiqləşdirilməsinin vacibliyini bildirdi. O, layihədə “reallığı əks etdirməyən” ifadəsinin yanlış olduğunu diqqətə çatdırdı. Deputatın fikrincə, əgər hansısa görüntü reallığı əks etdirməsə də, şəxsin şərəf və ləyaqətinə zərər vurmursa, bu halda cinayət tərkibi yaranmır: “Cinayət Məcəlləsinin 14-cü maddəsinə əsasən, əməl yalnız ictimai təhlükəli olduqda cinayət sayılır. Əgər hansısa görüntü reallığı əks etdirməsə də, şəxsin şərəf və ləyaqətinə zərər vurmursa, bu halda cinayət tərkibi yaranmır”. Müzakirələrdən sonra hər iki qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edildi və edilən təkliflərə baxılması üçün son oxunuşa göndərildi.
***
Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” qanuna dəyişiklik edilməsi qanun layihəsi ətrafında çıxış edən Siyavuş Novruzov narkotik asılılığından əziyyət çəkənlərin müalicəsi üçün imkanların genişləndirilməli olduğunu diqqətə çatdırdı. Deputat, həmçinin narkotiklərin ölkəyə daxil olma mənbələrinə də toxunaraq bildirdi ki, əsas problem məhz mənbənin müəyyən edilərək qarşısının alınmamasıdır: “Hər gün xəbərlərdə böyük həcmdə narkotiklərin aşkarlanması barədə məlumatlar verilir. Mənşəyi məlum deyil deyilir, İran vətəndaşlarından tapıldığı qeyd olunur. Amma bu prosesin kökü tapılmalı və mənbə kəsilməlidir. Əks halda, daşınmanın qarşısını almaq mümkün olmayacaq”.
Deputat Göydəniz Qəhrəmanov çıxışında nikah zamanı narkoloji arayışın da tələb olunmasının məqsədəmüvafiq olduğunu qeyd etdi. O bildirdi ki, nikah bağlanarkən təqdim olunan tibbi arayışa əlavə olaraq, narkoloji tibb müəssisəsi tərəfindən verilmiş arayışın da tələb olunması daha yaxşı olar: “Bəzi hallarda şəxsdə narkoloji asılılıq nikahdan sonra üzə çıxır, bu isə ailələrin dağılmasına səbəb olurr”.
Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunda dəyişiklik layihəsinə əsasən, Əmək Məcəlləsində dəyişiklik edilərək işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir və əməkhaqqı sistemində cinsi ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir. Təklif edilən dəyişikliyə görə, bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu kitabçalarında nəzərdə tutulan xüsusiyyətlər nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
Daha sonra prokurorluq orqanlarına məxsus nəqliyyat vasitələrinin operativ kateqoriyaya daxil edilməsi barədə qanuna düzəliş ilk oxunuşda qəbul edildi. "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, prokurorluq orqanlarına məxsus olan və kriminalistik avadanlıqlarla təmin edilərək hadisə yerində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi, növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və ya təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri də operativ nəqliyyat vasitəsi hesab ediləcək. Həmçinin Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda təklif edilən dəyişikliyə əsasən minatəmizləmə fəaliyyəti həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və onlara dövlət qayğısının artırması məqsədi ilə minatəmizləyənlərin övladlarının təhsilhaqqının dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Layihədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur. Yekunda hər iki qanun layihəsi birinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin plenar iclası başa çatdı.
Tacir SADIQOV
XQ

