Tarixi hadisə reallaşdı. Dünən Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanıldı. İlkin mərhələdə ildə ölkəyə 1,2 milyard kubmetr təbii qazın verilməsi planlaşdırılır. Bununla Azərbaycan qazının ixrac olunduğu ölkələrin sayı 14-ə çatdı. Əlbəttə, söhbət təkcə ölkəmizə məxsus enerjinin idxalçılarının sayının artmasından getmir.
Tam əminliklə deyə bilərik ki, Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ilə Azərbaycandan Suriyaya qaz nəqlinin başlanması ölkəmizin regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasına töhfə baxımından da vacibdir. Eyni zamanda, ölkəmiz özünün etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirir.
Digər tərəfdən, Azərbaycanın Suriyaya qaz ixracı ölkəmizin Yaxın Şərq siyasətində iştirakçılığının real forma və məzmun daşıdığının sübutudur. Özlüyündə Suriyanın bu siyasətdə mühüm halqanı təşkil etdiyini söyləyə bilərik. Çünki ölkənin coğrafi mövqeyi onu mühüm strateji məntəqə halına gətirir. Rəsmi Bakı bu məqamı nəzərə alır.
Ümumən, Azərbaycan münaqişədən sonrakı dövrdə Suriyanın inkişafına, ölkədəki bərpa-quruculuq prosesinə töhfə verməyə hazırlığını lap əvvəldən bəyan edib. Bu məram ilk dəfə 2024-cü ilin dekabrında Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığında ifadə olunub. Dövlətimizin başçısı söhbət zamanı Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş ölkə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu vurğulamışdı. Cənab Ərdoğan isə bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyindən məmnunluğunu dilə gətirmişdi.
Prezident İlham Əliyevin hər fikri və sözünün reallıqla dərin fiksasiya mahiyyəti var. Deməli, telefon danışığında ifadəsini tapan məramın reallaşdırılması istiqamətində tədbirlərin görüləcəyini proqnozlaşdırmaq olardı. Ehtimallar özünü doğrultdu. 2025-ci il mayın 4-də ölkəmizin baş nazirinin müavini Samir Şərifovun rəhbərliyi ilə nümayəndə heyətimiz Suriya səfərdə oldu. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq gerçəkləşmiş səfər Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıdı.
Bundan əvvəl, konkret desək, aprel ayında Antalya Diplomatik Forumunda Prezident İlham Əliyevlə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında görüş keçirilmişdi. Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edən Əl Şaraa həmin görüşü məmnunluqla xatırlayaraq, ölkəsinə səfər missiyanın qısa müddətdə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdi. Görüş zamanı S.Şərifov Suriya liderinə Prezident İlham Əliyevin Azərbaycana dəvət məktubunu təqdim etmişdi.
O da məlumdur ki, Azərbaycan ilk rəsmi nümayəndə heyətini Dəməşqə hələ ötən ilin dekabrında ezam etmiş və 12 ildən sonra bu ilin fevralında ölkəmizin Suriyadakı səfirliyinin fəaliyyəti bərpa olunmuşdu. Prezident İlham Əliyevin Əhməd Əl Şaraanı ölkəmizə dəvətinə gəlincə, məlumdur ki, ikincinin Bakıya səfəri iyulun 12-də gerçəkləşdi. Səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə Suriya hökuməti arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Sənəd Türkiyə üzərindən Suriyaya təbii qazın tədarükü, enerji və neft axtarışı sahələrində əməkdaşlıq və əlaqələndirməni nəzərdə tutdu. Deməli, Suriyaya qaz ixracının başlanmasını həm də sözügedən memorandumun müddəalarının reallaşdırılması aspektindən qiymətləndirə bilərik. Onu da bildirək ki, memorandumda tərəflər, həmçinin enerji infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəldilər.
Ancaq Əhməd Əl Şaraanın ölkəmizə səfəri çərçivəsində yalnız enerji sahəsində anlaşmanın əldə olunmasına baxmayaraq, Suriyanın yenidən qurulması, təhsil və mədəniyyət kimi digər sahələrdə gələcək əməkdaşlığa dair də fikir mübadiləsi aparılmış, suriyalı tələbələrin təqaüdlə Azərbaycanda təhsil almaları məsələsində razılıq əldə olunmuşdu. Heç şübhəsiz, bu razılıq da özünü praktik fəaliyyətdə göstərəcək.
Bir məqamı da vurğulayaq ki, Azərbaycanın Suriyaya yanaşması sistemli xarakter daşıyır. Bunun isə bir neçə səbəbi var. Ən başlıca səbəb odur ki, 2023-cü ildən etibarən Azərbaycanın xarici siyasətində yeni prioritetlər formalaşıb və həmin prioritetlərə Yaxın Şərq, Şimali Afrika və Körfəz ölkələri ilə münasibətlərin genişləndirilməsi daxildir. Əvvəldə Suriyanın coğrafiya əhəmiyyətini əbəs yerə vurğulamadıq. Bir daha məsələyə qayıdaraq deyək ki, bu ölkə geniş coğrafiyada açar nöqtələrdən biridir.
Azərbaycan üçün Suriya ilə münasibətlərin sağlam qurulması həm də ona görə vacibdir ki, yaşadığımız yaxın tarix var və həmin tarixin Bəşər Əsəd hakimiyyəti zamanında Suriyada ölkəmizə qarşı yönəlmiş bəzi terrorçu elementlər fəaliyyət göstərib. Bundan başqa, ölkədə erməni lobbisinin təsiri olub və bu, ikitərəfli münasibətlərə mənfi təsir göstərib. Deməli, risklərin gələcəkdə təkrarlanmaması şərtdir. Ona görə də Suriya ilə münasibətlər açıq, praqmatik və davamlı olmalıdır.
Önəmli məsələlərdən biri də Suriyanın Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə uzun quru sərhədə malikliyidir. Deməli, bu baxımdan da ölkənin yerləşdiyi regionda sabitliyin bərpası və iqtisadi-ticari əlaqələrin inkişafı mühüm əhəmiyyət daşıyır.
Bütün bunlarla yanaşı, Suriyanı Azərbaycan üçün vacib edən bir cəhət də var. Ölkə xalqımızın tarixi-mədəni arealına daxildir. Məsələn, Hələb mədəniyyətimizin ayrılmaz hissəsi kimi qəbul edilən şəhərdir. Eyni zamanda, hələ orta əsrlərdə azərbaycanmənşəli sənət dühalarının Suriya ilə əlaqələrini yaddan çıxarmamalıyıq. Deməli, bugünkü Azərbaycan-Suriya əməkdaşlığı həm də ölkəmizin öz zəngin irsinə sahiblənmək prioritetini də daşımaqdadır.
Sonda onu da deyək ki, Prezident İlham Əliyevin şəxsində dövlətimizin çoxşaxəli siyasət kursu üçün strateji hədəf amili son dərəcə vacibdir. Bu barədə söz açarkən Azərbaycan qazına tələbatın artdığını vurğulamalıyıq. Tələbat isə rəqabət doğurur. Belə bir şəraitdə diversifikasiya imkanlarını genişləndirməyimiz önəmlidir. Yəni, hədəfimiz təkcə Avropa bazarı olmamalıdır. Qarşımızda yeni coğrafiya - Yaxın Şərq var. Bu mənada Suriya tranzit ölkə rolunu oynaya bilər.
Nəzərə alaq ki, Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, onun bərpası mümkündür. Yəni, Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılma perspektivi var. Onu da deyək ki, Suriyaya qaz idxalı ümumən enerji idxalı ilə bağlı da imkanlar açır. Azərbaycan isə həm də elektrik enerjisi istehsalçısıdır. Yəni, bu gün qaz, sabah elektrik enerjisi. Deməli, yeni imkanlar dedikdə, ölkəmizin Yaxın Şərq regionuna da elektrik enerjisi ixrac edə bilməsindən söz açmaq mümkündür.
Ə.CAHANGİROĞLU
XQ