III MƏQALƏ
Liderin özgüvəni
Tarix boyu liderin şəxsi keyfiyyətləri fəlsəfi və politoloji tədqiqatın aktual mövzularından olmuşdur. Müxtəlif liderologiya təlimlərində bu məsələyə əsas yer verilmişdir. Doğrudan da bütün hallarda liderlik onu həyata keçirən insanın fəaliyyət növüdür. Burada sosial-mədəni, tarixi, siyasi, geosiyasi və s. faktorlar, əlbəttə, liderliyə əhəmiyyətli təsir edə bilir. Lakin çox maraqlı və vacib olan faktor liderin şəxsi keyfiyyətləridir. Təcrübə göstərir ki, ən güclü dövlətin lideri belə şəxsi keyfiyyətlərində olan müsbət və mənfi xüsusiyyətləri dövləti idarəetmə üsuluna proyeksiya edir.
Liderlik baxımından problemin mühüm cəhətlərindən biri də bu özəlliklə bağlıdır. Məsələn, tədqiqatçılar R.Nikson və R.Reyqanın özlərini aşağı qiymətləndirmə xüsusiyyətlərinə malik olduqlarından hər qələbə əldə etdikdən sonra sübut etməyə çalışırdılar ki, nəyəsə qadirdilər. Hər maneəni aşmalarına sevinə bilmirdilər, öz əhəmiyyətliliklərini təsdiq etmək üçün yeni maneələri aşmağa can atırdılar.
Belə bir yanaşma mövcuddur ki, R.Nikson və R.Reyqan əzəldən Amerika siyasi isteblişmentinə aid şəxslər olmadıqlarından həmişə özlərini aşağılanmış hiss etmişlər. Lakin beynəlxalq miqyasda liderlər arasında onlara yüksək qiymət verilirdi. Çünki qüdrətli dövlətin rəhbərləri idilər. Buna baxmayaraq hər iki dövlət başçısı özlərini psixoloji təsdiq üçün xüsusi addımlar atmışlar.
Bəzən bu cür dərin psixoloji qatlarda özünə güvənsizlik liderin beynəlxalq miqyasda fəlakətli addımlar atmasına səbəb olur. Məsələn, R.Niksonun Koreya müharibəsinə başlaması buna nümunə ola bilər. 1974-сü ildə vaxtından əvvəl istefa verməsinin də əslində əsas səbəbi özünü aşağı qiymətləndirmədən qaynaqlanan demokratların seçki məntəqəsinə müdaxilə cəhdi olmuşdu (məşhur Uotergeyt qalmaqalı). Çünki heç bir özünə güvənən siyasətçi rəqibin işlərinə qanunsuz qarışmaz, ona əngəl olmağa çalışmaz. Koreya müharibəsi isə ABŞ cəmiyyətinin psixoloji durumu üçün ciddi faciələrə səbəb oldu. Hətta cəmiyyəti şokdan çıxarmaq üçün “posthəqiqət” anlayışına əsaslanan təlim yaratdılar.
Tədqiqatçılar İ.Stalin və N.Xuruşovda da özünü aşağı qiymətləndirmə psixoloji sindromu olduğundan yazırlar. Müasir erməni liderlərin hər birində bu mənfi xüsusiyyət mövcud olmuşdur. Onun son nümunəsi N.Paşinyandır. Ümumiyyətlə, siyasi elitaya aid olmayan adam kimi davranışlarında özünü aşağı qiymətləndirmədən qaynaqlanan çox zəif özgüvən sindromu açıq görünür. S.Sarkisyan və R.Koçaryan üçün də eyni neqativ keyfiyyət xarakterikdir. Azərbaycanda özünü aşağı qiymətləndirmə sindromu səbəbindən Ə.Elçibəy və A.Mütəllibov kritik zamanlarda qətiyyətli və inamlı addımlar ata bilmədilər.
Liderliyə adekvatlılıq keyfiyyəti
Yuxarıdakı qısa müqayisələr belə liderin şəxsiyyəti baxımından maraqlı istiqamətlərə yönəldir. İndi elmdə bu aspekti də ciddi araşdırırlar. Məsələ onunla bağlıdır ki, lider aşağı özünüqiymətləndirməyə malikdirsə, qeyri-adekvatılılıq affektindən ciddi surətdə əziyyət çəkir. Bu hal bütövlükdə dövlətçilik üçün bir məqamda fəlakətə səbəb ola bilər. Çünki qeyri-adekvatlıqdan əziyyət çəkən liderlərin ürəkdən müsbət niyyətlə atdığı addımları belə toplumda neqativ qiymətləndirilirsə, onu mənəviyyatsızlıq və səriştəsizlikdə ittiham edirlərsə, dərhal psixoloji şoka düşür. Bu zaman onun emosional xarakterli hansı gedişi edəcəyi məlum olmur. Əksər hallarda onlar cəmiyyətdən (xalqdan, toplumdan) və ümumiyyətlə, dünyadan küsürlər. Bununla malik olduqları müsbət potensialı belə reallaşdıra bilmirlər. ABŞ prezidenti Lindon Conson Vyetnam savaşına görə belə bir vəziyyətə düşmüşdü. Postsovet məkanı ölkələrində də buna bənzər hadisələr mövcud olmuşdur. İndi Ermənistan siyasi elitası eyni əhvali-ruhiyyəni yaşayır.
Liderliyə adekvat olan şəxslər isə siyasi arenada ən yaxşı nümunə göstərirlər. Onlara etibar və etimad yüksək olur, əməkdaşlıq etmək üçün çalışırlar. Liderliyə özgüvənlə adekvat olan siyasətçilər qətiyyətli, inamlı və çevik qərarlar qəbul edirlər. Onlar hətta riskli addımlar ata bilirlər. Daxillərindəki özünəinam və yüksək qiymətləndirmə bu liderləri stimullaşdıra bilir. Bütün bunlara görə liderin özünü qiymətləndirməsi və özgüvəni sadə psixoloji məsələ deyil.
Onu vurğulayaq ki, elm tarixində şəxsiyyətin psixoloji təcrübəsi ilə liderliyi arasında əlaqəni geniş araşdırmışlar (Q.Lassuel, A.Corc və başqaları). Lakin bizi əsas olaraq müsbət mənada özgüvən və özünüqiymətləndirmə maraqlandırır.
Heydər Əliyev: özgüvən nümunəsi
Azərbaycan Prezidenti İlham Əliyevin özgüvən və liderliyə adekvatlılıq keyfiyyətlərini gerçək dərk etmək üçün siyasi varislik kontekstində Ulu öndər Heydər Əliyevin zəngin və ibrətverici liderlik nümunəsinin bir aspektinə təkrar nəzər salmaq gərəkdir.
Heydər Əliyev nəinki postsovet məkanında, hətta dünya miqyasında yüksək liderlik psixoloji keyfiyyətlərinə malik olan böyük şəxsiyyət idi. Bu tezisi Ümummilli liderin müstəqil Azərbaycan Respublikası quruculuğu prosesində atdığı addımlar sübut edir. Biz imkan daxilində həmin addımların, kritik situasiyalarda alınan qərarların yalnız bir qisminə baxaq.
1993-cü ildə yenidən hakimiyyətə dəvət olunanda ölkə elə bir böhran vəziyyətində idi ki, Heydər Əliyev asanlıqla imtina edə bilərdi. Ulu öndər tam dərinliyinə və dəqiqliyinə qədər hansı riskə getdiyini anlayırdı. Azərbaycan və SSRİ siyasi elitasında xüsusi yeri və təcrübəsi olan qətiyyətli şəxsiyyət kimi Heydər Əliyev həmin ağır yükün məsuliyyətini üzərinə götürdü. Onu da deyək ki, həmin dönəmdə Azərbaycan rəhbərliyində olan dairələrin də Heydər Əliyevi yüksək qiymətləndirdiklərini deyə bilmirik. Amma bu münasibət güclü psixologiyaya və özünə inama malik Heydər Əliyev üçün nə psixoloji sindroma çevrildi, nə də özünə inamı zəiflətdi. Heydər Əliyev problemin üzərinə qətiyyət və güvənlə getdi.
Ancaq o dönəmdə hələ beynəlxalq dairələr Ulu öndərin tam potensialını və psixoloji, iradi dayanıqlılığını ya dərk etmirdilər, ya da onu aşmağı qarşılarına məqsəd qoymuşdular. “Əsrin müqaviləsi” buna görə onları şoka salmışdı. Dalbadal iki sui-qəsd cəhdinə baş vurdular. Onda Ulu öndərin lider kimi psioxoloji özgüvəni tam mənası ilə hər kəsə aydın oldu: ən kritik məqamda Heydər Əliyev Azərbaycan dövlətçiliyinə üstünlük verdi və özü həyatını riskə atdı - təyyarə ilə təcili Bakıya uçdu. Bu addımdan onu hətta ən yaxın dostu Süleyman Dəmirəl belə çəkindirə bilmədi! Heydər Əliyev gəldi, zəkası, iradəsi, siyasi qətiyyəti ilə qalib oldu! Buna bənzər Avrasiyada ikinci ldierlik qətiyyəti və özgüvəni nümunəsi yoxdur!
Başqa özgüvən nümunəsi Heydər Əliyevin atəşkəsə nail olması idi. Qısa zamanda ordunu toparlayıb, işğalçılara ciddi itkilər verdi. Azərbaycanın az da olsa ərazisinin bir qismini azad etdi. Düşmənin havadarı atəşkəs təklif edəndə, yaranmış vəziyyəti düzgün qiymətləndirib, razılaşdı. Yəni Heydər Əliyev R.Niokson, L.Conson və ya R.Reyqana xas olan psixoloji natamamlığa deyil, özünü yüksək qiymətləndirməyə əsaslanan, Azərbaycan siyasi isteblişmentinin birinci sırasında qərar tutan, özünə tam güvənən (burada xalqa güvənc ciddi rol oynayırdı) böyük Lider kimi təmkin, səbir və uzaqgörənliklə davrandı. Bizlər və dünyadakı bir çox özündənrazı siyasi dairələr bu addımın əsl mənasını əsas olaraq yalnız II Qarabağ müharibəsindən sonra anladıq.
Heydər Əliyevin yüksək özgüvənə sahib olmasını təsdiqləyən davranışlarından biri də enerji strategiyasını davamlı olaraq təmkinlə həyata keçirməsi ilə bağlıdır. Hətta Gürcüstan tərəfdən süni tələb irəli sürüləndə belə, Ulu öndər siyasi müdrikliyini, psixoloji dayanıqlığını və özünə inamı yüksək səviyyədə saxlayaraq həmin qondarma maneəni də qətiyyətlə aşdı. Bunun fonunda ordu quruculuğu, xarici siyasətdə müsbət nəticə verən addımların atılmasını və digər məqamları da vurğulamaq olar.
Onların sırasında Heydər Əliyevin lider kimi psixologiyasında özünəinam və qətiyyətin rəmzlərindən biri kimi B.Klinton və H.Kissincerlə görüşlərini xatırlada bilərik. B.Klinton ABŞ-ın prezidenti kimi Heydər Əliyevə təsir etməyə çalışdı, lakin qətiyyətli cavab aldı: “biz 907-ci düzəliş şəraitində yaşadıq və bundan sonra da yaşayacağıq”! Bakıda səfərdə olarkən buna bənzər cəhdi H.Kissincer də etmişdi, ancaq o da eyni qətiyyətlə rastlaşdı. Məlum Ki-Uest görüşü isə bu kontekstdə xüsusi bir nümunədir!
İlham Əliyevin özgüvəni: siyasi varislik
Heç də bütün hallarda özünə güvənən və qətiyyətli olan lider varisinə həmin psixoloji keyfiyyəti ötürə bilmir. Hakimiyyəti ötürmək olar, siyasi kursun mahiyyətini də xələfə (bir şəxsin işini layiqli davam etdirən şəxs mənasında) tam anlatmaq mümkündür, lakin varislik çərçivəsində qətiyyət, özgüvən və digər psixoloji-iradi keyfiyyətlərin ötürülməsi hardasa imkansızdır.
Əgər liderliyi tədqiq edən analitik psixoloqların izahı prizmasında baxsaq, bunun kökü uşaqlıqda verilən tərbiyə və şəxsin həyat təcrübəsinə bağlıdır. Uşaqlıqdan insan özünə güvənclə, heç bir psixoloji travma almadan, aşağılayıcı özqiymətləndirməyə yuvarlanmadan böyüyürsə, onun liderliyi digərlərindən keyfiyyətcə fərqlənir. Ancaq vurğulanan keyifyyətləri ən kritik zamanlarda belə saxlaya bilən ailə mühiti olmalıdır.
Bizcə, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti onu sübut edir ki, Ulu öndər ailədə həmin müsbət auranı ən çətin zamanlarda belə saxlaya bilməsi ilə qalib gəlmişdir! Heydər Əliyev İlham Əliyev kimi övladın tərbiyəsində buna nail olmuşdur! İndi Prezidentdən fəxarətlə danışmağımızın psixoloji və mədəni, mənəvi. əxlaqi təməli həmin dönəmdə qoyulmuşdur!
Başqa müsbət dəyərlərlə yanaşı, İlham Əliyevin həmin şəxsi şüuri təcrübəsi, onun avtomatik olaraq Ulu öndərin malik olduğu qətiyyəti, özgüvəni, yüksək iradi keyfiyyəti siyasi varislik kontekstində əxz etməsinə geniş imkan yaratmışdır. Bu məsələdə şübhə etmirik ki, Ulu öndərin heç bir çətinliyi və problemi olmamışdır.
Prezident İlham Əliyevin təbiətən qətiyyətli və özünə güvənən şəxsiyyət olduğunu ən kritik məqamlarda davranışları sübut edir. İki nümunədə bunu aydın görmək mümkündür.
Birinci nümunə: Vətən müharibəsi
İndi elə bir alim, filosof, analitik, politoloq və ekspert yoxdur ki, Prezident İlham Əliyevin II Qarabağ müharibəsinin gedişində davranışlarını təhlil etməsin və həmişə də nəticə eyni olur: İlham Əliyev yüksək zəkalı, uzargörən strateq, qətiyyətli, özünə tam əmin olan, lakin bir an belə ədalət və humanistlikdən uzaqlaşmayan uğurlu liderdir!
Bu qənaətə fəlsəfi, psixoloji, lideroloji, sosioloji, biologiya və kibernetikanın sintezində yaranan sosiologiya və başqa yanaşmalar çərçivəsində aparılan tədqiqatlarla gəlmək olar. İndi bədən hərəkətlərindən ümumi elmi-psixoloji nəticələr çıxarmaq üsulu geniş yayılmışdır.
N.Luman sosiologiyasının davamçıları biokibernetik sosiologiya adlanan postluman sosiologiyasında şəxsiyyətin psixoloji vəziyyəti ilə fəaliyyəti arasında münasibəti ifadə edən bədən hərəkətlərini modelləşdirməyə çalışırlar. İlham Əliyevin müharibənin gedişində etdiyi çıxışları və xüsusilə, jurnalistlərə verdiyi müsahibələrdəki bədən hərəkətləri Azərbaycan Prezidentinin qətiyyətli və özünə tam güvənən şəxsiyyət olduğunu əyani göstərmişdir! Bu qənaətə Azərbaycan liderinin psixoloji durumu ilə qətiyyəti və özünəinamı ifadə edən bədən hərəkətlərinin sintezində gəlinmişdir. Həmin baxımdan o hərəkətlərin elmi tədqiqi çox aktual vəzifələrdən biridir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

