Qədim Kəngər-Hörmüz boğazı, siyasi təlatümlər mərkəzi...

post-img

Qədim Kəngər boğazı hazırda Hörmüz boğazı adlanan, dünyanın siyasi və iqtisadi xəritəsində kiçik görünən, amma təsiri çox böyük olan bir nöqtədir.

Tarix boyu Hörmüz yalnız coğrafi məkan olmayıb, həm də güc və nəzarət uğrunda mübarizənin simvoluna çevrilib. Qədim dövrlərdən başlayaraq müxtəlif imperiyalar bu boğaza sahib çıxmaq istəyib, çünki onu nəzarətdə saxlamaq ticarət yollarına hakim olmaq demək idi. Müasir dövrdə isə bu ərazi beynəlxalq siyasətin ən həssas nöqtələrindən biridir: burada baş verən hər hansı gərginlik qlobal enerji bazarlarını silkələyə, hətta böyük siyasi qarşıdurmalara yol aça bilər.

Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzi arasında yerləşən dar, lakin həyati əhəmiyyət daşıyan bir keçiddir. Bu boğaz sanki dünya iqtisadiyyatının nəbzi kimi döyünür, çünki planetdə istehsal olunan neftin bir hissəsi məhz buradan keçərək qlobal bazarlara çatdırılır.

Bu gün Hörmüz boğazı təkcə xəritədə bir xətt deyil, həm də dövlətlərin maraqlarının toqquşduğu, strateji hesablaşmaların aparıldığı və dünyanın diqqətinin daim yönəldiyi bir boğazdır. Qədim Kəngər-Hörmüz boğazının üzərində su sakit görünsə də, alt qatında böyük geosiyasi dalğalar təlatümdədir.

Körfəzin sahilində İrandan əlavə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq dövlətləri yerləşir. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı İran körfəzinə tökülür.

İran-İraq müharibəsi zamanında da Kəngər boğazı zərbə altına alınıb. İran iddia edirdi ki, körfəz tam olaraq onun nəzarətində olmalıdır. Hələ 1983-1988-ci illərdə İraq İranın gəmilərinə zərbə endirirdi. 1988-ci ildə Kəngər körfəzində ABŞ-la İran arasında baş verən qarşıdurmada ABŞ İran gəmilərinə zərbə vurdu, İran isə öz növbəsində, ABŞ-ın katerlərini batırdı. Həmin il hətta ABŞ İranın bir sərnişin təyyarəsini səhvən vurur və İranın 290 adamı həlak olur.

Hörmüz boğazı kimindir?

Kəngər körfəzinin hansısa bir dövlətə aid olması əslində mübahisəli məsələdir. Kəngər körfəzindən Mesopatamiya zamanından bu yana min illərdir ki, ticarət yolu kimi istifadə olunub. 19-20-ci əsrlərdə, xüsusilə 20-ci əsrin əvvəllərində ərazilərdə neft yataqları tapıldıqdan sonra Kəngər körfəzinin aktuallığı daha da artıb. Əslində qədimdə bu ərazidə Hörmüz adında bir dövlət də olub, körfəzin indiki adı da oradan götürülüb.

1515-ci ildə portuqaliyalılar o əraziləri işğal edib orada bir qala tikiblər və 100 ildən artıq 1622-ci ilədək o ticarət yoluna nəzarət ediblər. 1622-ci ildə Səfəvilər dövlətinin hökmdarı 1 Şah Abbas və britaniyalılar portuqaliyalıları oradan qovublar. Ondan sonra iki əsr ərzində, 1971-ci ilədək bu məkana britaniyalılar nəzarət edib.

Körfəzin ümumi sahəsi 239 000 km², uzunluğu 926, eni 180–320, boğazın dar hissəsi 33-34 kilometr, orta dərinliyi 50 metrə yaxın, maksimal dərinliyi 102 metrdir.

1908-ci ildə Qacar dövlətinin ərazisində neft yatağı aşkar olunduqdan sonra Kəngər körfəzi strateji bir məkana çevrilib. 1950-ci ildən – İranda neft istehsalı artdıqdan sonra Kəngər körfəzinin aktuallığı daha da artıb. Beləcə, uzun illər Hörmüz boğazından dünya bazarına çıxarılan neft indiki İran ərazisində yaşayan xalqların, o cümlədən Azərbaycan türklərinin sosial və maddi vəziyyətinin yüksəldilməsinə xidmət edib.

Müharibədən əvvəl Hörmüz boğazından gündə dünya bazarına təxminən 20 milyon barrel neft və neft məhsulları aparılıb, bu rəqəm isə ildə 7, 7,53 milyard barrel karbohidrogen ehtiyatları deməkdir. Bu da qlobal neft ticarətinin təxminən 20%-nə (beşdəbirinə) bərabərdir. Belə olduqda Hörmüz boğazı dünya enerji təchizatında ən strateji və kritik “boğazlardan” birinə çevrilir.

Bu gün İran bu ərazini nəzarətə götürüb və körfəzin 97 faizi bağlıdır. İran özünə dost saydığı ölkələrin tankerlərinin oradan çıxarılmasına imkan verir. Bu ölkələr Rusiya, Çin, Hindistan və Pakistandır. İran ABŞ-ın irəli sürdüyü 15 şərti tanımır və öz şərtlərini irəli sürür.

Əslində BMT-nin konvensiyasına görə Hörmüz boğazı heç bir dövlətin mülkü deyil, beynəlxalq sular sayılır. İran 1983-cü ildə həmin sənədə imza atıb, ancaq sənədi paraflamayıb. 1995-ci ildə Bəhreyn həmin boğaza nəzarət etməyə başlayıb. İran deyir ki, bu məkanda sahildən 12 mil, yəni 22 kilometr İran ərazisi sayılır. Həmin fikri Oman da irəli sürür, yəni dövlətin sahilindən 12 mil Oman ərazisidir.

Dünyada belə düşünənlər də var ki, körfəz İran, BƏƏ, Omanın nəzarətində olmalıdır. Boğazın ən dar hissəsi, yəni 33-34 kilometri İranla Oman arasına düşür və beynəlxalq konvensiyaya görə bu, beynəlxalq ərazi sayılır.

Körfəzin müxtəlif adları

Farslar bu dar su yolunu İran və ya Fars körfəzi, 1960-cı illərdən sonra ərəb milliyyətçiləri Ərəb körfəzi adlandırmağa başlayıb. İran körfəzi və ya Fars körfəzi İran və Ərəbistan yarımadası arasındakı Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Türklər bu körfəzi Bəsrə körfəzi də adlandırıb. Bu ad tarixi köklərə bağlıdır və Osmanlı imperiyası dövründə körfəz bu adla tanınıb.

Qədim yunan mənbələrində, həmçinin Herodotun yazılarında bu məkanın adı Qırmızı dəniz, qədim Babil qaynaqlarında Akkaddan şimalda yerləşən dəniz adlandırılıb.

Eradan əvvəl 550–330-cu illər arasında mövcud olan ilk fars dövləti – Əhəmənilər imperiyası dövründən bəri bu körfəz Pars dənizi adlanıb.

Son dövrlərdə körfəzin Fars körfəzi və ya Ərəb körfəzi adlandırılması bəzi ərəb ölkələri ilə İran arasında ciddi mübahisəyə səbəb olub. 2010-cu ildən bəri İranda İslam və Mədəni İnqilab Ali Şurası tərəfindən aprelin 30-nun rəsmi olaraq Fars körfəzi günü kimi qeyd olunması ilə bağlı qərar verilib. Bununla əlaqədar İran poçt xidməti ayrıca markalar buraxıb.

Körfəzlə bağlı orta əsr Avropa kartoqrafları tərəfindən çəkilən xəritələrdə də adlardan istifadə olunub. Alman kartoqrafı Qustav Droysenin “945-ci ilədək Xilafət dövləti” (“Das Reich der Kalifen bis 945”) xəritəsində körfəzin o dönəmdəki ərəbcə adı olan Bəhr-ül Farsi (Fars dənizi) almanca Grünes Meer, yəni Yaşıl dəniz kimi qeyd olunub.

16-cı əsrdə alman kartoqrafı Gerhard Merkatorun 1561-ci ildə çəkdiyi dünya xəritəsində körfəzin adı latınca Mare di Mesendin, yəni Müsəndəm dənizi adlanıb. Bu ad Ərəbistan yarımadasının şimal-şərq nöqtəsində yerləşən Müsəndəm yarımadasının adı ilə bağlıdır. Həmin yarımada hazırda Oman və Birləşmiş Ərəb Əmirlikləri arasında bölünüb.

Digər bir kartoqraf Abraham Orteliusun 1570-də çəkdiyi xəritədə isə körfəz latınca Mare El Catif, yəni Qətif dənizi adlandırılıb. Bu ad isə Səudiyyə Ərəbistanının şərq sahilindəki əş-Şərqiyyə məntəqəsində yerləşən Qətif şəhərinin adı ilə bağlı olub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst ölkəsinin körfəz bölgəsinə münasibətindən danışarkən deyib: “Körfəzin adı hamıya aydındır. Qərb dövlətləri öz tarixi sənədlərinə nəzər yetirsə, buna bir daha əmin olarlar. Bölgə Fars körfəzi adını daşıyıb və daşıyacaq. Heç kəsin Fars körfəzinin adını dəyişməyə nə haqqı var, nə də imkanı. İran xalqı körfəzin adının dəyişdirilməsinə dözməz. Fars körfəzinin adı mübahisəsizdir. Biz başqa adla nə razılaşmışıq, nə də ki, razılaşacağıq”.

Körfəz Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası

Körfəz Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası və ya qısa olaraq Körfəz Əməkdaşlıq Şurası 1981-ci il mayın 25-də Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətləri tərəfindən yaradılıb və bu, ərəb ölkəsinin beynəlxalq iqtisadi birliyidir. İştirakçı dövlətlərin ümumi razılığı ilə rəsmi sənədlərdə birliyin adında “Fars” sözü işlədilmir. İran bu birliyə daxil olunmayıb. Yəmən 2006-cı ildən üzvlük üçün müraciət edib.

Şuranın üzvü olan dövlətlər arasındakı iqtisadi razılaşma 1981-ci il noyabrın 11-də Ər-Riyadda imzalanıb.

Körfəz Əməkdaşlıq Şurasının üzvləri öz üzərlərinə iqtisadiyyat, maliyyə, ticarət, gömrük, turizm, sənaye, mədənçilik, əkinçilik, su ehtiyatları sahələrində əməkdaşlıq, elmi tədqiqat mərkəzləri yaratmaq, müştərək olaraq ticarət etmək, “Khaleeji” adlı ortaq pul vahidi yaratmaq kimi öhdəliklər götürüblər.

İslam həmrəyliyi idman oyunları niyə keçirilmədi?

İslam Konfransı Təşkilatı 2001-ci ildə İranda “İslam həmrəyliyi idman oyunları”nın keçirilməsi ilə bağlı qərar qəbul edib.Xatırladırıq ki, birinci oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında baş tutub. Birinci oyunlarda Özbəkistan, Albaniya və Toqo istisna olmaqla 53 müsəlman dövlətindən 6,5 min idmançı iştirak edib. Bu il keçiriləcək yarışlar keçən ilin oktyabrında olmalı idi. Bir problem ucbatından bu oyunların keçirilməsi təxirə salınıb. Məsələ burasındadır ki, İran yarışların loqosunda medalların və mükafatların üzərindən “Fars körfəzi” ifadəsinin yazılmasını tələb edib. Səudiyyə Ərəbistanının təmsilçiləri isə loqoda, medalların və mükafatların üzərində “Ərəb körfəzi” və ya sadəcə olaraq “Körfəz” yazılmasının tərəfdarı kimi çıxış ediblər.

***

Xatırladırıq ki, aprelin 8-də İran və ABŞ iki həftəlik atəşkəs elan ediblər, ayın 11-12-də İslamabadda Amerika Birləşmiş Ştatları və İran arasında aparılan danışıqlar nəticəsiz başa çatdıqdan sonra ABŞ Prezidenti Donald Tramp boğazın dəniz blokadasına alınacağını bildirmişdi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, nə Vaşinqton, nə də Tehran hələlik atəşkəsin uzadılması barədə rəsmi razılığa gəlməyiblər, lakin əlaqələr Pakistanın vasitəçiliyi ilə davam edir.

Vasitəçilər atəşkəsin aprelin 22-də bitməsindən əvvəl həftəsonu danışıqları pozan üç əsas mübahisəli məsələdə güzəştə getməyə çalışırlar. Bunlar İranın nüvə proqramı, Hörmüz boğazı və müharibənin vurduğu ziyana görə kompensasiyadır.

Bəli, İran ABŞ tərəfindən dəniz blokadasına alınıb. Bundan sonra hadisələr necə cərəyan edəcək...

Yaşayarıq, görərik.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd



Siyasət