BMT tribunasından səslənən həqiqət

post-img

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı beynəlxalq hüququn aliliyinə çağırışdır Hər ilin payızında Nyu-Yorkda toplaşan BMT Baş Assambleyası dünya ölkələrinin eyni masa arxasında əyləşərək bəşəriyyətin taleyini müzakirə etdiyi ən böyük qlobal tribunadır. Baş Assambleyanın sessiyasının gündəliyinə çıxarılan məsələlər təkcə diplomatik protokol deyil, qitələri silkələyən silahlı münaqişələrdən iqlim böhranına qədər milyonlarla insanın həyatına bilavasitə toxunan problemlərdir.

Baş Assambleyanın tribunası kiçik ölkələrə səslərini böyük güclərin, necə deyərlər, qulaqlarına çatdırmaq, ədalətsizliklərə etiraz etmək üçün nadir fürsət yaradır. Bu platformada qəbul olunan sənədlər hər zaman məcburi qüvvəyə malik olmasa da, beynəlxalq ictimaiyyətin ümumi iradəsini ifadə etməsi ilə önə çıxır. Qlobal problemlərin həllində tərəfdaşlıq ruhunu gücləndirmək, etimadı bərpa etmək və qarşıdurmaları dialoqla əvəzləmək üçün BMT Baş Assambleyası bənzərsiz rol oynayır. Ona görə də bu sessiya təkcə diplomatik təqvimin növbəti tədbiri deyil, bəşəriyyətin gələcəyini müzakirə etmək üçün açılan geniş meydandır.

Məlumat üçün bildirək ki, Baş Assambleyanın 80-ci sessiyası 2025-ci il sentyabrın 9-da açılıb və 2026-cı il sentyabrın 8-də bağlanacaq. Sessiyanın mövzusu “Birgə çalışmaq: sülh, inkişaf, insan hüquqları və irəliyə doğru 80 il birgə çalışmaq”dır. Sentyabrın 23-dən sessiya çərçivəsində ümümi müzakirələr başlayıb. Ayın 27-dək davam edən müzakirələrdə dövlət başçıları çıxış edərək beynəlxalq təhlükəsizlikdən tutmuş regional münaqişələrə, iqlim dəyişikliyindən texnoloji bərabərsizliyə qədər ən aktual məsələlərə münasibət bildiriblər. Bu çıxışlarda BMT Nizamnaməsinin prinsiplərinə sadiqlik, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət çağırışları ön plana çəkilib.

BMT Baş Assambleyasının 80-ci sessiyası Prezident İlham Əliyevin sentyabrın 25-də etdiyi çıxışla bizim üçün daha əlamətdar oldu. Dövlətimizin başçısı bildirdi ki, 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar.

Prezident bildirdi ki, otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu: “Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi”.

Dövlətimizin başçısı qeyd etdi ki, 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.

* * *

Qeyd etmək lazımdır ki, Baş Assambleyanın 80-ci sessiyası Azərbaycan üçün təkcə diplomatik gündəmin bir hissəsi deyil. Bu mötəbər toplantı Prezident İlham Əliyevin dünyaya ünvanladığı mesajlarla ölkəmizin mövqeyini bir daha ortaya qoydu. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər 30 illik münaqişə tarixinin beynəlxalq hüquq prizmasından qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin çıxışının əsas vurğusu ondan ibarət idi ki, 1992-ci ildə münaqişənin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu mandatına uyğun öhdəliklərini yerinə yetirmədi. Uzun illər ərzində bu qrup münaqişənin ədalətli həlli istiqamətində konkret addımlar atmaq əvəzinə, status-kvonu qoruyub saxlamağa və faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinə göz yummağa üstünlük verdi. Bu yanaşma bölgədə gərginliyi artırmaqla yanaşı, beynəlxalq hüquq normalarının kağız üzərində qalmasına gətirib çıxardı. Prezidentin bu çıxışı göstərdi ki, Azərbaycanın səbrinin tükənməsi təsadüfi yox, məhz bu səmərəsiz və birtərəfli vasitəçilik nəticəsində idi.

Çıxışında dövlət başçısı diqqəti həm də BMT Nizamnaməsinin 51-ci maddəsinə yönəltdi. Məlumdur ki, bu maddə hər bir dövlətə silahlı hücuma məruz qaldıqda özünümüdafiə hüququ verir. Prezident

İlham Əliyev vurğuladı ki, Azərbaycan da məhz bu hüquqa əsaslanaraq 2020-ci ildə Vətən müharibəsinə başlamağa məcbur oldu. Ermənistanın 44 gün ərzində törətdiyi müharibə cinayətləri – şəhərlərin və kəndlərin ballistik raketlərlə, kasetli mərmilərlə bombalanması, 100-dən çox mülki vətəndaşın həlak olması çıxışda qətiyyətlə xatırladıldı. Bu faktların beynəlxalq tribunada səsləndirilməsi Ermənistanın münaqişədəki məsuliyyətini bir daha ortaya qoymaqla yanaşı, Azərbaycanın hərbi əməliyyatları beynəlxalq humanitar hüquqa uyğun apardığını nümayiş etdirdi.

Prezidentin nitqində xüsusi vurğulanan məqam Azərbaycanın müharibə zamanı mülki şəxslərin təhlükəsizliyini təmin etməsi, qeyri-hərbi infrastrukturu hədəf almamasıdır. Bu, Azərbaycanın beynəlxalq hüquqa hörmət edən dövlət kimi davranışını təsdiqləyir və müharibə zamanı belə qanun çərçivəsindən kənara çıxmadığını göstərir. Əksinə, Ermənistanın mülki obyektləri və mülki əhalini məqsədli şəkildə hədəfə alması regiondakı humanitar böhranın əsas səbəblərindən biri kimi beynəlxalq ictimaiyyətə təqdim olundu.

Dövlətimizin başçısının çıxışında səslənən “2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 illik işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü” fikri həm simvolik, həm də siyasi baxımdan mühüm mesaj idi. Bu tarix yalnız hərbi qələbənin tarixi deyil, həm də beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin gec də olsa reallaşdığı bir dönəmin başlanğıcıdır. İlham Əliyevin bu vurğusu göstərdi ki, Azərbaycan münaqişəni hərbi yolla həll etməyə məcbur qalsa da, nəticə etibarilə beynəlxalq hüquq normalarını bərqərar etdi.

Əslində, bu çıxış həm də beynəlxalq vasitəçilərə ünvanlanan mesaj idi: əgər otuz ilə yaxın müddətdə səmərəli addımlar atılmırsa, hüquqa hörmət etməyən işğalçıya qarşı münaqişənin ədalətli həlli yalnız güc tətbiqi ilə mümkündür. Prezidentin BMT tribunasından səsləndirdiyi fikirlər Azərbaycanın münaqişədəki mövqeyinin haqlı olduğunu, həyata keçirilən antiterror əməliyyatının da legitim əsaslara söykəndiyini və ölkəmizin beynəlxalq ictimaiyyətin qəbul etdiyi prinsiplərdən kənara çıxmadığını bir daha təsdiqlədi.

Beləliklə, BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyevin çıxışı Azərbaycan üçün həm diplomatik qələbə, həm də tarixi ədalətin bərpa olunmasının dünyaya nümayişi oldu. Bu nitq həm keçmişin dərslərini xatırlatdı, həm də gələcək üçün bir mesaj göndərdi. Həmin mesajın mahiyyəti bundan ibarətdir ki, beynəlxalq hüququn bərqərar olması yalnız sənədlərdə deyil, real addımlarda öz təsdiqini tapmalıdır. 2020-ci ilin payızında ölkəmizin atdığı addımlar da məhz bu prinsipin təntənəsi idi.

İlqar VƏLİZADƏ,
politoloq

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı Azərbaycanın qlobal tribunada öz mövqeyini, həmişə olduğu kimi, qətiyyətlə ifadə etməsi baxımından diqqəti cəlb edir. Dövlətimizin başçısı əsas diqqəti keçmiş münaqişənin nəticələrinə deyil, onun səbəblərinə yönəldərək beynəlxalq vasitəçilik mexanizmlərinin iflasa uğradığını vurğuladı. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini sərt tənqid etməsi ilə illərlə davam edən danışıqların nəticəsiz qalmasının, bölgədə sabitliyi pozan status-kvonun saxlanmasının məsuliyyətini açıq şəkildə gündəmə gətirdi.

Çıxışın digər önəmli tərəfi ölkəmizin apardığı Vətən müharibəsinin beynəlxalq hüquq çərçivəsində əsaslandırılması oldu. Prezident İlham Əliyev BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək bildirdi ki, müharibəyə başlamağımız özünümüdafiə hüququndan irəli gəlib və bu, birtərəfli seçim yox, zərurət idi. Dövlətimizin başçısı Ermənistanın müharibə dövründə mülki əhalini hədəfə almasını xatırladaraq, Azərbaycanın humanitar hüquqa riayət etdiyini vurğuladı.

Bütövlükdə, bu çıxış həm də beynəlxalq ictimaiyyətə mesaj idi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası yalnız hərbi qələbə deyil, həm də beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Nitq ölkəmizin haqlı mövqeyini bir daha təsdiqləməklə yanaşı, münaqişənin nəticələrinə dair ikili standartlara qarşı prinsipial mövqe nümayiş etdirilməsi ilə də yaddaşlara həkk olundu.

Səxavət HƏMİD
XQ



Siyasət