“Neftçi”nin böyük futbol səhifələri
Azərbaycan futbolu tarixindən bir xatirə kimi bu gün diqqətinizə çatdırdığımız foto 1977-ci ildə lentə alınıb, artıq yarım əsrə yaxın yaşı var. Futbolumuzun indiki nəslinə və pərəstişkarlarına köhnə “Neftçi”dən yadigardır.
Fotoda əyləşib hansısa oyunu maraqla izləyənləri dərhal tanıyacaqsınız: Səməd Qurbanov, komandanın rəisi Gülbala Allahverdiyev, Rəşid Özbəyov və Anatoli Banişevski. Ayaq üstə dayanan isə həmin illərdə komandanın baş məşqçisi olmuş Gennadi Bondarenkodur.
Hazırda AFFA İcraiyyə Komitəsinin üzvü Qurbanovun, rəhmətliklər Özbəyovla Banişevskinin Azərbaycan futbolu tarixində necə bir iz buraxdıqları barədə çox danışmağa ehtiyac yoxdur. Hər üçü, xüsusən də, əfsanəvi Anatoli Andreyeviç yaddaşlarda parlaq simalar kimi qalıb. Bu dəfə onlar müxtəlif səbəblərdən mübarizə meydanında olmayıblar, amma şəkildən də göründüyü kimi, oyundaşlarının ən fəal pərəstişkarlarıdırlar.
Fotonun tarixə çevrildiyi il “Neftçi” üçün onunla əlamətdar idi ki, komanda dörd illik fasilədən sonra yenidən SSRİ çempionatlarının güclülər dəstəsinə qayıtmış, elitada ölkənin sayılıb-seçilən klublarına rəqib olmuşdu.
“Neftçi” böyük futbola qayıdışından sonra burada ilk addımını 1977-ci il aprelin 2-də atdı. Həmin gün Bakıda 40-cı SSRİ çempionatının başlandığını bildirən bayraq Moskva “Dinamo”su ilə görüşdə qaldırıldı.
Leninqradlı hakim A.İvanovun idarə etdiyi oyunu 37000 tamaşaçı izləmişdir. Ancaq onlar tribunaları qol görmədən tərk etmişlər. Hərçənd meydan sahibləri də, qonaqlar da qarşılıqlı hücumlar şəraitində davam edən oyunda hesabı açıb, qalib gəlməyə çox cəhd göstərmişdilər…
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist