Çağdaş tariximizin qürur səhifəsi

post-img

17 Noyabr Azərbaycanın dövlət müstəqilliyinə aparan yolun başlanğıcıdır

1988-ci il noyabrın 17-dən dekabrın 4-dək davam edən mitinqlərdə müxtəlif təbəqələrdən olan insanlar hüquqsuzluğa son qoyulmasını, Azərbaycanın tarixi torpaqlarına uzanan əllərin kəsilməsini tələb edirdilər. Paytaxtın Lenin (sonra Azadlıq adlandırılacaq) meydanını fasiləsiz dolduran yüz minlərlə insan milli azadlıq və istiqlal ideyalarını ucadan bəyan edirdi. Bu hərəkat Sovet məkanında ən geniş və təsirli kütləvi etiraz aksiyası kimi tarixə düşdü. 17 noyabrda başlanan hadisələr milli oyanışın, xalqın öz taleyinə sahib çıxmaq əzminin rəmzinə çevrildi. Azadlıq və ədalət uğrunda birləşən insanlar bütün dünyaya göstərdilər ki, Azərbaycan xalqı öz haqqını tapdatmağa imkan verməyəcək və müstəqillik ideallarına doğru irəliləyəcək.

Üstündən iki il keçəndən sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən tarixi sessiyasında muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun Dövlət Bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən dövlətin müstəqilliyinə və suverenliyinə doğru tarixi yolun başlanğıcı qoyuldu.

1992-ci il noyabrın 17-də Milli Dirçəliş Günü rəsmi şəkildə elan olundu. Hər il olduğu kimi, bu il də ölkədə bu gün tariximizin qürur səhifəsi kimi qeyd olunur.

* * *

Azərbaycan Milli Kitabxanasında “17 Noyabr – Milli Dirçəliş Günü” adlı ənənəvi kitab sərgisi açılıb. Sərgidə Azərbaycan xalqının azadlıq mübarizəsi, Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası, ölkəmizin çoxəsrlik tarixi, milli oyanış və azadlıq hərəkatı, dövlətçilik ənənələrinin formalaşması, milli özünüdərk prosesləri, xalqımızın mənəvi dəyərləri, ərazi bütövlüyünün bərpası, suverenliyin təmin edilməsi və digər mövzularla bağlı Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.

* * *

Milli Dirçəliş Günü ilə əlaqədar paytaxtdakı Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Milli dirçəlişdən müstəqilliyə” adlı daycest hazırlanıb.

Əsas məqsəd xalqımızın tarixi yaddaşına əbədi həkk olunan Milli Dirçəliş Günü ilə əlaqədar materialları yeniyetmə və gənclərin diqqətinə çatdırmaqdan ibarətdir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan daycestdə görkəmli şəxsiyyətlərin dəyərli fikirləri, günün şanlı tarixi ilə bağlı “Ən böyük nailiyyətimiz əbədi dirçəlişimiz, müstəqilliyimizdir” adlı məqalənin tam mətni yer alır. Daycestə 2015-2025-ci illərdə dövri mətbuatda dərc edilən məqalələrin biblioqrafik təsviri, qısa məzmunu və linkləri də istifadəçilərə təqdim olunur. Bundan əlavə, kitabxanada 40-a yaxın kitab və dövri mətbuat nümunələrinin toplandığı “17 Noyabr - Milli Dirçəliş Günü” adlı kitabın sərgisi təşkil edilib.

* * *

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əsaslı Kitabxanasında 17 Noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar keçirilən tədbirdə çıxış edən universitetin tədris işləri üzrə prorektoru Əhməd Məlikov bu günün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb. Bildirib ki, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi olub. Öz haqqı, azadlığı uğrunda mübarizəyə qalxan, torpaqlarına sahib çıxmaq istəyən Azərbaycan xalqı bu müqəddəs ideallar naminə birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirib.

Daha sonra Mühəndislik fakültəsinin dekanı Təvəkgül İslamov, kafedra müdiri Zakir Hüseynov, kitabxananın direktoru Kamil Məmişov və İctimai fənlər kafedrasının müəllimi Günay Quliyeva məruzələrlə çıxış ediblər. Sonda tələbələr Milli Dirçəliş Günü ilə bağlı şeirlər səsləndiriblər.

* * *

Azərbaycan İlahiyyat İnstitutunda 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş vebinar təşkil olunub. Tədbirdə İslamşünaslıq kafedrasının müəllimi Rəşad Mustafa 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli istiqlal hərəkatından, 100 minlərlə azərbaycanlının Ermənistanın təxribatlarına və SSRİ rəhbərliyinin ikili siyasətinə etiraz etməsindən danışıb. Bundan sonra baş vermiş tarixi hadisələri ardıcıllıqla şərh edən R.Mustafa 1990-cı ildə törədilmiş 20 Yanvar hadisələrinin azadlıq hərəkatını daha da gücləndirdiyini vurğulayıb.

Azərbaycanın müstəqilliyinin bərpası dövrünə də diqqət çəkən məruzəçi milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun hansı çətin mərhələlərdən keçdiyindən danışıb, 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin Xalq–Ordu–Lider birliyinin nəticəsi olduğunu bildirib, hazırda tarixi torpaqlarımızda geniş vüsət alan bərpa-quruculuq işləri barədə məlumat verib.

Hazırladı:
Ə.PÜNHAN
XQ



Siyasət