Dünya Trampın sülh təşəbbüsünü ehtiyatlı nikbinliklə qarşılayır
ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin sentyabrında Qəzzada davam edən İsrail–HƏMAS münaqişəsinin dayandırılması məqsədilə yeni sülh planı təqdim edib. Təşəbbüsün əsas məqsədi bölgədə uzunmüddətli sabitlik və təhlükəsizliyin təmin olunması, humanitar böhranın aradan qaldırılması və siyasi dialoqun bərpasıdır.
Plan 20 maddədən ibarətdir və mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. İlk mərhələdə tərəflər arasında tam atəşkəs elan olunub, Qəzza əhalisinin humanitar yardımlara çıxışı təmin ediləcək, beynəlxalq təşkilatların fəaliyyəti üçün şərait yaradılacaq. HƏMAS bütün sağ qalan girovları İsrail tərəfinə təhvil verəcək, əvəzində İsrail 250 məhbusu və Qəzzada saxlanılan təxminən 1700 nəfəri azad edəcək. Artıq hər iki tərəf girov və məhbuslarla bağlı öhdəliklərini yerinə yetirib.
Sülh planına əsasən, Qəzzada siyasətdən kənar ixtisaslı şəxslərdən ibarət müvəqqəti “Texnokratik İdarəetmə Şurası” yaradılacaq və onun fəaliyyətinə beynəlxalq müşahidəçilər nəzarət edəcək. ABŞ-ın təşəbbüsü ilə “Sülh Şurası” adlı beynəlxalq idarəetmə orqanı formalaşdırılacaq. Təhlükəsizlik bölməsinə əsasən, HƏMAS-ın hərbi infrastrukturu – tunellər, silah anbarları və istehsal sahələri ləğv ediləcək. Qəzzada təhlükəsizliyi təmin etmək üçün “Beynəlxalq Sabitlik Qüvvəsi” yaradılacaq və bu qüvvə həm təhlükəsizliyi qoruyacaq, həm də yerli polis qüvvələrini təlimləndirəcək.
İqtisadi bərpa istiqamətində Qəzzanın elektrik, su və rabitə sistemləri daxil olmaqla bütün infrastrukturunun yenidən qurulması üçün beynəlxalq donor fondu təsis ediləcək. Bu prosesdə ABŞ, Avropa İttifaqı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin iştirak edəcəyi bildirilir. HƏMAS planın bəzi bəndlərinə ehtiyatla yanaşsa da, ilkin mərhələdə atəşkəs və girov mübadiləsinə razılıq verib. İsrail hökuməti planı “reallığa əsaslanan və təhlükəsizlik maraqlarını qoruyan çərçivə” kimi qiymətləndirib, lakin Qəzzada beynəlxalq nəzarətin mexanizmlərinin daha dəqiq müəyyən edilməsinin vacibliyini vurğulayıb.
BMT, Avropa İttifaqı və Misir Trampın təşəbbüsünü “mümkün diplomatik dönüş nöqtəsi” adlandırıblar. Qətər və Türkiyə planın humanitar aspektlərini müsbət qiymətləndirsələr də, Qəzzanın siyasi statusu ilə bağlı müddəaları qeyri-müəyyən hesab ediblər. Analitiklərin fikrincə, planın uğuru yalnız ABŞ və İsrailin mövqeyindən deyil, həm də ərəb dövlətləri və beynəlxalq təşkilatların koordinasiyasından asılı olacaq.
Sülh razılaşmasının əldə olunmasından sonra Donald Tramp İsrail Knessetində çıxış edərək fələstinliləri və regional tərəfdaşları Qəzzanın yenidən qurulmasına diqqət yönəltməyə çağırıb. O, ABŞ-ın yenidənqurma prosesinə dəstək verəcəyini və digər ölkələri bu təşəbbüsə qoşulmağa dəvət edib. Tramp bu tərəfdaşlar qrupunun “Sülh Şurası” adlandırılacağını qeyd edib. Çıxışında o, İsrailin Baş naziri Benyamin Netanyahu ilə hərbi əməkdaşlıq barədə zarafatla danışaraq bəzi silah sistemləri barədə qeyri-rəsmi dialoqa toxunub.
Tramp çıxışının sonunda “Yeni Yaxın Şərq üçün tarixi şəfəq” ifadəsini işlədərək, bölgədə uzun illər davam edən müharibələrdən sonra sülh dövrünün başlaya biləcəyini bildirib. ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton müharibə istəmir, lakin lazım gələrsə, təhlükəsizlik maraqlarını qorumaq üçün qətiyyətlə hərəkət edəcək. İsrailin Baş naziri Benyamin Netanyahu Trampın girovların azad edilməsindəki rolunu xüsusi qeyd edərək təşəbbüsü regionda real sülhün başlanğıcı kimi qiymətləndirib.
Səbuhi MƏMMƏDOV
XQ