Almaniya kansleri Fridrix Merts hesab edir ki, indiki dünya nizamı artıq öz mövcudluğunu başa vurub. O, bu fikri Berlində “Süddeutsche Zeitung” qəzetinin təşkil etdiyi iqtisadi konfransda səsləndirib.
“Biz hələ bilmirik ki, dünya nizamı bir neçə ildən sonra necə görünəcək. Amma tam əminik ki, biz Qərbdə son 80 ildə, Şərqdə isə 35 ildə tanıdığımız dünya nizamı artıq yoxdur. Əgər biz yeni dünya nizamı formalaşdırmaq istəyiriksə, bu yalnız Avropadakı qonşularımızla birlikdə mümkün ola bilər”. Kansler sonra qeyd edib ki, Almaniya hökuməti qarşısındakı çağırışlar “müharibədən sonrakı tarixi ərzində nadir hallarda, bəlkə də heç vaxt olmadığı qədər çoxşaxəlidir və mürəkkəbdir”: Bu çağırışlar arasında Merts Ukraynadakı münaqişəni, Çinlə münasibətləri və ABŞ-la ticarət ziddiyyətlərini sadalayıb: “Atlantika boyunca dərin bir parçalanma yaranıb və bu parçalanma son onilliklərdə transatlantik münasibətlərdə doğru və zəruri hesab etdiyimiz demək olar ki, hər şeyi sual altına qoyur”.
Almaniya kansleri Fridrix Mertsin Berlində səsləndirdiyi fikirlər qlobal siyasi dinamikanın yeni mərhələyə keçdiyini göstərən açıq mesajdır. Onun “əvvəlki dünya nizamı başa çatdı” ifadəsi Qərbin son onilliklərdə üstünlük təşkil edən təhlükəsizlik, iqtisadi və siyasi arxitekturasının artıq işlək mexanizmlərdən məhrum olduğunu üzə çıxarır. “Soyuq müharibə”dən sonrakı dövrdə formalaşmış və əsasən ABŞ-ın liderliyi ilə fəaliyyət göstərən beynəlxalq nizam indi müxtəlif tərəflərdən təzyiq altındadır: Rusiya – Ukrayna müharibəsi, Çinlə geosiyasi rəqabət, qlobal ticarət sistemində parçalanma, enerji böhranı, texnoloji müstəqillik uğrunda mübarizə və transatlantik ittifaq daxilində artan fikir ayrılıqları bu nizamın dayanıqsızlığını daha da dərinləşdirir.
Mertsin vurğuladığı əsas tezislərdən biri ondan ibarətdir ki, Qərbin 80 il ərzində üzərində qurduğu prinsiplər artıq qlobal reallıqlarla üst-üstə düşmür. ABŞ və Avropa arasındakı münasibətlərdə yaranan çatlar, xüsusilə ticarət və sənaye siyasəti sahəsindəki ziddiyyətlər bu fikri daha da möhkəmləndirir. Vaşinqtonun getdikcə Asiya - Sakit okean regionuna yönəlməsi Avropa üçün strateji boşluq yaradır. ABŞ-ın qəbul etdiyi yeni sənaye subsidiyaları isə Avropa istehsalçılarını zəiflədərək transatlantik münasibətlərin iqtisadi əsaslarını sarsıdır. Merstin “Atlantika boyunca dərin parçalanma” kimi xarakterizə etdiyi bu proses Qərbin tarixi həmrəyliyinin ilk dəfə bu qədər ciddi şəkildə sual altına düşdüyünü nümayiş etdirir.
Ukrayna münaqişəsi Almaniyanın qarşısında duran ən mürəkkəb sınaqlardan biri olaraq qalır. Müharibə Avropanın enerji təhlükəsizliyini sarsıdıb, qitənin müdafiə qabiliyyətinin real vəziyyətini üzə çıxarıb və Almaniyanın uzun illər formalaşdırdığı iqtisadi modelə ciddi zərbə vurub. Berlin paralel şəkildə həm Ukraynaya dəstəyi davam etdirməyə, həm də daxili sosial-iqtisadi sabitliyi qorumağa çalışır. Bu isə Almaniyanın geosiyasi mövqeyinin yenidən dəyərləndirilməsini qaçılmaz edir.
Digər tərəfdən, Çinlə münasibətlər də Almaniya üçün mühüm strateji dilemmanın hissəsidir. Berlin həm Çin bazarına olan dərin iqtisadi bağlılığını saxlamağa, həm də Pekinin qlobal siyasətdə artan iddialarına reaksiya verməyə məcburdur. ABŞ-ın Çinə qarşı sərtləşən siyasəti və Avropada formalaşan “strateji təhlükəsizlik” yanaşması Almaniyanı daha çətin seçimlər qarşısında qoyur. Bu vəziyyət Avropanın texnoloji müstəqillik, enerji keçidi və müdafiə sənayesi kimi sahələrdə daha koordinasiyalı və özünə yetərli siyasət formalaşdırmasını zəruri edir.
Mertsin çıxışında vurğuladığı ən mühüm məqamlardan biri Avropanın yeni dünya nizamında yalnız birgə hərəkət etməklə rol oynaya biləcəyi fikridir. O, faktiki olaraq, Avropa İttifaqının strateji güc mərkəzinə çevrilməsinin vaxtının çatdığını bildirir. Bu, təkcə diplomatik həmrəyliyi deyil, həm də real hərbi-siyasi gücə malik olan “strateji Avropa” konsepsiyasının formalaşmasını tələb edir. Yeni nizam üçün əsas şərt ABŞ-dan tam ayrılmaq deyil, asılılıq səviyyəsini optimallaşdırmaq və qlobal proseslərdə daha müstəqil mövqe nümayiş etdirməkdir.
Mertsin nitqi həm də qlobal sistemin gələcəyinə dair dərin qeyri-müəyyənliyi əks etdirir. Dünya çoxqütblü və qeyri-sabit bir fazaya keçid edir. Regional güclərin artan rolu, beynəlxalq təşkilatların təsirinin zəifləməsi, texnoloji üstünlük uğrunda qızğın rəqabət və enerji marşrutlarının yenidən formalaşması yeni reallığın əsas elementləridir. Belə şəraitdə Avropanın, xüsusilə də Almaniyanın qarşısında duran ən böyük vəzifə yeni nizamı, sadəcə, qəbul edən deyil, onu formalaşdıran fəal gücə çevrilməkdir.
Bu baxımdan, Mertsin fikirləri həm də Avropa üçün strateji xəbərdarlıq kimi qiymətləndirilə bilər: dünya dəyişir və bu dəyişikliklərin mərkəzində olmayanlar onların təsiri altında qalmağa məhkum olacaq.
Səbuhi MƏMMƏDOV
XQ

