"Türkiyə bizim ana vətənimiz, Azərbaycan isə ata vətənimizdir"

post-img

Bunu XQ-yə açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç deyib.

O, vurğulayıb ki,  “Bir millət, üç dövlət” prinsipi çərçivəsində  Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycanın universitetləri arasında əlaqələr inkişaf etdirilir:

"Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan universitetləri  arasında yeni bir əməkdaşlıq mərhələsi başlayıb. Bu yeni mərhələ çərçivəsində bizə verilən vəzifə və məsuliyyətləri yerinə yetirməyə çalışırıq.

Doğu Akdeniz Universiteti olaraq Azərbaycanda dövlət universitetləri ilə əlaqələri inkişaf etdiririk. Cənab nazirimiz Nazım Çavuşoğlunun rəhbərliyi ilə Azərbaycana səfər etdik.  

Şimali Kipr Türk Cümhuriyyətinin iki dövlət universiteti olaraq, Doğu Akdeniz Universiteti və Lefke Avropa Universiteti ilə birlikdə azərbaycanlı gənclərimizi Şimali Kiprdə ali təhsilin bir parçası halına gətirmək və bu sahədə məlumatlandırıcı işlər görürük. Doğu Akdeniz Universiteti 46 ildir fəaliyyət göstərir və adanın ən qədim və ən nüfuzlu təhsil ocaqlarından biridir. Hazırda 78 min məzunumuz var. Universitetimizdə 110 fərqli ölkədən tələbə təhsil alır və 40-dan çox ölkədən professor-müəllim heyətimiz fəaliyyət göstərir. Biz Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik.

Üç ölkə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan,  Azərbaycan Prezidenti İlham Əliyev və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın  “Bir millət, üç dövlət” vizyonu çərçivəsində atdığı addımlara uyğun olaraq, biz də hörmətli nazirimizin rəhbərliyi ilə bu əlaqələri genişləndirmək üçün Bakıya səfər etdik. İmkanlarımızı və universitetlərimizi tanıdaraq azərbaycanlı tələbələri ölkəmizdə təhsil almağa dəvət edirik.

Əvvəllər universitetimizdə çoxlu sayda azərbaycanlı tələbələr təhsil alırdı, təxminən 500 nəfərə qədər. Hazırda isə bu say 70 civarındadır. Biz istəyirik ki, onların sayı yenidən artsın. Universitetimizdə 13 fakültə fəaliyyət göstərir. Tibb fakültəsi, mühəndislik, biznes idarəçiliyi, turizm, stomatologiya və digər səhiyyə sahələri üzrə ixtisaslar təklif edirik. Hazırda 216 fərqli proqram üzrə təhsil verilir,  bakalavr, magistratura və doktorantura səviyyələrində. İki ölkə arasında təhsil sahəsində əməkdaşlığımızı güclü bir platformada davam etdirəcəyik.

Bakıya səfər çərçivəsində çox sıx və məhsuldar bir proqram həyata keçirdik. Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə görüşümüz baş tutdu. Cənab nazirlə təhsil imkanlarımızı, təqaüd proqramlarımızı müzakirə etdik. Səfərimiz həm də universitetimizin yüksək təhsil keyfiyyətini tanıtmaq və Azərbaycan gənclərinin gələcəyini planlaşdırarkən onlara necə dəstək verə biləcəyimizi izah etmək məqsədi daşıyırdı". 

Siyasət