Ölkəmiz Asiyanın strateji arenasında önəmli iştirakçıya çevrilib
Bu gün beynəlxalq sistem XX əsrin klassik modelini öz çiyinlərində daşımaqda çətinlik çəkir. Yeni qlobal təşəbbüslər meydana çıxır, müasir beynəlxalq nizamda yaranan boşluqlar məhz yeni formatların aktuallığını artırır. Qərbin hegemon təsirlərindən kənar, dövlətlərin suveren bərabərliyi üzərində qurulan platformalar yeni reallıqların inikası sayılır.
Bu mənada Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) yalnız regional təhlükəsizlik mexanizmi deyil, həm də alternativ düşüncənin daşıyıcısı rolunu oynayır. Burada ölkələrin birləşməsi hər hansı güc mərkəzinə qarşı yönəlmir, əksinə, ədalətli qlobal idarəetməyə çağırış kimi çıxış edir.
Azərbaycan uzun müddətdir ki, çoxşaxəli siyasəti ilə fərqlənib, balansı qoruyaraq həm regional, həm də qlobal miqyasda fəal oyunçuya çevrilib. Sentyabrın 1-də Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən toplantıda Prezident İlham Əliyevin çıxışı məhz bu xəttin məntiqi davamı idi.
Azərbaycanın Çin tərəfindən irəli sürülən təşəbbüslərə dəstəyi, suverenliyə və beynəlxalq hüquqa vurğu etməsi, ŞƏT çərçivəsində öz mövqeyini möhkəmləndirməsi göstərir ki, ölkəmiz bu platformanı gələcəyin beynəlxalq nizamı üçün mühüm siyasi laboratoriya kimi görür. Başqa sözlə, rəsmi Bakının gözündə ŞƏT ədalətli dünya düzəninin sınaq meydanıdır.
Dövlətimizin başçısı Tiencində Azərbaycanın yeni xarici siyasət konturlarını açıq şəkildə göstərdi. Ölkə prezidenti təkcə diplomatik təmənnalardan danışmadı, eyni zamanda, Pekinlə münasibətlərin strateji dərinliyini dünyaya nümayiş etdirdi: “Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan–Çin münasibətlərində yeni bir səhifə açdı”.
Prezident İlham Əliyevin çıxışı Çinlə münasibətlərin strateji dərinliyini açıq şəkildə ortaya qoyur. Cari il aprelin 23-də Çinə dövlət səfəri edən Prezident İlham Əliyev ÇXR Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü zamanı bildirmişdi ki, rəsmi Bakı “Vahid Çin” strategiyasını dəstəkləyir. Öz növbəsində rəsmi Pekin də mütəmadi olaraq beynəlxalq platformalarda ölkəmizlə bağlı ədalətli qərarların verilməsində aktiv iştirak edib. Bir-birini mükəmməl formada tamamlayan bu siyasi sinergiya “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanmasına gətirib çıxardı.
Azərbaycanın Çin tərəfindən irəli sürülən qlobal təşəbbüslərə açıq dəstək verir. Dövlət başçısı Tiencində çıxışı zamanı, həmçinin qeyd etdi ki, Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir: “Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq”.
Yeri gəlmişkən, Qlobal İnkişaf Təşəbbüsü 2021-ci ildə Sədr Si Cinpin tərəfindən irəli sürülüb. Əsasən yoxsulluğun aradan qaldırılması, bərabər imkanların təmin edilməsi və dayanıqlı inkişafın təşviqinə yönəlir. 2022-ci ildə təqdim edilmiş Qlobal Təhlükəsizlik Təşəbbüsü isə beynəlxalq təhlükəsizliyin gücləndirilməsi və ədalətli çoxtərəfli münasibətlərin təşkili məqsədi daşıyır. Qlobal Sivilizasiya Təşəbbüsünə gəldikdə isə Sədr Si Cinpin mədəniyyətlərarası dialoqu prioritet hesab edir. Azərbaycan da bu sahədə aktiv mövqe tutur. 2008-ci ildən həyata keçirilən Bakı Prosesi, Beynəlxalq Humanitar forumlar və Mədəniyyətlərarası Dialoq forumları ölkəmizin bu istiqamətdəki töhfəsini göstərir. Tələbə mübadiləsi proqramları, Konfutsi institutlarının fəaliyyəti və ortaq mədəni layihələr Azərbaycan–Çin dialoqunun davamlı inkişafına xidmət edir. Ümumiyyətlə, Azərbaycan hər üç təşəbbüsü dəstəklədiyini Çin ilə imzalanan Birgə Bəyanatın 15-ci bəndində rəsmən təsdiqləyib və “Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu”na qoşulmağa hazır olduğunu bildirib.
Bakı hesab edir ki, Pekinin irəli sürdüyü təşəbbüslər ətrafında formalaşan yeni beynəlxalq düzən Qərbin hegemon təsirlərindən fərqli olaraq, regional dövlətlərin maraqlarını nəzərə alır. Azərbaycan bu təşəbbüsləri qəbul etməklə özünü Asiya mərkəzli strateji arenanın mühüm iştirakçısına çevirir. Xüsusilə Qlobal İdarəetmə Təşəbbüsünə verilən dəstək təsadüfi deyil. Cənab İlham Əliyev bu platformanı dövlətlərin suverenliyini qoruyan alternativ kimi təqdim edir. Bu, Azərbaycanın uzun illərdir müdafiə etdiyi mövqeyin davamıdır: gücün diktəsi yox, beynəlxalq hüququn hökmü. Eyni zamanda, bu həm Qərbə ünvanlanmış mesajdır, həm də Azərbaycanın getdikcə daha çox Çin orbitinə yaxınlaşdığını nümayiş etdirir.
Sonda xüsusi olaraq qeyd etməliyik ki, Prezident İlham Əliyevin ŞƏT-in XXV sammitində iştirakı Azərbaycan diplomatiyasının Şərq vektorunda yeni mərhələni təsdiqlədi. Yəni Bakı Qərblə bir çox sahələrdə əməkdaşlığı davam etdirməklə yanaşı, Çin kimi güclərlə də açıq və prinsipial tərəfdaşlığa davam edəcək.
Oqtay QASIMOV,
politoloq
Azərbaycan Prezidentinin Çinə səfəri zamanı səsləndirdiyi bəyanatlar diqqət çəkir. Xüsusilə Çinlə strateji tərəfdaşlıq münasibətlərinin qurulması və Sədr Si Cinpinin Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü və Qlobal Sivilizasiya Təşəbbüslərini dəstəklədiyini bəyan etməsi diqqətəlayiqdir. İlk növbədə qeyd etmək lazımdır ki, hazırda dünyada baş verən bir çox münaqişələr və gərginliklər həm də sivilizasiyalar və mədəniyyətlərarası ziddiyyətlərdən qaynaqlanır. Bu proses özünü daha qabarıq şəkildə göstərir. Hətta 1990-cı illərdə bununla bağlı elmi əsərlər yazılıb. Qlobal Sivilizasiya Təşəbbüsləri bütün dinlərin və ənənələrin mövcudluğunu nəzərə alaraq, onların yanaşı yaşaması, qarşılıqlı əlaqə və inkişafın təmin olunması kimi başa düşülməlidir. Eyni zamanda Çin, xarici siyasət prinsipləri çərçivəsində, digər ölkələrin daxili işlərinə müdaxilə etməmək kimi əsaslı mövqe ortaya qoyur ki, bu da vacib məsələdir.
Qlobal İnkişaf Təşəbbüsünə gəldikdə, son 10 ildə Çin bu sahədə mühüm irəliləyişlər əldə edib. Bu baxımdan Azərbaycan Prezidentinin Çinin yüksək texnologiya, bərpa olunan enerji və kiber təhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkətləri və onların nümayəndələri ilə görüşləri mühüm əhəmiyyət daşıyırdı.
Çinin Qlobal Təhlükəsizlik Təşəbbüsü dünyada münaqişələrin qarşısının alınması, ticarətin inkişafı, təhlükəsiz nəqliyyat və logistika siyasətinin həyata keçirilməsi məqsədini güdür və xüsusilə Çinin strateji maraqlarına uyğundur. Çin “Bir kəmər, bir yol” layihəsinin gerçəkləşəcəyi Avrasiya regionunda münaqişələrin olmaması, sabitliyin qorunması, iqtisadi inkişafın və rifahın təmin olunması əsas məqsəd kimi çıxış edir. Azərbaycan da bu təşəbbüsləri dəstəkləyir, çünki ölkəmiz Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsinə ciddi önəm verir. Həqiqətən də, bu regionda təhlükəsizlik arxitekturasının qurulmasında Azərbaycanın rolu mühüm olmuşdur və təhlükəsizlik təmin edildikdən sonra iqtisadi rifah, sabitlik və inkişafın yeni mərhələsi başlayacaq.
Tacir SADIQOV
XQ