Kopenhagen, Qəbələ və Düşənbədən sonra yolumuz Misirədir
Ölkəmizin diplomatik uğurları silsilə xarakter daşıyır. Kopenhagen, Qəbələ və Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə iştirak edən ölkəmiz bu dəfə Yaxın Şərq Sülh Sammitinə dəvət alıb. Sammitə dəvət dövlətimizin beynəlxalq siyasətdə qazandığı etimad və nüfuzun növbəti parlaq nümunəsidir. Əslində, son illərdə formalaşdırılan balanslı, sülhyönümlü və çoxqütblü siyasəti nəzərə alsaq, Yaxın Şərq kimi mürəkkəb geosiyasi mühitdə keçirilən sülh sammitinə dəvət Azərbaycanın qlobal miqyasda da siyasi oyunçuya çevrildiyini göstərir.
Bu, həm də beynəlxalq aləmdə Qarabağda sülhü bərpa etmiş, postmünaqişə dövrünü real inkişaf modelinə çevirən ölkə modelinin yüksək qiymətləndirildiyinin əyani sübutudur. Bəs, Yaxın Şərq sülh sammitində iştirak hansı mənaya gəlir? İlk növbədə vurğulayaq ki, keçirilən sülh sammiti Yaxın Şərqdə təhlükəsizlik, enerji və humanitar məsələlərin müzakirə olunduğu ən mühüm platformalardan biridir. Azərbaycanın sammitə dəvət olunması artıq ölkəmizin regiondankənar böhranlarda da vasitəçi, dialoq təşəbbüskarı kimi qəbul olunduğunu təsdiqlədi. Xüsusi vurğulanmalıdır ki, bu etimadın bünövrəsini Prezident İlham Əliyevin sülh diplomatiyası, əməkdaşlığı əsas götürən xarici siyasət fəlsəfəsi qoyub. Azərbaycan BMT, Qoşulmama Hərəkatı və COP29 kimi platformalarda sübut etdi ki, sülh çağırışları əməli siyasətin tərkib hissəsi olmalıdır.
Şarm əl-Şeyx Sammitinə aparan diplomatik yol, əslində, son on gündə Azərbaycanın keçdiyi üç strateji mərhələnin (Kopenhagen–Qəbələ–Düşənbə) məntiqi davamı kimi qiymətləndirilməlidir. Bu, ölkə başçısının oktyabr ayı ərzində iştirak etdiyi dördüncü beynəlxalq tədbirdir.
Yeri gəlmişkən, 1-2 oktyabr tarixində Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin VII Zirvə toplantısı qitənin enerji təhlükəsizliyi, regional münaqişələr və strateji tərəfdaşlıq münasibətləri baxımından mühüm siyasi platforma kimi yadda qaldı. Tədbir Avropanın mövcud geosiyasi balansında yeni diplomatik xəritələrin cızıldığı bir zamanda baş tutdu. Toplantıda Azərbaycan Prezidentinin iştirakı və səsləndirdiyi fikirlər xüsusi siyasi çəkiyə malik idi. Çünki Avropanın enerji arxitekturasında Azərbaycan strateji tərəfdaş kimi qəbul olunur. Ötən ildən etibarən ölkəmizin enerji resursları Avropanın 12 dövlətinə ixrac olunur ki, bu da Cənub Qaz Dəhlizinin Avropanın enerji təminatı üçün real alternativ kimi təsdiqləndiyini göstərir. Rəsmi Bakının 2027-ci ilə qədər qaz ixracını 20 milyard kubmetrə çatdırmaq planı isə Azərbaycanın geoiqtisadi mövqeyinin Avropa enerji strategiyasına inteqrasiyasının təcəssümüdür.
Azərbaycan Prezidentinin 6-7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən XII Zirvə Görüşündə iştirakı isə regional inteqrasiya prosesləri, həm də Türk dünyasının gələcək siyasi arxitekturasının formalaşması baxımından mühüm tarixi hadisə kimi qiymətləndirilir. Zirvə müasir beynəlxalq münasibətlər sistemində türk dövlətlərinin ortaq maraqlar əsasında vahid diplomatik mövqe sərgiləmək potensialını nümayiş etdirdi. Bir məqamı da qeyd edək ki, Qəbələnin Zirvə məkanı kimi seçilməsi təsadüfi deyildi. Azərbaycanın tarixi-mədəni irsinin, tolerantlıq ənənələrinin və Şərqlə Qərbin qovuşduğu sivilizasiyaların simvolu olan Qəbələdə keçirilən toplantı həm mənəvi, həm də strateji baxımdan türk dövlətlərinin birliyinə yeni məna qazandırdı. Qəbələ bu dəfə Türk dünyasının gələcək inkişaf konsepsiyasının “siyasi laboratoriyasına” çevrildi. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı tarixi, dil və mədəniyyət birliyi üzərində, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik maraqlarının strateji uyğunluğu əsasında möhkəmlənməlidir. Rəsmi Bakı faktiki olaraq, TDT-nin qərb dayağı və ən mühüm strateji tranzit mərkəzidir. Zəngəzur dəhlizinin işə düşməsi, Orta Dəhliz layihələrinin genişlənməsi və enerji əməkdaşlığı istiqamətində Azərbaycanın rolu Türk dünyasını Avrasiya məkanında real geosiyasi qüvvəyə çevirən əsas faktorlardandır.
Oktyabrın 9-10-da baş tutan Düşənbə Sammiti də mühüm məqamlarla yadda qaldı. Prezident İlham Əliyev Düşənbədə toplantısında çıxışı zamanı, ilk növbədə, Azərbaycan–Tacikistan münasibətlərinin ardıcıl və dinamik inkişafını vurğuladı. Dövlət başçısının bu mesajı ikitərəfli əlaqələrlə yanaşı, Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlıq modelinə yanaşmanı ifadə edirdi. Bununla bir daha təsdiqləndi ki, MDB məkanında münasibətlərin səmərəli şəkildə inkişafı dostluq, qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və real dəstək prinsipləri üzərində mümkün ola bilər. Məhz yanaşma ölkəmizin regional diplomatiyasının mahiyyətini müəyyən edən əsas xətti, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq fəlsəfəsini bir daha önə çıxardı.
Sonda bir daha qeyd edək ki, on günlük uğurlu diplomatik marafonun məntiqi davamı kimi İlham Əliyevin Misirdə keçirilən Sülh Sammitinə dəvət alması artıq Azərbaycanın qlobal arenada nüfuzunun yeni mərhələyə yüksəldiyini göstərir. Bu həm də son günlər ərzində formalaşan çoxvektorlu diplomatik fəallığın təbii nəticəsi sayılmalıdır.
P.S. “Prezident İlham Əliyevin Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak etməsi Azərbaycanın artan regional rolunun və orta güc kimi qlobal xarici siyasətinin təzahürüdür. Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi baxımından bütün tərəflər üçün arzuolunan tərəfdaşdır”. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
Zaur MƏMMƏDOV,
Bakı Politoloqlar Klubunun rəhbəri
Yaxın Şərq Sülh Sammitinə qatılmaq, əlbəttə ki, hər ölkə başçısına nəsib olmur. Biz çox az sayda dünya liderlərinin həmin vacib tədbirdə iştirakına şahidlik edirik. Bu, ilk növbədə, həmin liderlərin beynəlxalq nüfuzu və eyni zamanda, ABŞ-la münasibətlərinin səviyyəsi ilə bağlıdır. Azərbaycan–ABŞ münasibətləri hazırda yüksək səviyyədə inkişaf edir, həm Vaşinqtonda, həm də Yaxın Şərqdə yaxşı başa düşülür ki, Azərbaycan bu gün regionlar arasında birləşdirici, inteqrasiyaedici rol oynayır. Misirin yerləşdiyi coğrafiya və Yaxın Şərqdə son illər baş verən hadisələr fonunda Azərbaycanın bölgədə fəallaşdığını görürük.
44 günlük Vətən müharibəsindəki qələbədən Azərbaycanın xarici siyasəti yeni istiqamətlərə, yeni hədəflərə yönəlib. Müstəqillik illərindən bəri ilk dəfədir ki, Azərbaycan Yaxın Şərq və Afrika istiqamətində bu qədər ardıcıl və məqsədyönlü siyasət yürüdür, həmin bölgələrdə siyasi, iqtisadi fəallığını artırır. Yaxın Şərqdə davam edən mürəkkəb geosiyasi vəziyyət fonunda dünya ictimaiyyəti ilk dəfə bu qədər ciddi şəkildə münaqişəyə son qoyulmasına ümid bəsləyir. Nəticə etibarilə, Şarm əl-Şeyxdə keçirilən tarixi görüşlər Prezident İlham Əliyevin iştirakı baxımından Azərbaycanın beynəlxalq imici və statusu üçün son dərəcə əhəmiyyətlidir. Azərbaycan bu gün qlobal məsələlərin həllində fəal iştirak edən təşəbbüskar dövlət kimi tanınır. Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımlar göstərdi ki, Azərbaycanın xarici siyasət fəlsəfəsi digər dövlətlərin suverenliyinin və müstəqil siyasət yürütmək imkanlarının möhkəmlənməsinə dəstək verir. Prezident İlham Əliyevin fəaliyyəti xalqların əmin-amanlıq, sabitlik və iqtisadi uğur əldə etməsində mühüm rol oynayıb.
Bu gün dünyanı narahat edən qlobal problemlər – dövlətlərarası münaqişələr, ekoloji böhranlar, “yaşıl enerji” keçidi kimi məsələlər Azərbaycanın diqqət mərkəzindədir. Ölkəmiz bu mövzuları beynəlxalq platformalarda fəal şəkildə qabardır və onların müzakirəsinə, eləcə də praktiki həllinə mühüm töhfə verir. Qarşıdakı illərdə də Azərbaycanın kiçik coğrafi ölçülərinə baxmayaraq, qlobal miqyaslı proseslərdə iştirak edən və böyük dövlətlərlə eyni platformalarda söz sahibi olan ölkə kimi nüfuzunun artacağı şübhəsizdir.
Nəzrin ELDARQIZI
XQ