Adamı yerində belə oturdurlar...

post-img

Əvvəlcə yazımıza sərlövhə olaraq “Erməni lobbisti Adam Şiffin “Sizif əməyi”, yaxud “Sizif daşı” kimi fikirləşmişdik. Amma Kaliforniya haylarının puluna hərisliyinin dərəcəsi itirilmiş senatoru qədim yunan mifologiyasındakı küləklər hökmdarı Eolun oğlu Siziflə müqayisə etməyi küfr saydıq. Allahları aldatdığı üçün ömürlük cəzaya – dağın ətəyindən zirvəsinə kimi daşı diyirlətməyə məhkum edilmiş qələtkar onu son nöqtəyə çatdıran kimi daş üzüaşağı yuvarlanırmış. Sizifin gördüyü işin səmərəsizliyini və mənasızlığını həyatın boşluğu ilə müqayisə kontekstində ədəbiyyata gətirən Əlcəzair əsilli məşhur fransız yazıçısı Albert Kamyu rəvayəti “Zirvəyə doğru təkbaşına didinməyin belə bir insanın ürəyini doldurmağa yetər” fəlsəfəsi ilə ifadə edib.

İndi biz ibrətamiz mif qəhrəmanının əbədi əzabını ürəyi vicdandan, düşüncəsi ədalətdən məhrum demokrat senatorun əməlləri ilə müqayisə edə bilmərik. Çünki ABŞ-da ermənilərin kompakt yaşadığı Kaliforniya ştatından Senata üzv seçilmiş Adam Şiffin anti–Azərbaycan fəaliyyəti – kriminal xarakterli cinayət əməlləri miflərlə deyil, qanunvericiliklə tövsif olunmalıdır. Bəri başdan deyək ki, onun da son “mənzilinin” haypərəst həmkarı Bob Menendez kimi dəmir barmaqlıqlar arxasında olacağına şübhəmiz yoxdur. Amma hələlik Şiff boynuna qoyulan missiyanı yerinə yetirməyə, yəni Azərbaycana qarşı şər-böhtan dolu çıxışlar etməyə, hansısa qanun layihəsinə Bakıya təzyiqi nəzərdə tutan düzəlişi irəli sürməyə borcludur. Amma daha nə Ağ Ev əvvəlki Ağ Evdir, nə də Kapitolidə bir il əvvəlki ab-hava hökm sürür.

Senat Adam Şiffin 2026-cı maliyyə ili üçün Milli Müdafiə Səlahiyyəti Aktına təklif etdiyi anti-Azərbaycan düzəlişinə baxmaqdan imtina etməklə təkcə təşəbbüsün müəllifini deyil, həm də erməni lobbisini yerinə oturtmuş oldu. Azərbaycana təzyiq etmək məqsədi daşıyan budəfəki düzəliş o qədər siyasiləşmiş və reallıqdan uzaq idi ki, heç səsvermə mərhələsinə gedib çıxa bilmədi. Demokrat Şiff təklif etmişdi ki, Vaşinqton rəsmi Bakını “Həbsdə olan ermənilərə qarşı saxta məhkəmələrə (?) son qoymağa, bütün erməni hərbi əsirləri (?) və əsir götürülmüş mülki şəxsləri (?) Ermənistana qaytarmağa” çağırsın. Layihəyə düşəlişdə, həmçinin Tramp administrasiyasına “ATƏT-in Minsk qrupu (?) vasitəsilə” Bakıya diplomatik təzyiqi artırmaq tövsiyə olunurmuş. Əlavə təzyiq vasitəsi kimi hətta “Maqnitski Aktı” ilə Azərbaycan məmurlarına qarşı fərdi sanksiyaların tətbiqi imkanlarının nəzərdən keçirilməsi də irəli sürülübmüş.

Senatın gündəliyinə belə salınmağa layiq görülməyən bu təkiflər ABŞ qanunverici orqanının stenoqram yaddaşına Şiffin siyasi şousu kimi yazıldı. Bu Adamın elementar siyasi məntiqlə düşünmək qabiliyyəti olsaydı, Ağ Evin Azərbaycan və Ermənistan arasında sülh dialoqunun inkişaf etdirilməsi missiyasına zidd sənədi ağlı başında olan heç bir senatorun dəstəkləməyəcəyini anlamalı idi. Ən azı, bu səbəbdən nəticə əvvəlcədən gözlənilirdi. İndi Şiff kimi erməni lobbisi də papağı qarşılarına qoyub fikirləşməli və dərk etməlidir ki, Azərbaycana qarşı saxta arqumentlər, emosional bəyanatlar, tarixi miflər erası arxada qaldı. Adam Şiffin adı onsuz da uzun illər ABŞ-dakı erməni diasporu ilə “qırılmaz tellərlə” bağlılıqda hallanırdı.

Erməni icmasının ənənəvi olaraq güclü sayıldığı Kaliforniya ştatından Senata seçilən Adam Şiff ardıcıl, həm də nümayişkaranə şəkildə anti-Azərbaycan mövqe tutub. O, Ermənistan–Azərbaycan münaqişəsinin səbəb və nəticələrini təhrif edən, işğalçını deyil, bizi “təcavüzkar” kimi qələmə verən çoxsaylı qətnamələrin müəllif–sponsorlarından biri olub. Dəfələrlə Bakını Qarabağ ermənilərinə qarşı “müharibə cinayətləri” törətməkdə, “soyqırımı”nda ittiham edib. Hələ 5 il bundan əvvəl, 44 günlük müharibənin gedişində Şiff Konqresdəki çıxışında ABŞ-dan “insidentə müdaxilə və Bakını dayandırmağı” tələb etmişdi. O, Azərbaycanın öz ərazilərinin işğalçıdan azad etməsini “humanitar fəlakət” kimi qiymətləndirmiş, erməni separatizmini isə “effektiv müdafiə” kimi qələmə vermişdi.

Amma Adamın siyasi portretinin cizgiləri bununla tamamlanmır. Bədnam senatorun adı ABŞ-dakı erməni diasporuna sadiq siyasətçi kimi uzun müddət erməni lobbisinin başqa bir züytutanı, indi həbsxanada səmadan məhrum edilmiş senator Robert Menendezlə eyni ampluada hallanır. Sonuncu təkcə özünün çoxsaylı anti-Azərbaycan təşəbbüsləri ilə deyil, həm də böyük korrupsiya qalmaqalları – rüşvət almaqda, xarici şirkətlərlə qanunsuz sövdələşmələrdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, hətta casusluqda ittiham olundu. Bu ifşalar fonunda Şiffin də haypərəst “fəaliyyəti” ciddi suallar doğurur. Onun “prinsipləri” çox vaxt Konqresdəki “dostlarının” seçki kampaniyalarını səxavətlə maliyyələşdirən erməni diasporunun maraqları ilə üst-üstə düşür. Çox güman ki, ABŞ Femidası senator Adam Şifflə bağlı da “Menendezgeyt”ə bənzər bir cinayət dosyesi üzə çıxaracaq.

Maraqlı bir məqama diqqət yetirək. Şiffin düzəlişi bu il iyulun 31-də dərc edilib. Həmin düzəlişdə o, Donald Tramp Administrasiyasını bütün səviyyələrdə, o cümlədən ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan hökumət orqanlarına təzyiq göstərməyə çağırıb. Cəmi bir həftə sonra, avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqtonda keçirilən sammitində həm ATƏT-in Minsk qrupunun və ona bağlı prosesin bağlanması ilə bağlı qurumun sədrinə birgə müraciət imzaladılar, həm də liderlər Birgə Bəyannamə ilə sülh sazişinin mətnini parafladılar. Yəni Vaşinqton tərəflər arasında sülh qurarkən, Adam Şiff kimi gerizəkalılar otuz illik mantraları təkrarlamaqla, keçmişə boylanmaqla məşğul olurlar. Demokratlar arasında heç kim Ağ Evin Azərbaycan və Ermənistan arasında sülh dialoqunun inkişaf etdirilməsi ilə bağlı öhdəliyinə zidd hər hansı sənədi dəstəkləməyib. Cəmi on il əvvəl haypərəstlərin bu cür təşəbbüsləri onlarla imza toplaya bildiyi halda, bu gün qıcıqdan başqa heç nəyə səbəb olmur, mifdən çox macəraya bənzəyən bu son hadisə isə acı gülüşdən başqa heç bir reaksiya doğurmur. Dünya dəyişib və Amerikanın xarici siyasəti getdikcə etnik lobbilərdən azad olur. Bu gün prioritetlər sabitlik, enerji marşrutları və strateji ittifaqlardır. Azərbaycan isə bu memarlığın əsas elementidir.

İ.HƏSƏNQALA
XQ

Siyasət