Azərbaycan alimləri Özbəkistan universitetlərinə mühazirə oxuyublar

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Mədəniyyət laboratoriyası” layihəsi çərçivəsində Özbəkistanın ali təhsil müəssisələrində azərbaycanlı alimlərin iştirakı ilə mühazirə və ustad dərsləri təşkil olunub.

Layihə çərçivəsində Daşkənd Dövlət Şərqşünaslıq Universitetində bir sıra mühazirələr keçirilib.

Akademik Nizami Cəfərov öz mühazirəsində Azərbaycan mədəniyyətinin əsas istiqamətləri – dil, ədəbiyyat və tarix kontekstində geniş təqdimatla çıxış edib, bu sahələrin qarşılıqlı əlaqəsini və milli kimliyin formalaşmasındakı rolunu vurğulayıb. O bildirib ki, Azərbaycan mədəniyyəti türk dünyasının ayrılmaz tərkib hissəsi kimi zəngin və çoxşaxəli inkişaf yolu keçib. Akademik eyni zamanda qeyd edib ki, bu irsin öyrənilməsi və təbliği türk xalqları arasında elmi və mədəni inteqrasiyanın daha da güclənməsinə mühüm töhfə verir.

Azərbaycan Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Elnarə Akimova ədəbiyyat cərəyanları mövzusunda məruzə ilə çıxış edərək müxtəlif dövrlərdə formalaşmış ədəbi istiqamətlərin xüsusiyyətləri və onların müasir dövrdəki əhəmiyyəti barədə ətraflı məlumat verib. O vurğulayıb ki, ədəbiyyat cərəyanlarının öyrənilməsi milli ədəbiyyatın inkişaf dinamikasının daha dərindən anlaşılmasına imkan yaradır.

Filologiya üzrə fəlsəfə doktoru, publisist Azər Turan çıxışında özbək və Azərbaycan ədəbiyyatında türk birliyi ideyasından bəhs edərək ortaq ədəbi düşüncənin formalaşmasında bu amilin rolunu diqqətə çatdırıb. O qeyd edib ki, türk xalqlarının ədəbi irsi qarşılıqlı təsir şəraitində inkişaf edərək bu gün də aktual əhəmiyyətini qoruyub saxlayır.

Eyni layihə çərçivəsində Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunda AMEA Folklor İnstitunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Aynur İbrahimovanın iştirakı ilə ustad dərsi təşkil edilib. Ustad dərsi zamanı iştirakçılara folklorşünaslıq elmi, qeyri-maddi mədəni irsin qorunması və inkişaf etdirilməsi, eləcə də Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələr barədə ətraflı məlumat verilib. O, folklorun xalqın tarixi yaddaşı kimi mühüm rol oynadığını xüsusi qeyd edib.

Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, elmi-praktik tövsiyələr təqdim olunub.

Qeyd olunub ki, belə mühazirə və ustad dərsləri Azərbaycan ilə Özbəkistan arasında elmi-mədəni əməkdaşlığın inkişafına, ortaq dəyərlərin təbliğinə və gənc nəslin bu irslə daha yaxından tanış olmasına xidmət edir.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd









Sosial həyat