The New York Times: Yaxın Şərqdə ABŞ qoşunlarının sayı 50 mini keçdi

post-img

The New York Times qəzetinin məlumatına görə, Yaxın Şərqdə yerləşdirilən ABŞ hərbi kontingentinin sayı 50 min nəfəri keçib. Nəşr bildirir ki, 2 500 dəniz piyadası və daha 2 500 dənizçinin bölgəyə göndərilməsi ilə Amerika qoşunlarının ümumi sayı adi göstəricidən təxminən 10 min nəfər çox olub.

Qəzet yazır ki, 31-ci Dəniz Ekspedisiya Bölməsi tərkibindəki dəniz piyadalarına konkret hansı tapşırıqların veriləcəyi hələlik açıqlanmayıb. Bununla belə, Amerika rəsmiləri prezidentin Hörmüz boğazını açmaq səylərinin bir hissəsi kimi İranın əsas neft ixrac mərkəzlərindən biri sayılan Xarq adasının və ya digər strateji ərazinin ələ keçirilməsini nəzərdən keçirdiyini istisna etmirlər.

Nəşr qeyd edir ki, adətən bölgədə – Səudiyyə Ərəbistanı, Bəhreyn, İraq, Suriya, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdə yerləşən bazalar və gəmilərdə təxminən 40 min ABŞ hərbçisi olur. Lakin ABŞ hərbi sözçüsünün sözlərinə görə, İran ətrafında gərginliyin artması fonunda bu rəqəm artıq 50 mini keçib. Bu statistikaya martın 23-də Krit istiqamətində hərəkət edən və daha sonra Xorvatiyaya çatan təyyarədaşıyan gəmidəki 4 500 hərbçi daxil edilmir.

Ötən həftə Pentaqon həmçinin 82-ci Hava-Desant Diviziyası tərkibindən təxminən 2 000 paraşütçünü Yaxın Şərqə göndərib. Hərbi rəsminin sözlərinə görə, bu qüvvələrin yerləşdiyi ərazi açıqlanmır. Ekspertlər ehtimal edir ki, paraşütçülər İranın Fars körfəzinin şimalındakı əsas neft ixrac mərkəzi olan Xarq adasının ələ keçirilməsi üçün və ya dəniz piyadaları ilə birlikdə digər quru əməliyyatlarında istifadə oluna bilər.

Bununla yanaşı, hərbi analitiklər xəbərdarlıq edirlər ki, sayının 50 min nəfəri keçməsinə baxmayaraq, bu kontingent genişmiqyaslı quru əməliyyatı üçün kifayət deyil. Müqayisə üçün qeyd olunur ki, İsrail 2023-cü ilin oktyabrında başlayan Qəzza əməliyyatları üçün 300 mindən çox hərbçi səfərbər etmişdi. 2003-cü ildə İraqa müdaxilə zamanı isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın ilkin qüvvələri təxminən 250 min nəfər idi.

Ekspertlərin fikrincə, əhalisi təxminən 93 milyon olan və ərazisi geniş İran kimi mürəkkəb ölkəyə qarşı 50 minlik qüvvə ilə genişmiqyaslı işğal və ya uzunmüddətli nəzarət əməliyyatı aparmaq real görünmür.

Hazırladı:

S.ELAY

XQ

Dünya