№ 289 Bakı şəhəri, 3 oktyabr 2025-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2020-ci il 16 yanvar tarixli 11 nömrəli və “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 120-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 68 (Cild I); 2024, № 7, maddə 925) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;
1.2. həmin Qərarla təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na aşağıdakı məzmunda 2.6-1-ci bənd əlavə edilsin:
“2.6-1. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 421 (Cild I); 2024, № 1, maddə 98, № 3, maddə 301, № 7, maddə 892, № 10, maddə 1160, № 11, maddə 1247; 2025, № 2, maddə 200, № 6, maddə 605) ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na aşağıdakı məzmunda 3.4-cü bənd əlavə edilsin:
“3.4. Əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.”
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri