Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi nümayəndələri və ANAMA yanında İctimai Şura üzvləri Universitetdə təhsil alan tələbələrlə görüş keçirib.
XQ xəbər verir ki, görüşün əsas məqsədi tələbələrin mina təhlükəsi barədə məlumatlandırılması, onların bu istiqamətdə maarifləndirilməsi, ictimai fəaliyyətlərə daha fəal şəkildə cəlb olunması, eləcə də bu sahədə könüllü təşəbbüslərdə iştirakının artırılması və sosial məsuliyyət hissinin gücləndirilməsidir.
Tədbirdə Qarabağ Universitetinin birinci prorektoru Fariz Əhmədov, universitet əməkdaşları Elnur Babayev və Lamiyə Məmmədova, ANAMA-nın İdarə Heyəti sədrinin müşaviri Fikrət Vəliyev, Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov iştirak ediblər. Eyni zamanda ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev, sədr müavini Emil Həsənov və şura üzvləri Musa Mərcanlı, Hafiz Əzimzadə, Xatirə Vəliyeva, Könül Quliyeva və Rəşad Mehdiyev də tədbirdə iştirak ediblər. Tədbir ANAMA yanında İctimai Şuranın fəaliyyət planına uyğun olaraq keçirilib.
Tədbir çərçivəsində ANAMA nümayəndələri tərəfindən mina təhlükəsinin yaratdığı risklər, azad olunmuş ərazilərdə mövcud vəziyyət və təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib. Bildirilib ki, mina təhlükəsi hələ də region üçün ciddi problem olaraq qalır və bu sahədə maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət daşıyır. Mina və digər partlayıcı sursatların nümunələri nümayiş olunaraq müəllim və tələbə heyətinə bu barədə müfəssəl məlumat verilib.
İctimai Şura üzvləri çıxışlarında gənclərin bu prosesdə rolunu xüsusi vurğulayıb, onların cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında fəal iştirakının vacibliyini qeyd ediblər. Tələbələrə mina təhlükəsi ilə bağlı düzgün davranış qaydaları və əldə etdikləri məlumatların öz yaxınları, həmyaşıdları ilə də paylaşmalarının zəruriliyi diqqətə çatdırılıb.
Görüş çərçivəsində Qarabağ Universitetinin könüllüləri arasından mina təhlükəsi ilə bağlı maarifləndirmə sahəsində əməkdaşlıq edəcək 50 nəfər tələbə seçilib. Gələcəkdə də bu istiqamətdə universitet tələbələri ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Görüş interaktiv formatda davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.










