Azərbaycan ilə Oman arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi imkanları müzakirə edilib

post-img

Oktyabrın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində Oman Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Al Xəlili ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı tərəflər Azərbaycan ilə Oman arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə edib, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən, iqtisadi, ticarət, enerji və humanitar sahələrdə genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Ölkələrimiz arasında Parlamentlərarası əməkdaşlıq əlaqələrinin inkişafı məmnunluqla qeyd edilib, hər iki parlamentdə dostluq qruplarının yaradılmasının münasibətlərin inkişafı istiqamətində mühüm addım olduğu vurğulanıb.

Görüşdə Azərbaycan ilə Oman arasında münasibətlərin inkişafında ikitərəfli siyasi təmasların mühüm rolu vurğulanıb.

Omanda Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və əlaqələrin dərinləşməsinə yeni imkanlar yaratdığı qeyd olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən 2026-cı ildə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşü və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyinin əhəmiyyətinə toxunaraq, bu tədbirlərin dialoq, həmrəylik və dayanıqlı inkişaf prinsiplərinin təşviqi baxımından yeni əməkdaşlıq imkanları yaradacağını bildirib.

Söhbət zamanı, həmçinin regional və beynəlxalq məsələlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Siyasət