Azərbaycan Milli Kitabxanası Türk Dünyası Nəşriyyat Konqresində təmsil olunur

post-img

Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsi Türk dünyasında nəşriyyat sahəsində institusional əməkdaşlığı gücləndirmək, ortaq mədəni yaddaşın qorunmasına töhfə vermək, informasiya istehsalı və paylaşımını inkişaf etdirmək məqsədilə Türk Dünyası Nəşriyyat Konqresi keçirir.

Konqres 27–29 mart 2026-cı il tarixlərində, 2026-cı il üçün “Türk Dünyasının Turizm Paytaxtı” elan edilmiş Ankarada keçirilir.

Konqresin açılış mərasimində Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Gökhan Yazqı iştirak edib. Tədbirdə çıxış edənlər Türk dünyasında nəşriyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, ortaq tarix, dil və mədəni irsə əsaslanan nəşriyyat fəaliyyəti ölkələr arasında əlaqələrin inkişafına və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər türkdilli milli kitabxanaların nümayəndələri iştirak edirlər. Azərbaycan Milli Kitabxanasını elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova təmsil edir. Direktor müavini “Ortaq irs, ortaq gələcək: türkdilli ölkələrin milli kitabxanaları” mövzusunda məruzə və təqdimatla çıxış edib. O, çıxışında Türk dünyasının minilliklər boyu formalaşmış zəngin mədəni irsindən, bu irsi qorumaq və gələcək nəsillərə çatdırmaq üçün milli kitabxanaların qarşısında duran vəzifələrdən danışıb.

Konqres çərçivəsində Türk dünyası nəşriyyat ekosisteminin inkişafı da müzakirə olunub.

Mədəniyyət