TDT Qəbələ Zirvəsi: Regional sülh və təhlükəsizlik

post-img

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə toplantısının regionun siyasi xəritəsində yeni balansların axtarışı, türk dövlətlərinin həmrəyliyi və qlobal güc qarşıdurmalarında mövqelərinin formalaşması baxımından xüsusi önəmi var. Əsas mövzu – “Regional Sülh və Təhlükəsizlik” – həm aktual, həm də strateji xarakter daşıyır. Sual yaranır: bu gün region üçün sülh və təhlükəsizlik nə deməkdir?

Cənubi Qafqazda müharibəsonrası nizam, Mərkəzi Asiyada artan rəqabət, Yaxın Şərqdə dərinləşən qeyri-sabitlik fonunda türk dövlətlərinin ortaq platforma ətrafında toplanması hansı nəticələr vəd edir? Sualın cavabı təkcə hərbi və ya diplomatik təhlükəsizlikdə deyil, həm də iqtisadi, nəqliyyat və enerji əməkdaşlığının yaratdığı qarşılıqlı asılılıqda gizlənir. TDT bu şərtlərdə hansı rolu oynaya bilər? Regional sülhün təminatçısına çevrilmək iddiası realdırmı, yoxsa bu, daha çox siyasi ritorikanın nəticəsidir? Analitik yanaşma göstərir ki, təşkilatın bu gün əldə etdiyi institusional baza, ortaq maraqlar və ortaq risklər ona yeni imkanlar açır. Amma, eyni zamanda, təşkilatın qarşısında ciddi suallar dayanır: müxtəlif maraqlara malik üzv dövlətlər vahid təhlükəsizlik konsepsiyası yarada bilərmi? Xarici güclərin təsiri ilə üzləşən regionda TDT-nin manevr imkanları harada başlayır və harada bitir?

TDT hansı zərurətdən doğdu və bu gün hansı geosiyasi boşluğu doldurmağa çalışır? Sual təkcə tarixi kimlik axtarışı ilə bağlı deyil, qlobal güc balansında yeni oyunçuya çevrilmək iddiasının təhlilini tələb edir. SSRİ-nin süqutundan sonra yaranan geosiyasi boşluq türk dövlətlərini yeni tərəfdaş axtarışına məcbur etdi. Hər biri öz müstəqilliyini qorumaq və yeni müttəfiqlər qazanmaq dilemması ilə üz-üzə qaldı. Belə bir kontekstdə ortaq dil, mədəniyyət və tarixi bağlar əsaslı bir inteqrasiya xəttinə çevrildi. Amma sual budur: bu inteqrasiya qurumu yalnız mədəniyyət platformasımı olmalıydı, yoxsa real siyasi və iqtisadi gücə çevrilə bilərdimi?

TDT-nin bugünkü fəaliyyətinə baxanda cavab daha aydın görünür. Artıq təşkilat sadəcə humanitar əməkdaşlıqla kifayətlənmir. Onun gündəliyində enerji marşrutlarının şaxələndirilməsi, nəqliyyat dəhlizlərinin formalaşdırılması və təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsi kimi strateji məsələlər dayanır. Lakin burada başqa bir analitik sual doğur: TDT-nin gücü öz üzvlərinin milli maraqlarından üstün ola bilərmi? Azərbaycan enerji logistikası ilə, Türkiyə NATO üzvlüyü ilə, Qazaxıstan isə Avrasiya İqtisadi İttifaqındakı mövqeyi ilə fərqli geosiyasi orbitlərdədir. Bütün bu müxtəliflik fonunda təşkilatın vahid strateji xətt müəyyənləşdirməsi nə qədər realdır?

Əslində məhz bu müxtəliflik TDT-ni daha çevik oyunçuya çevirə bilər. Çünki üzvlərin fərqli istiqamətlərdə qurduğu beynəlxalq əlaqələr ümumi gücün genişlənməsinə xidmət edə bilər. Amma burada kritik məsələ bir sualda cəmləşir: TDT bu müxtəlifliyi gücə çevirəcəkmi, yoxsa parçalanma riskinə sürüklənəcək? Bugünkü geosiyasi mənzərə fonunda əsas sual belədir: türk dövlətlərinin yerləşdiyi geniş coğrafiyada sülhü və təhlükəsizliyi təmin etmək nə dərəcədə mümkündür? Cənubi Qafqazda müharibəsonrası dönəm hələ tam sabitləşməyib. Azərbaycan suverenliyini bərpa edib, lakin yeni regional nizam hələ də formalaşma mərhələsindədir. Ermənistanın geosiyasi istiqamət axtarışları, Gürcüstanın Qərbə inteqrasiya arzuları regionun gələcəyini qeyri-müəyyən saxlayır. Belə şəraitdə TDT hansı rolu oynaya bilər? Real vasitəçi, yoxsa kənardan müşahidəçi? Məhz Azərbaycan üzərindən təşkilat bu bölgədə sabitlik mexanizmlərinin formalaşdırılmasına təkan verə bilər.

Mərkəzi Asiyada isə təhlükəsizlik çağırışları başqa xarakter daşıyır. Əfqanıstan amili, radikal qrupların yayılması, sərhəd problemləri və su resursları üzərində rəqabət bölgəni daim həssas vəziyyətdə saxlayır. Bəs TDT burada nə edə bilər? Hərbi blok rolunu oynamaq imkanları məhduddur, amma ortaq sərhəd nəzarəti, informasiya mübadiləsi və terrorizmə qarşı koordinasiya real töhfələr kimi görünür.

Yaxın Şərqdə isə vəziyyət daha mürəkkəbdir. Qlobal güclərin toqquşduğu bu məkanda türk dövlətlərinin birgə mövqeyi hansı effekti verə bilər? TDT-nin birbaşa təsir imkanları az görünür, amma regional enerji və nəqliyyat layihələri ilə bu coğrafiyada iqtisadi sabitlik yarada bilər. Bəs iqtisadi inteqrasiya siyasi sabitliyə çevrilə bilərmi? Tarixi təcrübə göstərir ki, qarşılıqlı asılılıq münaqişələrin riskini azaltsa da, tam aradan qaldırmır.

Ümumi mənzərə belədir: hər üç regionda təhlükəsizlik çağırışlarının məzmunu fərqli olsa da, onları birləşdirən məxrəc var — qeyri-müəyyənlik və xarici güclərin təsir oyunları. Bütün bu amillər TDT qarşısında strateji sual qoyur: təşkilat daha çox öz daxili potensialına güvənəcək, yoxsa yenə də böyük güclərin təsirinə uyğun hərəkət edəcək?

* * *

Regional sülh və təhlükəsizliyin təmininə TDT-nin hansı real töhfəni verə bilər? Bu sual Zirvənin əsas məzmununu təşkil edir. Cavabı üç əsas istiqamətdə axtarmaq mümkündür: təhlükəsizlik əməkdaşlığı, enerji-nəqliyyat dəhlizləri və diplomatik vasitəçilik.

Türk dövlətləri terrorizm, sərhəd qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya kimi ortaq risklərlə üz-üzədir. Belə reallıq onları birgə koordinasiyaya məcbur edir. TDT hərbi-siyasi blok ola bilərmi? Mövcud şərtlər göstərir ki, təşkilat hələlik NATO tipli kollektiv müdafiə sistemindən uzaqdır. Amma məlumat mübadiləsi, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və birgə təlimlərin təşkili real addımlardır. Analitik baxış göstərir: hərbi alyansa çevrilmək əvəzinə, TDT təhlükəsizlik koordinasiya mərkəzi funksiyasını gücləndirsə, bu, daha praktik və təsirli nəticələr verə bilər.

Bəs enerji və nəqliyyat marşrutları sabitliyin əsas təminatçısı ola bilərmi? Cavab qismən müsbətdir. Azərbaycan və Türkmənistan qaz ehtiyatları, Qazaxıstanın neft potensialı, Türkiyənin tranzit imkanları vahid enerji xəritəsi yaradır. Bakı–Tbilisi–Ceyhan, TANAP, Orta Dəhliz kimi layihələr siyasi sabitlik mexanizmlərinə çevrilir. Çünki qarşılıqlı asılılıq münaqişə riskini azaldır. Amma kritik sual ortaya çıxır: xarici güclərin təsirini nəzərə alsaq, bu layihələr regional sabitliyi artıracaqmı, yoxsa yeni rəqabət ocaqları yaradacaq? Burada TDT-nin rolu balanslaşdırıcı vasitəçi olmaqdır.

TDT-nin ən çox diqqətçəkən potensialı yumşaq gücdədir. Mədəni inteqrasiya, təhsil proqramları, informasiya mübadiləsi və ortaq media platformaları üzv dövlətləri bir-birinə yaxınlaşdırır. Tarixi təcrübə göstərir ki, ortaq kimlik duyğusu siyasi əməkdaşlığa zəmin yaratsa da, dövlətlərin milli maraqları çox vaxt daha güclü təsir göstərir. Buna görə də TDT-nin yumşaq gücü diplomatik vasitəçiliklə tamamlanmalıdır. Əgər təşkilat regional münaqişələrdə neytral platforma ola bilsə, beynəlxalq legitimliyi də artacaq.

Beləliklə, TDT-nin töhfə potensialı genişdir, amma təşkilat bu imkanların nə qədərini praktik nəticəyə çevirəcək, təbii ki, bunu zaman göstərəcək. Ənənəvi problemlər — maraqların müxtəlifliyi, xarici güclərin təzyiqi və institusional zəifliklər — bu yolda ən böyük maneələrdir.

* * *

Niyə məhz Azərbaycan bu Zirvənin ev sahibi kimi ön plana çıxır? Sualın cavabı strateji səbəblərlə bağlıdır. Qarabağ müharibəsində əldə olunan qələbə Azərbaycanın regional siyasi xəritədə mövqeyini dəyişdi. Artıq Bakı sadəcə enerji və nəqliyyat layihələrinin mərkəzi deyil, həm də hərbi-siyasi reallıqları dəyişdirən aktor kimi qəbul olunur. Azərbaycanın ev sahibi kimi Zirvədə verəcəyi mesajlar təşkilatın gələcək kursuna birbaşa təsir edəcək. Çünki Bakı həm Cənubi Qafqazda sabitlik, həm də Mərkəzi Asiyaya açılan qapı rolunu oynayır. Bütün bunlar ölkəni TDT daxilində “strateji körpü” mövqeyinə gətirir. Maraqlıdır ki, Azərbaycan bu körpü rolunu nə dərəcədə tarazlı şəkildə oynaya biləcək? Bir tərəfdə Türkiyə ilə strateji müttəfiqlik, digər tərəfdə Rusiya və İranla həssas münasibətlər balans tələb edir.

Azərbaycanın təşəbbüskarlığı bu nöqtədə iki səviyyədə özünü göstərir: Regional səviyyədə Cənubi Qafqazda sülh prosesinə dəstək vermək, yeni kommunikasiya xətlərini təşviq etmək, təşkilati səviyyədə isə TDT-nin institusional güclənməsinə təkan vermək, təşkilatın beynəlxalq nüfuzunu artırmaq.

Azərbaycan öz milli maraqları ilə TDT-nin ümumi maraqları arasında balans qurmağa çalışır. Əgər bu balans düzgün qurulsa, Bakı həm təşkilat daxilində liderliyini möhkəmləndirə, həm də regional sabitlik üçün etibarlı tərəfdaşa çevrilə bilər. Sonda onu da qeyd edək ki, gələcəyə baxış TDT qarşısında həm imkanlar, həm də risklər açır. İnteqrasiyanın dərinliyi, xarici güclərin təsirinə qarşı müstəqil kursun qorunması və təşkilatın institusional inkişafı onun real gücünü müəyyən edəcək.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət