Kanada Arktikada Rusiya və Çinə qarşı mövqeyini möhkəmləndirmək üçün müttəfiqlərinin dairəsini genişləndirir. Əgər əvvəllər Ottava əsasən ABŞ-la əməkdaşlığa güvənirdisə, indi təhlükəsizlik strategiyasını NATO və ayrı-ayrı Şimali Avropa ölkələri ilə daha sıx koordinasiyaya əsaslandırır.
Bu həftə iki kanadalı nazir Şimali Avropaya – İsveç və Finlandiyaya səfər edib. Məqsəd – yeni müdafiə sazişlərinin bağlanması, NATO-nun Arktikadakı fəaliyyətinin əlaqələndirilməsi və regionda təhlükəsizliyin gücləndirilməsi olub. Ottavanın mövqeyinə görə, əsas təhdidlər Rusiyadan, qismən isə son illərdə Çindən qaynaqlanır.
Kanadanın Arktika strategiyası ötən ilin dekabrında qəbul olunub və sənəddə Rusiyanın artan hərbi fəallığı ilə yanaşı, Çinin də bölgədə maraqlarının artması təhlükə kimi qeyd olunub. Pekin 2018-ci ildə özünün “Arktika strategiyası”nı elan edərək bölgəyə elmi ekspedisiyalar göndərməyə başlayıb. Lakin Qərb ekspertləri hesab edirlər ki, Çin tədqiqat adı altında həm də hərbi kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Bundan başqa, Kanadanın indi ABŞ-dan uzaqlaşıb NATO üzvləri ilə əməkdaşlığa üstünlük verməsinin səbəbi isə Donald Tramp administrasiyası dövründə baş qaldıran ticarət müharibəsi və Vaşinqtona inamsızlıqdır.
Səfər çərçivəsində sənaye naziri Melani Coli İsveçdə həmkarı Ebba Buş ilə danışıb. Burada Kanadanın “Roshel” şirkəti ilə İsveçin “Swebor” şirkəti arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Razılaşmaya əsasən, Kanadada ilk dəfə ballistik polad istehsalı zavodu tikiləcək ki, bu da hərbi texnikanın istehsalı üçün əsas komponentdir.
Coli, həmçinin İsveçin “Saab” şirkətinin “Gripen” qırıcılarının istehsal xəttinə baxış keçirib. Bu isə Kanadanın ABŞ-dan sifariş etdiyi F-35-lərin sayını azaltmaq ehtimalını gündəmə gətirib.
Kanadanın xarici işlər naziri Anita Anand isə Finlandiyada olub. Burada iki ölkənin ortaq gəmiqayırma müəssisəsi açılıb və Arktikada istifadə olunacaq buzqıran tipli gəmilərin istehsalına start verilib. Layihə ötən il ABŞ, Kanada və Finlandiya arasında imzalanmış ICE Pact çərçivəsində həyata keçirilir.
Eyni zamanda, Kanada və Finlandiya NATO daxilində Arktika məsələlərinin daha geniş yer tutmasına çalışdıqlarını bəyan ediblər. Onların mövqeyinə görə, Arktikanın təhlükəsizliyi həm də “Arktika yeddiliyinin” (A7) gündəliyində əsas məsələ olmalıdır.
Arktika Şurasının səkkizinci üzvü olan Rusiya ilə əməkdaşlıq isə Ukrayna müharibəsindən sonra dayandırılıb. Əvvəllər “Arktikanın kölgə hökuməti” adlandırılan bu platforma indi faktiki olaraq “yeddilik” formatında fəaliyyət göstərir.
Kanada və Finlandiyanın birgə bəyanatında vurğulanır: “Arktika və Şimal məsələlərinin NATO-nun fəaliyyətində daha çox nəzərə alınması vacibdir. Hər iki ölkə bu prioritetləri “Arktika yeddiliyi” çərçivəsində də irəli aparmaq niyyətindədir.”
Beləliklə, Kanada Arktikada mövqeyini yalnız ABŞ-a arxalanaraq deyil, daha geniş müttəfiqlər dairəsi ilə möhkəmləndirməyə çalışır. Bu kurs həm Moskva, həm də Pekinə qarşı uzunmüddətli strateji cavab kimi qiymətləndirilir.
Səbuhi MƏMMƏDOV
XQ