Qonşuluq diplomatiyasının zəfəri

post-img

Moskva–Bakı dialoqunun bərpası Cənubi Qafqazda sabitliyə dəstək qazandırır

Milli maraqların hökmü dövlətlərarası münasibətlərin axarını müəyyən edən qüdrətli qanunauyğunluqdur. Həmin proses müvəqqəti anlaşılmazlıqların və ya kənar təsirlərin yaratdığı süni bəndlərlə ləngiyə bilər, amma strateji zərurətin dəyişməz hökmü gec-tez yolunu açır. Azərbaycan və Rusiya arasında münasibətlərdə son dövrlər müşahidə olunan istiləşmə və dialoqun yenidən intensivləşməsi məhz həmin məntiqin təntənəsidir. İki qonşu dövlətin siyasi iradə nümayiş etdirərək süni maneələri dəf etməsi, hər iki tərəf üçün şübhəsiz qazanc, məsuliyyətli qonşuluq diplomatiyasının zəfəri və Cənubi Qafqazda dayanıqlı sülhün gələcəyi naminə atılmış mühüm addımdır.

Münasibətlərin hazırkı mərhələdəki uğurunun və effektivliyinin əsas açarı, şübhəsiz ki, prosesin geniş ictimai diskursun səs-küyündən, media manipulyasiyalarından və populist çağırışlardan kənarda sakit, təmkinli və işgüzar təmaslar formatında aparılmasıdır. Diplomatiya tarixi sübut edir ki, emosiyaların və subyektiv mülahizələrin soyuq dövlətçilik məntiqini və siyasi məqsədəuyğunluğu kölgədə qoyduğu anlarda ən dayanıqlı, möhkəm təməllərə söykənən münasibətlər belə ciddi sınaqlara çəkilə bilər. Məhz buna görə də iki ölkənin dövlət institutları və siyasi rəhbərlikləri arasında aparılmış sakit, qapalı və konfidensial təmaslar münasibətlərin sağlam məcraya qaytarılması üçün ən optimal yol kimi seçilib. Bu yanaşma, ilk növbədə, emosiyalardan kənar, sırf qarşılıqlı maraqlar, regional təhlükəsizlik reallıqları və iqtisadi zərurətlər nəzərə alınmaqla dialoqun davam etdirilməsinə imkan yaratdı. İctimai müzakirələrə çıxarıldığı təqdirdə siyasi spekulyasiya obyektinə çevrilə biləcək həssas məsələlər peşəkar diplomatların və mütəxəssislərin masası arxasında sakit şəkildə müzakirə edildi. Bu cür metod, eyni zamanda, hər zaman Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaratmaqda maraqlı olan təxribatçı üçüncü qüvvələrin prosesə müdaxilə etmək, yalan məlumatlar yaymaqla ictimai rəyi çaşdırmaq və danışıqları pozmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdı.

Normallaşma prosesinin hərtərəfli, dərin və səmimi xarakter alması cəmiyyətlər səviyyəsində hiss olunması üçün növbəti fundamental vacib addım, heç şübhəsiz, Rusiyada yaşayan və bu ölkənin vətəndaşı olan milyonlarla azərbaycanlıya qarşı son vaxtlar intensivləşən təqiblərin, təzyiqlərin və ayrı-seçkilik hallarının tamamilə və qeyd-şərtsiz dayandırılmasıdır. Dövlətlərarası münasibətlərin həqiqi səmimiliyi və strateji dərinliyi, imzalanan sənədlərin sayından daha çox, vətəndaşlara, xüsusilə də iki xalq arasında canlı körpü rolunu oynayan diaspora qarşı real münasibətdə özünü aydın şəkildə büruzə verir. Rusiya cəmiyyətinin sosial, iqtisadi, mədəni və elmi həyatına əsrlər boyu misilsiz töhfələr vermiş, yaşadıqları ölkənin qanunlarına hörmətlə yanaşan qanunpərəst azərbaycanlıların etnik mənsubiyyətlərinə görə hədəfə alınması, kütləvi yoxlamalara məruz qalması, dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhuna zidd olan, münasibətlərin ümumi pozitiv fonunu kölgə altına alan arzuolunmaz vəziyyətdir. Bu cür hallar həm münasibətlərin səmimiliyinə inamı sarsıdır, həm də iki ölkə arasında gərginlik yaratmaq istəyən qüvvələrin əlinə əlavə fürsət verir. Ümid etmək istərdik ki, dövlət başçıları səviyyəsində əldə olunmuş anlaşmalardan və keçirilmiş görüşlərdən sonra Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları, xüsusilə hüquq–mühafizə bloku lazımi siyasi impulslar aldı və cəmiyyətdə narahatlıq yaradan həmin mənfi tendensiyaya ən qısa zamanda son qoyulacaq.

Bütün mürəkkəb tarixi dövrlərə, regional böhranlara və bəzən üst-üstə düşməyən fərqli maraqlara baxmayaraq, Azərbaycan və Rusiya üçün heç zaman dəyişməyən və dəyişməyəcək fundamental həqiqət var: biz dostuq və ən əsası, qonşuyuq. Coğrafiyanı və minilliklərlə formalaşan tarixi dəyişmək, sadəcə olaraq, mümkün deyil. Həmin coğrafi qonşuluq, iki ölkəyə və xalqa həm böyük imkanlar verir, həm də böyük məsuliyyət yükləyir. Təhlükəsizlikdən iqtisadiyyata, nəqliyyatdan humanitar əlaqələrə qədər saysız-hesabsız sahədə iki ölkənin taleyi bir-birinə bağlıdır. Şimaldan gələn təhdidlərin qarşısının alınmasında Azərbaycanın sabitliyi Rusiya üçün nə qədər əhəmiyyətlidirsə, Şimal–Cənub nəqliyyat dəhlizinin tam gücü ilə işləməsində Rusiyanın rolu Azərbaycan üçün o qədər vacibdir. Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması hər iki ölkənin strateji maraqlarına cavab verir. Məhz buna görə də münasibətlərə pozitiv yanaşma hər iki ölkənin milli maraqlarından irəli gələn praqmatik və strateji imperativdir. Yaranmış anlaşılmazlıqları aradan qaldırmaq və əməkdaşlığı dərinləşdirmək hər iki dövlətin gücünü artırır, regionda onların mövqelərini möhkəmləndirir. Bu reallığı dərk etmək, müvəqqəti emosional partlayışlara və konyunktur maraqlara uymamaq məsuliyyətli dövlətçilik təfəkkürünün əsas tələbidir.

Azərbaycan–Rusiya münasibətlərinin normallaşması bütövlükdə Cənubi Qafqaz regionunun sabitliyinə, təhlükəsizliyinə və inkişafına xidmət edən mühüm hadisədir. Tarixi Zəfərdən sonra regionda yaranmış geosiyasi reallıqlar bütün regional liderlərdən daha konstruktiv və məsuliyyətli yanaşma tələb edir. Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla regionun ən böyük qonşusu və təhlükəsizlik məsələlərində mühüm rola malik Rusiya arasında işlək və etimada əsaslanan dialoqun mövcudluğu bütün regional proseslərin müsbət məcrada inkişafı üçün həlledici şərtdir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinin irəliləməsi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası kimi mürəkkəb məsələlərin həllində Bakı və Moskvanın konstruktiv əməkdaşlığı müsbət təsirə malikdir. Eyni zamanda, “3+3” formatı kimi regional əməkdaşlıq platformasının fəaliyyətinin effektivliyi də birbaşa Azərbaycan–Rusiya münasibətlərinin səviyyəsindən asılıdır. İki ölkə arasında münasibətlərdəki gərginlik regionda qeyri-müəyyənlik yaradır və regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə müdaxiləsi üçün əlverişli şərait yaradır. Əksinə, Bakı və Moskva arasında sağlam və işgüzar münasibətlər regionun problemlərinin bölgə ölkələri tərəfindən həlli prinsipinə xidmət edir və Cənubi Qafqazın kənar geosiyasi oyunların meydanına çevrilməsinin qarşısını alır. Buna görə də hazırkı normallaşma prosesi Cənubi Qafqazda daha təhlükəsiz və firavan gələcəyin qurulması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilməlidir.

Yusif BAĞIRZADƏ,
politoloq

Oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş ikitərəfli münasibətlərdə mühüm dönüş nöqtəsi oldu. Görüş zamanı Rusiya Prezidenti AZAL-ın təyyarəsinin vurulmasına görə rəsmi şəkildə üzr istədi, hadisəyə görə məsuliyyəti qəbul etdi, zərərçəkən ailələrə kompensasiyanın ödəniləcəyini və günahkar şəxslərin hüquqi müstəvidə cəzalandırılacağını bəyan etdi. Bu açıqlamalar Azərbaycan–Rusiya münasibətlərində yaranmış gərginliyin aradan qaldırılmasına və yeni diplomatik mərhələnin başlanmasına real imkanlar açdı.

Şübhəsiz ki, münasibətlərdə yaranmış böhrana görə məsuliyyət qarşı tərəfin üzərinə düşürdü. Buna görə də əlaqələrin normallaşdırılması istiqamətində ilk addımı atmalı olan tərəf Rusiya idi. Moskvanın atdığı ilkin addımlar və səsləndirilən bəyanatlar bir tərəfdən Azərbaycanla təzyiq və təhdid dili ilə danışmağın faydasız olduğunu göstərdi, digər tərəfdən isə münasibətlərin gərginləşməsində maraqlı olan dairələrin planlarını puç etdi. Simonyan, Solovyov, Zatulin və digər ermənipərəstlərin münasibətləri uçuruma sürükləmək cəhdlərinin qarşısı liderlərin mövqeyi sayəsində alındı.

Rusiya tərəfindən səhvlərin etiraf edilməsi göstərdi ki, Azərbaycanla münasibətlərin davamlılığı yalnız qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında mümkündür. Azərbaycan–Rusiya münasibətlərinin normallaşması hər iki tərəfin strateji maraqlarına uyğundur və bu istiqamətdə Rusiya tərəfindən davamlı və ardıcıl addımların atılması vacibdir.

İlk növbədə Rusiyada anti-Azərbaycan mövqeyindən çıxış edən media qurumları, ekspertlər, deputatlar və bəzi rəsmi şəxslər Prezident Putindən nümunə götürməli, münasibətlərə zərbə vuran ritorikadan imtina etməlidirlər. Eyni zamanda, Rusiyada yaşayan və çalışan soydaşlarımıza – iş adamlarına, diaspor təşkilatlarına qarşı haqsızlıq və əsassız hücumlar dayandırılmalı, Yekaterinburq hadisələrində “fərqlənənlərin” cəzalandırılması istiqamətində konkret tədbir görülməlidir.

Yusif ŞƏRİFZADƏ
XQ



Siyasət