Minsk qrupu ilə bağlı strukturlar bağlanmalıdır!

post-img

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin “Helsinki+50” konfransı çərçivəsində verdiyi bəyanatında bildirilir ki, ATƏT prinsiplərinin onilliklər ərzində selektiv şəkildə tətbiqi təşkilatın etibarlılığına zərbə vurub və regionda təhlükəsizliklə əməkdaşlığına mənfi təsir göstərib.

Azərbaycan Ermənistanın hərbi təcavüzü və ərazilərinin uzun müddət işğal altında saxlanılması fonunda ATƏT-in təsis sənədlərində əks olunmuş prinsiplərin kobud şəkildə pozulmasının ağır nəticələri ilə üzləşib. Münaqişənin ilk mərhələsindən başlayaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü pozulub, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu müddət ərzində ATƏT və onun mandatına daxil olan qurumlar münaqişənin həllinə yönəlik real nəticələr ortaya qoya bilməyiblər.

Helsinki prinsiplərinin bəzi iştirakçı dövlətlər tərəfindən təhrif olunması, selektiv yanaşma və ikili standartların tətbiqi ATƏT məkanında qeyri-sabitliyə, münaqişələrin uzanmasına və onların yenidən alovlanması riskinin artmasına səbəb olub. Xalqların öz müqəddəratını təyinetmə hüququ bəzi dövlətlər tərəfindən başqa ölkələrin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlib, təcavüzkar əməlləri əsaslandırmaq üçün təhrif olunub. Bu isə sülh proseslərinə maneələr yaradıb.

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin bəyanatında qeyd edilir ki, ATƏT prinsiplərinə tam və qərəzsiz əməl olunması, təşkilatın bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi münaqişələrin həllinə mühüm töhfə verə bilər. Lakin 1992-ci ildə yaradılmış Minsk qrupu formatı illər ərzində münaqişənin ədalətli həllinə nail ola bilmədi. Həmsədr dövlətlər arasında koordinasiya çatışmazlığı, siyasi iradənin olmaması və qərəzli yanaşmalar Minsk prosesini formal və nəticəsiz platformaya çevirdi.

Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etdi ki, bununla da ATƏT-in uzun illər ərzində yerinə yetirə bilmədiyi mandatı özü həyata keçirdi. Bu addım regionda sülh və sabitlik üçün yeni imkanlar yaratdı. Bu şəraitdə Minsk qrupunun və digər srtukturların, o cümlədən Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT sədrinin şəxsi nümayəndəliyinin saxlanması hüquqi və siyasi baxımdan məntiqsizdir. Xüsusilə, 2020-ci ildən sonra cəbhə xəttinin aradan qalxması və Azərbaycanın sərhədlərinə nəzarətin bərpası şəraitində ATƏT sədrinin şəxsi nümayəndəsinin funksiyaları qeyri-funksional hala gəlib. Lakin bu struktura hər il yüz minlərlə dollar ayrılması təşkilatın səmərəliliyi ilə bağlı haqlı suallar doğurur. Məsələn, təkcə 2021-ci ildə bu vəzifəyə 1,179,700 ABŞ dolları ayrılıb.

1994-cü ildə yaradılmış Yüksək Səviyyəli Planlaşdırma Komitəsi isə illərdir fəaliyyətsiz qalıb. Heç bir sülhməramlı missiya həyata keçirilməmiş, struktur, sadəcə, formal olaraq mövcudluğunu davam etdirib.

***

Bu gün Minsk qrupunun fəaliyyəti yoxdur. Hazırda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlar davam edir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin qayıdışı sürətlənir. Bu proseslər Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və regionda davamlı sülhün təmin olunması istiqamətində atılan mühüm addımlardır. 2025-ci ildə bu istiqamətlər Azərbaycanın əsas fəaliyyət sahələrindən biri olaraq qalır.

Maraqlı məqamlardan biri odur ki, aparılan ikitərəfli danışıqlarda ATƏT-in Minsk qrupu iştirak etmir. Bu isə haqlı olaraq qurumun bu günə olan funksionallığı və ehtiyaclılığı ilə bağlı suallar doğurur. Bir sözlə, Minsk qrupunun əsas fəaliyyəti sülhə nail olmaq deyil, formal bəyanatlar vermək və beynəlxalq tədbirlərdə iştirakı ilə məhdudlaşırdı. Məcburi köçkünlərin geri qayıdışı məsələsində də bu qurum heç bir təsirli təşəbbüs irəli sürmədi. Parisdə, digər şəhərlərdə keçirilən beynəlxalq konfranslar, əslində, real nəticələrə deyil, daha çox görüntü yaratmağa xidmət etdi.

Reallıq ondan ibarətdir ki, Azərbaycan bu günə qədər münaqişənin beynəlxalq hüquq çərçivəsində və ədalətli həllinə nail olmaq üçün səbirli və konstruktiv mövqe sərgiləyib. Lakin illərlə bu mövqeyə ATƏT-in Minsk qrupu tərəfindən lazımi dəstək göstərilmədi. Bu gün regionda yaranmış yeni reallıqlar fonunda, Bakı və İrəvan arasında birbaşa danışıqlar və ikitərəfli mexanizmlər vasitəsilə sülhə nail olunması daha real və effektiv yoldur.

Bu baxımdan, Minsk qrupunun fəaliyyətsizliyini və nəticəsizliyini nəzərə alaraq, onun bu günkü sülh prosesində iştirakına ehtiyac qalmayıb. Mövcud vəziyyət bir daha göstərir ki, real nəticələrə yalnız tərəflər arasında birbaşa dialoq vasitəsilə nail olmaq mümkündür.

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində ATƏT-in keçmişin qalıqları olan bir sıra mexanizmlərinin – bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli XQ-yə bildirdi ki, Azərbaycan bu strukturların ləğvini və ATƏT-in resurslarının daha səmərəli istiqamətlərə yönəldilməsini zəruri hesab edir: “Hesab edirəm ki, belə bir qurumun strukturunu saxlamaq bölgədə münasibətlərin normallaşmasını istəməyən güc mərkəzlərininin maraqlarına uyğundur. Onlar çalışırlar ki, Minsk qrupu mövcudluğunu davam etdirsin və əllərində təsir vasitələri olsun. Ancaq Azərbaycan mövqeyini ortaya qoyub. Bu mövqe ona əsaslanır ki, artıq münaqişə həllini tapıb və Minsk qrupunun fəsliyyətinə son qoyulmalıdır”.

***

Politoloq Tural İsmayılov də hesab edir ki, Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin “Helsinki+50” konfransı çərçivəsində verdiyi bəyanat həm prinsipial, həm də strateji cəhətdən ciddi əhəmiyyətə malikdir: “Burada açıq şəkildə ATƏT-in son onilliklərdə ikili standartlarla hərəkət etdiyi və selektiv yanaşmanın qurumun etibarlılığını zəiflətməsi vurğulanır. Bu, Azərbaycanın yalnız öz maraqları naminə deyil, ümumən beynəlxalq təhlükəsizlik və hüququn nüfuzu naminə etdiyi xəbərdarlıqdır. Xüsusilə Minsk qrupuna yönəlik tənqid – onun fəaliyyətsizliyi və real nəticə doğurmayan, status-kvonu qorumağa yönəlmiş “vasitəçiliyi” – Azərbaycanın haqlı mövqeyini bir daha gücləndirir. Bu struktur tarixi missiyasını itirib və onu formal olaraq ləğv etməyin vaxtıdır. Nümayəndəliyin “ləğv olunmalıdır” ifadəsi artıq ritorik deyil, hüquqi və siyasi çağırışdır”.

Ekspertə görə, Azərbaycan ATƏT daxilində mövcud olan ədalətsizlikləri və ikitərəfli yanaşmaları ifşa etməklə yanaşı, yeni təhlükəsizlik arxitekturası üçün regional güc mərkəzi kimi sözünü deyir: “Qısası, bu bəyanat həm ATƏT-ə, həm də ona arxalanan dairələrə açıq mesajdır: artıq yeni reallıq var və bu reallığın adı Azərbaycan gerçəkliyidir”.

Beləliklə, təşkilat yalnız keçmiş təcrübələrdən dərs çıxararaq və dəyişən reallıqlara uyğunlaşaraq gələcəkdə effektiv təhlükəsizlik platforması kimi fəaliyyət göstərə bilər. Transmilli təhdidlərə və qeyri-hərbi təhlükəsizlik çağırışlarına cavab verən əməkdaşlıq modellərinin təşviqi ATƏT-in fəaliyyətində əsas istiqamətlərdən biri olmalıdır.

Azərbaycan bir daha ATƏT prinsiplərinə – suverenlik, ərazi bütövlüyü, dövlətlərin bərabərliyi və daxili işlərə qarışmamaq prinsiplərinə sadiqliyini, təşkilatla əməkdaşlığa öz milli maraqları çərçivəsində açıq olduğunu bəyan edir. Bu yanaşma Azərbaycanın post-münaqişə dövründə özünü güclü və təsirli regional güc kimi təsdiqlədiyinin əyani göstəricisidir.

Pünhan ƏFƏNDİYEV
XQ

 





Siyasət