Azərbaycanın Özbəkistandakı səfirliyinin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Daşkəndin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev abidənin qarşısına əklil qoyduqdan sonra müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib.
Səfir bildirib ki, Ulu Öndərin dövlət təhlükəsizlik orqanlarında, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətlərdə Azərbaycanın inkişafı və tərəqqisi istiqamətində göstərdiyi xüsusi xidmətlər heç zaman unudulmayacaq.
Diplomat deyib ki, Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin əsası ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu gün bu səmimi dostluq münasibətləri Azərbaycan və Özbəkistanın dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd




