Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə torpaqların əkin məqsədli istifadəyə verilməsinə dair icarə müqavilələri imzalanıb. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təşkil olunan imzalanma mərasimində Kənd Təsərrüfatı Nazirliyinin, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları, Nazirliyin Aparatı və tabeliyində olan qurumların məsul şəxsləri, Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, kənd sakinləri, fermerlər və sahibkarlar iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə İş Şöbəsinin müdiri Leyli Ağayeva bildirib ki, Ballıca və Xanyurdu kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli, 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli, 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçirilir.
Şöbə müdiri qeyd edib ki, ümumilikdə Ballıca və Xanyurdu sakinlərindən kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı 177 müraciət daxil olub. Torpaqların istifadəyə verilməsi prosesinin nəzərdə tutulan vaxtda yekunlaşdırılması məqsədilə Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən kənd sakinlərinə hərtərəfli texniki dəstək göstərilib.
Daxil olan müraciətlər təhlil edilib, təqdim edilən parsellərə müraciətlər çox olduğu üçün Qaydalara əsasən birləşmə imkanları barədə məlumatlandırma aparılıb. Nəticədə, müraciətləri təsdiqlənmiş şəxslərdən 64 nəfər tərəfindən 8 kooperativ, 14 nəfər tərəfindən isə 4 ailə – kəndli təsərrüfatı formalaşdırılıb. İlk mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə kooperativlər və ailə – kəndli təsərrüfatlarında birləşmiş kənd sakinləri arasında icarə müqavilələri imzalanıb.
Qaydalara əsasən, istifadəsinə torpaq sahələri verilmiş kənd sakinləri torpaqlardan təyinatına uyğun istifadə etməli, ərazinin iqlim şəraitinə uyğun və mütəxəssislərin tövsiyə etdikləri bitkiləri yetişdirməli, yalnız sertifikatlı toxum və tinglərdən istifadə etməli, torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görməlidirlər. Müəyyən olunmuş qaydalara əməl etməyən sakinlərlə bağlanmış icarə müqavilələrinə xitam veriləcək, torpaq sahələri təyinatına uyğun istifadə üçün digər kənd sakinlərinin istifadəsinə veriləcək.
İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik bitkilər üçün isə 5 il təşkil edir. Növbəti illərdə torpaqdan səmərəli istifadənin nəticələrinə uyğun olaraq müqavilələrin müddəti uzadıla bilər.
Xatırladaq ki, kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı keçirilən təlimlərdə Ballıca və Xanyurdu kəndləri üzrə torpaqların istifadəyə verilməsi üçün EKTİS vasitəsilə müraciətlərin qəbulu qaydaları, şərtlər və tələblər, müasir suvarma sistemlərinin əhəmiyyəti, səmərəli təsərrüfatçılığın təşkili, texnikalardan səmərəli istifadə qaydaları, tərəvəzçilik, bitkiçilik, meyvəçilik, əkinçilik, aqrar sahədə fermerlərə göstərilən dövlət dəstəyi tədbirləri, işğaldan azad olunmuş ərazilərdə davranış qaydaları və iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsirləri mövzularında məlumatlandırma aparılıb. Təlimləri uğurla başa vuran kənd sakinlərinə sertifikatlar təqdim olunub.
Müşfiq MİRZƏ
XQ