Prezident İlham Əliyevin üçtərəfli əməkdaşlıq platformaları

post-img

VI MƏQALƏ

Genişlənən nüfuz məkanı

Bu mövzuda V məqalənin son iki tezisini xatırlatmaq istərdik. Birincisi, “Azərbaycan regional və regionlararası miqyaslarda təşəbbüs etdiyi əməkdaşlıq üçbucaqlarının bir-birini tamamlaması sayəsində vahid geosiyasi əməkdaşlıq məkanı formalaşdıra bilmişdir. Həmin məkanın cəzbedici coğrafiyası Bakıdır, əməkdaşlığı motiv edən məkanı isə bütövlükdə Azərbaycan Respublikasıdır”.

İkincisi, “Azərbaycanın strateji paytaxt kimi özəlliyi nüfuzunu və təsir dairəsini dinamik artırmaqla bağlıdır. Bu prosesdə təkanverici rolu nüfuzun təsir səviyyəsini yüksəltməklə düz mütənasib olması oynayır. Yəni öncə konkret istiqamətlər üzrə Azərbaycanın təsiri artır və bunun təməlində dövlətin geosiyasi nüfuzu yeni səviyyəyə yüksəlir. Yekun olaraq bu prosesdə “qazan-qazan” prinsipi aparıcı rol oynayır. Bu özəllik də Azərbaycanın dayanıqlı və davamlı strateji paytaxt statusunda qalmasını təmin edir”.

Bu tezisləri politoloji ümumiləşdirsək, çox maraqlı mənzərə alınır. Belə ki, Prezident İlham Əliyevin təşəbbüs etdiyi üçtərəfli əməkdaşlıq formatlarında Azərbaycan strateji paytaxt kimi digər üzvlərlə birgə vahid strateji məkan yarada bilir. Bu, geosiyasi aspektdə əməkdaşlıq formatının daxili oxunu təşkil edir.

Eyni zamanda, Azərbaycan əməkdaşlığın geosiyasi qütbü keyfiyyətində üzvlərə “yumşaq təsir” vasitəsilə nüfuzunu dinamik artıran “geosiyasi şüa” yaradır. Hər iki özəllik sintezdə Azərbaycana bütövlükdə davamlı geosiyasi platforma formalaşdırmaq imkanı meydana gətirir ki, kənar təsirlərə dayanıqlı olan əməkdaşlıq sahəsi yaranır.

Bununla geosiyasətdə “Əliyev üçbucağı”nın ümumi mənzərəsi aydınlaşır. Onun əsas əlamətlərindən biri “yumşaq təsirlər” vasitəsilə əməkdaşlıq sahəsinin genişlənməsi və eyni zamanda, Azərbaycanın əməkdaşlığın strateji paytaxtı keyfiyyətində nüfuzunun artmasıdır. Bu prosesin maraqlı özəllikləri son aylar daha geniş geosiyasi məkanda özünü gəstərmişdir.

2 geosiyasi qütbün orta gücü

Bu, ümumiyyətlə, müasir geosiyasətdə maraqlı nəzəri və praktiki fenomendir. Məsələ Azərbaycanın regional lider statusunda dünyanın iki böyük geosiyasi gücü hesab olunan ABŞ ilə Çin münasibətlərinə təsir edə biləcək birləşdirici rol oynamağa başlaması ilə əlaqəlidir. Biz heç də bu prosesin son nəticəsi haqqında birmənalı proqnoz vermək fikrində deyilik. Çünki indi qlobal səviyyədə geosiyasi proseslərin vahid məntiqi gedişatı yoxdur və çoxlu sayda gözlənilməz situasiyaslar ortaya çıxır. Burada bizi Azərbaycanın qlobal miqyasda atdığı addımların mahiyyətinin fəlsəfi izahı maraqlandırır. Yəni Bakı öz təşəbbüsləri ilə hansı məzmunda geosiyasi proseslərə təkan verir?

Suala iki səviyyədə cavab axtarışları bizcə, doğru olardı. Onlardan biri rəsmi Bakının “3+3” formatını reaktuallaşdırması ilə bağlıdır. Həmin formatın təməl platforması 3 Cənubi Qafqaz dövlətinin əməkdaşlıq perspektividir. Bu anlamda əməkdaşlıq platformasının mərkəzi motivəedici əməkdaşlıq gücü bu region dövlətləridir. Həmin özül üzərində regional əməkdaşlıq və təhlükəsizliyin sığortası kimi Rusiya, Türkiyə və İranın əməkdaşlıq “üçbucağı”nı genişləndirmələri olmalıdır. Bunun üçün üç böyük dövlət təhlükəsizliyin təmini əsasında əməkdaşlığı daha geniş geosiyasi miqyasa proyeksiya etmək funksiyasını yerinə yetirməlidir. Belə bir transformasiyanın əsas kommunikativ “mediatoru” Zəngəzur Dəhlizi ola bilər. Buna alternativ yoxdur. Həmin məqamda “3+3” formatı ilə Orta Dəhliz kommunikasiya xətti vahid geosiyasi məkana daxil olurlar. O məkanın bütövlüyünün stimulverici faktoru Azərbaycanın roludur.

Deməli, təməlində “Əliyev üçbucağı” əməkdaşlıq platformasının dayandığı “3+3” maraqlı formada qlobal miqyasda geosiyasi qütblərin münasibətlərinə təsir edə biləcək “yumşaq güc”ə transformasiya olunmaq şansına malikdir. Artıq nəzəri olaraq bunun iki əlaməti haqqında danışmaq olar.

Geosiyasi qütbə “aparan sülh”

Əlbəttə, bu kontekstdə “aparan sülh” ifadəsi metaforadır. Mənası Azərbaycan Respublikası dövlətinin sülhsevər konsepsiyasının əsaslı və perspektivli olması sayəsində dünya miqyasında getdikcə daha çox təsirə malik ölkəyə çevrilməsi ilə bağlıdır. Həmin aspektdə Azərbaycan orta güc olaraq xüsusi identikliyə malikdir. Yəni Azərbaycan orta güc səviyyəsində olmasa idi, indiki uğurlara çata bilməzdi. Ölkəmizin orta güc kimi formalaşmasında isə əməkdaşlıq formatlarının rolu böyük olmuşdur. Azərbaycanın da orta güc kimi özəllikləri buradan qaynaqlanır.

Ermənistanla münasibətlərin normallaşması prosesinin Vaşinqton Sazişinə aparması vurğuladığımız məntiqi gedişat prizmasında izahediləndir. Azərbaycan davamlı olaraq hər qonşusu ilə əməkdaşlığa, dialoqa və təhlükəsizliyin təmininə can atdığını illərlə göstərdi. Bakının bu sülhsevərliyi indiki sonucu verdi. ABŞ-da paraflanan sənəd bu baxımdan uzun sürən aktiv fəaliyyətin birbaşa nəticəsidir. Həmin kontekstdə Prezident İlham Əliyevin Vaşinqtonda jurnalistlərə verdiyi müsahibədə ifadə etdiyti aşağıdakı fikirlər əsas məqamlara aydınlıq gətirir.

Azərbaycan Prezidenti demişdir: “...bu gün 907-ci düzəliş əsasən siyasi və rəmzi məna daşıyır. Bu, artıq ədalətsizliyin artıq aradan qalxdığını göstərir. Beləliklə, bu, Prezidentin adından çox mühüm siyasi jest idi. Eyni zamanda, bu gün onun ofisində bu sənədlə bərabər, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması haqqında sənədi də imzaladıq. Bu iki mühüm hadisə bu gün baş verib. Buna görə də mən avqustun 8-ni dövlətlərarası münasibətlərimizdə tarixi gün hesab edirəm və bu da bütün regiona çox müsbət təsir göstərəcək. Şübhəsiz ki, bu gün Azərbaycan ilə Ermənistan arasında baş verənlər Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyənlərin hamısı üçün, bütün region üçün çox əhəmiyyətli olacaqdır”.

Deməli, Azərbaycanla ABŞ arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bir tərəfdən iki dövlətin münasibətlərində tarixi dönüşdür, digər tərəfdən isə regional və qlobal təsirləri olacaq hadisədir. Bu prizmada Azərbaycanın Çin istiqamətində fəaliyyəti diqqətləri çox çəkir.

Çin hazırda dünyanın ikinci ən güclü geosiyasi qütbü hesab olunur. Bakının bu istiqamətdə əməkdaşlıqla bağlı həyata keçirdiyi formatlar praktiki səmərəsini verir. Onlar həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində irəli sürülür. Bununla yanaşı, ŞƏT formatından da Bakı imtina etmir. Bu barədə Azərbaycan Prezidenti “ŞƏT+” formatında çıxışı zamanı mühüm tezislər irəli sürmüşdür. Dövlət başçısı demişdir: “Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.

Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.

Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.

Əməkdaşlıq və ortaq maraqlar

Azərbaycanın üçtərəfli əməkdaşlıq platformalarından geosiyasi qütblər miqyasında əməkdaşlığa töhfə verməsi dövlətçilik və yeni düzənin formalaşması baxımından mühüm hadisədir. Əgər 30 il bundan öncəki vəziyyətə baxsaq, bu tezisin geosiyasi əhəmiyyətini aydın görə bilərik. O dönəmdə Heydər Əliyevdən başqa hansı siyasi liderin Azərbaycan dövlətinin bu möhtəşəm inkişafına inandığını deyə bilmərik. Lakin faktdır ki, Ulu öndərin liderliyi əsasında Azərbaycanın müstəqil dövlətçiliyi davamlı olaraq həm möhkəmləndi, həm də səmərəli əməkdaşlıq platformaları sayəsində dövlətin təsir dairəsini pillə-pillə genişləndirdi.

Bu zaman Azərbaycan hər yeni səviyyədə yeni əməkdaşlıq sahəsində digər dövlətlərlə ortaq maraqları uyğunlaşdıra bildi. Bizcə, bu məqam Prezident İlham Əliyevin əməkdaşlıq platformalarına xas olan çox əhəmiyyətli faktordur. Zəngəzur dəhlizi nümunəsində həmin özəlliyin vacibliyini görə bilərik. Prezident İlham Əliyevin yuxarıda gətirdiyimiz fikirləri onu ifadə edir ki, Zəngəzur dəhlizini Orta və Şimal-Cənub dəhlizlərinin “mühüm seqmenti” kimi qəbul etmək gərəkdir.

Bu keyfiyyətdə Zəngəzur dəhlizi, birincisi, sülhü möhkəmləndirəcək, ikincisi, çoxtərəfli əməkdaşlığı inkişaf etdirəcək, üçüncüsü, Azərbaycanın bütün istiqamətlərdə yaxın və uzaq qonşularına fayda verəcək. Sülh, çoxtərəfli əməkdaşlıq və qonşulara fayda yalnız ortaq maraqların mövcud olduğu şəraitdə bir-birini tamamlaya bilər. Və Zəngəzur dəhlizi çoxlu sayda dövlətin ortaq maraqlarının təmin edildiyi “mühüm seqment”dir.

Strateji prioritetlərin uyğunlaşdırılması

Azərbaycanın əməkdaşlıq platformalarının fərqli cəhətlərindən biri çoxlu sayda dövlətlərlə strateji prioritetləri uyğunlaşdırmağın xüsusi yer tutmasıdır. ABŞ və Çindən sonra Böyük Britaniyanın da Azərbaycanla strateji tərəfdaş səviyyəsində münasibət qurmağa başlaması bu baxımdan diqqətləri çox çəkir. Dövlət naziri Stiven Dautinin Bakıya səfərdən sonra rəsmi Londonun Azərbaycanı Cənubi Qafqazda Böyük Britaniyanın ən mühüm tərəfdaşlarından biri bəyan etməsi adi hal deyil. Məlumdur ki, Böyük Britaniya Avropa İttifaqını tərk etmişdir. Belə alınır ki, yalnız Aİ üzvləri deyil, bütövlükdə Avropanın güclü dövlətləri (Fransa istisna olmaqla) Azərbaycanla strateji tərəfdaşlıqda maraqlıdırlar.

Bunlardan qlobal miqyasda Azərbaycanın əməkdaşlıq imkanları kontekstində maraqlı nəticə alınır: Azərbaycan dünyanın üç böyük geosiyasi güc mərkəzi ilə strateji prioritetləri uyğunlaşdırmağa imkan verən münasibətlər sistemini qurmuşdur. Bu artıq qlobal miqyasda Azərbaycanın strateji əməkdaşlıq qurması prosesində yeni dönəmin başlaması deməkdir. Onun meydana gəlməsi üç mərhələdən keçmişdir.

Birinci mərhələdə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Cənubi Qafqaz miqyasında əməkdaşlıq platformalarının qurucusu kimi özünü təsdiq etmişdir. Bu zaman rəsmi Bakı başlıca olaraq regional miqyasda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarını reallaşdırmışdır.

İkinci mərhələdə Azərbaycan əsas olaraq üçtərəfli əməkdaşlıq platformasını regionlararası miqyasa proyeksiya etmək üçün regional təşkilatların imkanlarından yararlanmışdır. Nəticədə Azərbaycan regionlararası miqyasda da çoxlu sayda dövlətin əməkdaşlığını təşkil edən ölkə səviyyəsinə yüksəlmişdir. Bu keyfiyyətdə Azərbaycan özünəməxsus orta gücə çevrilmək imkanlarını xeyli genişləndirmişdir.

Nəhayət, üçüncü mərhələdə dünyanın böyük geosiyasi gücləri ilə münasibətləri sülhsevərlik və qarşılıqlı faydalı əməkdaşlıq platformasında inkişaf etdirməklə Azərbaycan həm orta güc kimi özünü təsdiq etmiş, həm də məzmunca yeni əməkdaşlıq platforması yaratmışdır.

Başqa sözlə, üçtərəfli əməkdaşlıq formatları şəbəkəsinin formalaşdırılması sayəsində üç geosiyasi qütb – ABŞ, Avropa və Çin arasında münasibətlərin konstruktiv istiqamətə yönəldilməsi müəyyən çizgilər almağa başlamışdır. Şübhə yoxdur ki, Azərbaycan bu istiqamətdə müsbət nəticə verə biləcək səylərini davam etdirəcək.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət