Vətən müharibəsinin xronikası

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

12 oktyabr

• Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ordumuz bütün cəbhəboyu əməliyyat üstünlüyünü qoruyub. İşğalçı itirdikləri əraziləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Silahlı Qüvvələrimizin mövqelərinə hücum etməyə cəhd göstərib. Həyata keçirilən əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası sıradan çıxarılıb.

Ermənistan ordusunun 9-cu alayının artilleriya bölməsi Hadrut qəsəbəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə hərbi texnikasını döyüş mövqelərində qoyaraq qaçıb. Qırmızı Bazar istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində düşmənin yeraltı sığınacağı dağıdılıb.

• Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib.

• Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri Ermənistan ordusuna məxsus üç pilotsuz uçuş aparatını məhv edib.

• Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın

27-dən oktyabrın 12-si saat 12:00-dək 41 mülki şəxs həlak olub, 207 nəfər xəsarət alıb, 1185 ev, 57 çoxmənzilli yaşayış binası və 148 mülki obyekt yararsız vəziyyətə düşüb.

• Düşmənin atəşi nəticəsində Tərtərdə məcburi köçkünlər üçün salınan yaşayış kompleksinə böyük ziyan dəyib.

13 oktyabr

• Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyədək canlı qüvvəsi pusquya salınıb.

• Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib.

• Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 13-ü saat 12:00-dək 42 mülki şəxs həlak olub, 206 nəfər isə xəsarət alıb, 1479 ev, 66 çoxmənzilli yaşayış binası və 241 mülki obyekt yararsız vəziyyətə düşüb.

• Azərbaycan əsgəri Hünər Məmmədov silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə düşmənin 7 tankını, 1 PDM-ini, silah-sursat dolu 1 avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.

14 oktyabr

• Prezident İlham Əliyev rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini işğaldan azad etdiyi barədə paylaşım edib.

• Prezident İlham Əliyev Fransanın “France 24” televiziya kanalına müsahibə verib.

• Azərbaycan Ordusu gecə və səhər saatlarında Ermənistan silahlı qüvvələrinin, ümumilikdə, 3 “Elbrus” raket qurğusunu məhv edib.

• Cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən vurulub.

• Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl şəhərinin videogörüntüsünü paylaşıb.

• Baş Prokurorluqdan bildirilib ki, düşmənin Tərtər rayonunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 8 nəfər xəsarət alıb.

Mustafa KAMAL
XQ





Siyasət