Dövlətçilik uğrunda savaş yeni mərhələdə

post-img

III məqalə

Prinsipial mövqe

Gənc nəslə strateji sərvət kimi diqqət göstərilməsi dövlətçilik savaşında prinsipial mövqeni ifadə edir. Çünki indi bir sıra kənar dairələr əsas olaraq Azərbaycan dövlətçiliyini içəridən sarsıtmağa üstünlük verirlər. Vətən müharibəsi göstərdi ki, Azərbaycan dövlətini hərbi güclə zəiflətmək və ya onun dayaqlarını laxlatmaq mümkün deyildir. Əksinə, kənardan təzyiq və təhlükə nə qədər yüksək olursa, cəmiyyət bir o qədər birləşir. Bu birliyin əsas qüvvəsini isə gənclər təşkil edir. Azərbaycan gəncləri II Qarabağ müharibəsində böyük qəhrəmanlıq və dəyanət nümayiş etdirdilər. Bir nəfər də olsun fərarilik etmədi. Əksinə, yüz minlərlə azərbaycanlı gənc döyüş meydanına can atırdı. Çox qısa müddətdə aydın oldu ki, azərbaycanlı gənclərin mənəvi hazırlığı yüksək səviyyədədir. Onlarda vətənpərvərlik duyğusu böyükdür. 

Bu səbəblərdən, Azərbaycan dövlətçiliyi uğrunda savaş postmüharibə mərhələsində tədricən mənəvi, əxlaqi, ideoloji və mədəni müstəviyə transfer etdi. Hazırda geniş anlamda, Azərbaycan dövlətçiliyi uğrunda savaş hər şeydən öncə Azərbaycan insanı uğrunda mübarizə xarakteri almışdır. Bu məqam cəmiyyət üçün yeni vəzifələri meydana çıxarır. İlham Əliyevin gənclərə müraciətinin təməlində bu məsələ dayanır. Burada təbii ki, milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiqlik xüsusi yer tutmalıdır. O da sağlam ailə məsələsinə yeni səviyyədə strateji anlam verir. Dövlətçilik və sağlam ailə mövzusu bu baxımdan bir-biri ilə sıx əlaqədə nəzərdən keçirilməlidir. Azərbaycan Prezidentinin sözün həqiqi mənasında sağlam ailə modelini yeni tarixi mərhələdə dövlətçilik uğrunda mübarizədə ön sırada görməsi gerçəkliyə tam uyğundur.

Azərbaycan cəmiyyətində ailə

İndi sosial şəbəkələrdə və KİV-də ailə ilə bağlı informasiyalara böyük həssaslıq yaranmışdır. Azərbaycan cəmiyyəti həmişə ailənin mənəvi-əxlaqi dayaqlarına ciddi surətdə bağlı olduğundan toplum bu məsələni indi də öz mənəvi sağlamlığının mərkəzi və əsas təşkiledici faktoru kimi təsəvvür edir. Ailə Azərbaycan cəmiyyətinin ənənəsində çox ağır və xüsusi rolu olan faktor kimi qəbul edilmişdir. Çünki Azərbaycan cəmiyyətinin özüntəşkili fəlsəfəsinin dayağı və əsas daşıyıcı subyekti məhz ailədir. Bu baxımdan Azərbaycan ailəsinin sağlamlığı uğrunda mübarizə avtomatik olaraq Azərbaycan cəmiyyəti və dövlətçiliyi uğrunda savaş kimi qəbul edilir. 

Prezident İlham Əliyevin lider olaraq doğru addımı ondan ibarətdir ki, dövlət quruculuğunda Azərbaycan ailəsi faktorunu vətəndaş cəmiyyətinin inkişafının mərkəzinə yerləşdirmişdir. Bu mənada, obrazlı desək, “hər şey ailədən başlayır”. Lakin onunla məhdudlaşmır. Çünki Azərbaycan dövlətçiliyində ailənin sağlamlığının bir aspekti törəyə bağlıdırsa, digəri təhsillə əlaqəlidir. Yəni məktəbə dayanıqlıdır. Onların hər hansı birinin axsaması bütövlükdə ailədə və ümumi halda cəmiyyətdə ciddi problemlər yaradır. Biz məsələnin tarixi və siyasi aspektinə keçmədən öncə, bir mühüm sosial və ideoloji məqamı vurğulayaq. 

Ailənin təməllərini sarsıtma üsulları

Çoxdandır ki, Azərbaycan informasiya məkanında bu və ya digər aldadıcı üsullarla bir sıra dairələr Azərbaycan ailəsinin təməllərinin sarsıdılmasına yönəldilmiş informasiyaları tirajlayırlar. Bunu iki aspektdə etməyə çalışırlar. Birincisi, yad ailə modellərini Azərbaycan ailəsinin özünütəşkil qaydalarından daha mütərəqqi olduğunu təbliğ etməyə cəhdlər göstərirlər. Bunun üçün bütün əsrlərdə hər bir cəmiyyətdə rast gəlinən neqativ münasibətləri yalnız Azərbaycan ailəsinə aid etməyə çalışırlar. 

Məsələn, xüsusilə qadının hansısa cinayətini bizim ailə ənənələrimiz, dinimiz və dövlətçilik məfkurəmizlə bağlamağa çalışırlar. Son illərdə eyni fəndi Türkiyəyə tətbiq etmək cəhdlərinə rast gəlinir. Türkiyə ailələrinə əsasən ifrat açıq-saçıqlığı və ictimai yerlərdə qadınların geniş təhqir edilməsini aid etməyə çalışırlar. Bunun fonunda həm Türkiyədə, həm də Azərbaycanda ailələrdə heyvanlara sevgi deyil, qəddarlıq hissinin tərbiyə edildiyi görüntüsü yaratmaq tendensiyası özünü göstərir. 

İlk baxışdan gündəlik məişət həyatının prosesləri kimi görünən bu informasiyaların şüuraltı təsiri tamamilə fərqli məqsədlərə xidmət edir. Bununla “bir gülləyə iki hədəfi vurmaq” məqsədini güdürlər. Birincisi, konkret olaraq Azərbaycan cəmiyyətinin özünütəşkilinin bazası olan ailə modelini gözdən salır, onu artıq köhnəlik və şiddət “yuvası” kimi göstərməyə çalışırlar. İkincisi, bu neqativ halın ümumiyyətlə türk toplumlarına aid olduğu təəssüratı yaratmaq niyyəti aydın görünür. Yəni bütövlükdə türk ailə modeli müasir tələblərə cavab vermir. “Bəs nə etməli?” sualı buradan avtomatik yaranır. 

“Bizim qoçaq müasirlər” onun “dərmanı”nı da təqdim edirlər. Bunun üçün Qərbin və bütövlükdə xristian dünyasının ailələrini nümunə kimi göstərən “faktlar”ı “sakitcə” sırıyırlar. Məsələn, ingilis ailəsi necə istirahət edir və ya amerikan ailəsi hansı sürətlə ictimai yüksəlişə nail olur. Bunların fonunda yad ailələrin hansı böyük sevgi ilə heyvanlara münasibət göstərdiyini də təbliğ edirlər. Buna görədir ki, Azərbaycan Prezidenti yeni tarixi mərhələdə dövlətçilik kontekstində “ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir” tezisini xüsusi vurğulayır. 

Bu, adi yanaşma deyildir. Bizim yuxarıda sadəcə bir qismini vurğuladığımız neqativ prosesə dövlət və cəmiyyət səviyyəsində reaksiya verilməsi zəruriliyinin dəqiq ifadəsidir. Bəli, uşaq ailədə tərbiyə almalıdır, küçələrdə və ya yad məkanların üstünlük təşkil etdiyi yerlərdə yox! Ailə başçıları hər bir uşağının məsuliyyətini fərdi və ya tayfa səviyyəsində deyil, bütöv cəmiyyət miqyasında dərk etməlidir. Bu da kifayət etmir. Yeni tarixi mərhələ hər bir ailənin bu problemə birbaşa dövlətçiliyin gələcək taleyi kontekstində baxmasını tələb edir. 

Azərbaycan Prezidentinin ailə və gənclərin tərbiyəsi məsələsini birbaşa dövlətçilik uğrunda mübarizə kontekstində qoymasının tarixi, siyasi və ideoloji əsasları vardır. 

Ailə və cəmiyyətin özünüyaratması

Qədimdən Azərbaycan ailəsi bütövlükdə cəmiyyətin özünü yaratmasının əsas vahidi olmuşdur. Buna cəmiyyətdə üç qanunun (hüququn) qarşılıqlı əlaqəsi çərçivəsində nail olunmuşdur. Bunlardan biri hökmdar qanunu (hakimiyyətin qanunlarına əməl etmək), ikincisi divan qanunu (parlamentin çıxardığı qanunlara uymaq) və üçüncüsü, törə, yəni cəmiyyətin özünüyaratması qanunudur (ona Yosun qanunu da deyirlər). Bu üç qanunda aparıcı və müəyyənedici rolu cəmiyyətin özünüyaratması üsulları oynamışdır. Belə ki, Azərbaycanda ailənin yaradılması fəlsəfəsi nəsil, kök, qəbilə, tayfa, xalq və millətin formalaşmasının əsasını təşkil etmişdir. Əgər Azərbaycan ailəsinin yaradılması fəlsəfəsi yad qaydalara uyğun aparılsa, ümumi səviyyədə formalaşacaq cəmiyyəti Azərbaycan cəmiyyəti adlandırmaq mümkün olmayacaq. Bu da dövlət quruculuğunun xalq suverenliyindən qaynaqlanmadığının göstəricisi ola bilər. Belə bir istiqamət Azərbaycan dövlətçiliyinin davamlı və dayanıqlı olmaq ənənəsinə uyğun deyildir. Bir sözlə, hətta Azərbaycan dövləti o halda mövcud olmaya bilər. 

Burada ailənin formalaşmasında ənənə ilə müasirliyin vacib nisbəti məsələsi başqa mövzudur. Onun təhlili fərqli yanaşma tələb edir. 

Ailə və toplumun siyasi birliyi

Ailə birliyi tarixən Azərbaycanda siyasi birliyin təməli olmuşdur. Çoxlu sayda faktlar mövcuddur ki, ən kritik situasiyalarda belə, qarşıdurmadan birliyə ailələrin fəallığı sayəsində keçilmişdir. Nəsil, kök, tayfa strukturunda elə ailələr mövcud olur ki, onlar həlledici söz deyə bilirlər. “Böyük-kiçik” və “ağsaqqal-gənc” dixotomiyası çərçivəsində əsrlərlə münaqişələrin qarşısı alınmış və toplum birləşmişdir. Deməli, ailə kritik vəziyyətlərdə bütövlükdə cəmiyyətin parçalanmasının qarşısını ala bilir. Müasir Azərbaycan tarixi bu cəhətin indi də rol oynadığını bir neçə dəfə göstərmişdir. Deməli, ailə birliyi hazırkı dönəmdə də Azərbaycan cəmiyyətinin siyasi birliyini stimullaşdıra bilər. 

Əgər toplumun həmrəyliyinin bu dayağını zəiflətsələr, birbaşa siyasi birliyə ziyan vurulmuş olacaq. Ailə ənənələri üzərində bərqərar olunmuş bir cəmiyyətin transformasiyası proses olaraq magistral xətdən çıxırsa, onun düzəlməsi uzun çəkir. Yeri gəlmişkən, müasir fransız tarixşünaslığında zadəgan ailə ənənəsi də cəmiyyətin formalaşmasında çox ciddi rol oynayan faktor kimi təhlil edilmişdir. 

P.Nora, F.Aries və başqaları maraqlı nəticələr almışlar. Məsələn, F.Aries orta əsr fransız zadəgan ailəsinin mental, psixoloji, sosial, ünsiyyət və s. özəlliklərini tədqiq etməklə bütövlükdə fransız cəmiyyətinin mentallığı, özünüyaratma fəlsəfəsi ilə bağlı nəzəri qənaətlər əldə etmişdir. Onların əsasında F.Aries Fransanın kollektiv yaddaşını və kollektiv mentallığını təhlil etmişdir. Bütün bunlar ailənin yaranmasının sonrakı mərhələlərdə hansı mexanizmlərlə bütövlükdə cəmiyyətin transformasiyasına təsir etdiyinin mühüm cəhətlərini elmi izah etmyə imkan verir. 

Müasir dövrdə hər bir cəmiyyəti mədəniyyəti, mənəviyyatı, tarixi yaddaşı və mentallığı ilə xarakterizə edirlərsə, onda dövlət quruculuğunun perspektivi ilə cəmiyyətin özünyaratması fəlsəfəsi arasında vəhdətin varlığına qətiyyən şübhə yeri qalmır. Prezident İlham Əliyevin ailə və gənclərin ailədə tərbiyəsi məsələsini yüksək dərəcədə dövlət quruculuğu kursu ilə əlaqələndirməsinin tarixi və siyasi səbəbləri bu fikirlərdən bir daha aydın olur. Ailənin sağlamlığı uğrunda savaş siyasi kontekstdə həm də dövlətçilik uğrunda savaşın tərkib hissəsidir. Yeni tarixi mərhələdə bu aspektin rolu daha da artmışdır!

Yuxarıda aparılan təhlilin fonunda Prezident İlham Əliyevin aşağıdakı fikri çox əhəmiyyətlidir. Ölkə lideri demişdir: “Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz – onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik”. 

Bu tezis problemi avtomatik olaraq ideoloji müstəviyə yönəldir. Azərbaycan dövlətçiliyi uğrunda savaşda ideoloji faktorun təbliğat və təşviqatın sintezi kimi oynadığı rol yeni tarixi mərhələdə yeni məna çalarları alır. Həmin məsələ Prezident İlham Əliyevin “bizim ailəmiz türk ailəsidir” tarixi kəlamı kontekstində çox əhəmiyyəli görünür. 

Çünki burada, ümumiyyətlə, hər bir cəmiyyətdə ailənin yaranması, onun sosial funksiyaları ilə eyni etnosa mənsub bir neçə xalqın birliyinin simvolu olan “ailə” anlayışının sosial, siyasi, geosiyasi, təhlükəsizlik, inkişaf, əməkdaşlıq və s. funksiyaları arasında fərqləri görmək gərəkdir. Yəni bir neçə cəmiyyəti birləşdirən “türk ailəsi” anlayışı nələri ehtiva edir və onun dövlətçilik uğrunda mübarizənin yeni mərhələsindəki rolu nələrdən ibarət ola bilər?

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru 

 

Siyasət