Asiya neft çatışmazlığı ilə üzləşir: ABŞ və Avropa növbədədir

post-img

Hörmüz boğazının faktiki olaraq bağlı qalması Yaxın Şərq neftinin dünya bazarına çıxışını əngəlləyib və ölkələr tükənən neft ehtiyatlarının təsirini hiss etməyə başlayırlar. JPMorgan-un keçən həftə açıqladığı hesabatda bildirildiyi kimi, bu təsir əvvəlcə Asiyada görünür və qərbə doğru yayılır.

Adətən, Fars körfəzindən çıxan neft yükləri 10-20 gün ərzində Asiyaya çatır, 20-35 gün ərzində Avropa və Afrikaya, 35-45 gün sonra isə ABŞ-a çatır. Hesabatda qeyd olunur ki, “qərbə doğru hərəkət edən tədarük kəsintisi” səbəbindən Asiya ilk növbədə sıxıntını hiss edir. Son neft tankerinin boğazdan fevralın 28-də keçdiyi və müharibədən əvvəlki yüklərin artıq demək olar ki, tükəndiyi vurğulanır.

Cənub-Şərqi Asiya xüsusilə ciddi zərbə alacaq. Hesabata görə, “əsas problem qiymətdən fiziki çatışmazlığa keçib,” və bölgəyə neft ixracı ay ərzində 41% azalıb.

Növbəti təsir Afrikada hiss olunacaq və aprelin əvvəlində daha da artacağı gözlənilir. Bu, yerli ehtiyat səviyyələrinə və ölkələrin idxal olunan neftə asılılığına bağlıdır. Artıq ilk əlamətlər görünür: Keniya pərakəndə yanacaq çatışmazlığı ilə üzləşir, Tanzaniya isə hələ kifayət qədər ehtiyat saxlayır.

Avropa təsiri aprelin ortalarında hiss edə bilər, lakin güclü inventar ehtiyatı və alternativ Atlantik Hövzəsi tədarükü onu müəyyən qədər qoruyur.

ABŞ zərbəni ən son hiss edəcək. Ölkənin əhəmiyyətli daxili istehsalı qısa müddətli fiziki çatışmazlıqları önləsə də, Kaliforniya tədarük problemlərinə həssasdır və bütün ölkədə qiymət artımları davam edəcək.

Hazırladı:

S.ELAY

XQ

İqtisadiyyat