Avropada seçkilər legitimliyini niyə itirir?

post-img

Sosial media və texnoloji platformalar müdaxilə üçün yeni imkanlar yaradır

Avropa İttifaqı (Aİ) uzun illərdir ki, özünü “siyasi sabitlik adası” kimi təqdim etməyə çalışır. Bununla belə, rəqəmsal əsrin yaratdığı yeni təhlükələr, xüsusilə informasiya manipulyasiyası və xarici müdaxilə cəhdləri qitənin demokratik institutlarına qarşı təzyiq formalaşdırır. Yəni Avropada baş tutan seçkilər əvvəllər, sadəcə, daxili siyasi məsələ kimi qiymətləndirilirdisə, indi regional və qlobal geosiyasətin kəsişmə nöqtəsi hesab olunur.

Bu günlərdə Fransa, Almaniya və Aİ üzvü olan daha 10 ölkə Avropa Komissiyasını seçkiləri xarici müdaxilələrdən qorumaq üçün Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində ona verilmiş səlahiyyətlərdən istifadə etməyə çağırıb.

Bu barədə 12 ölkənin imzaladığı məktubda bildirilir. Məktub, əslində, “qoca qitə”nin öz suverenliyini qorumaq üçün yeni müdafiə arxitekturasına ehtiyac duyduğunun etirafıdır. Rəqəmsal Xidmətlər Aktı (DSA) bu arxitekturanın hüquqi çərçivəsini təşkil etsə də, qanunvericilik təkbaşına kifayət etmir. Başqa sözlə desək, siyasi iradə və institusional mexanizmlər olmadan müdaxilə riskləri getdikcə artır.

Yeri gəlmişkən, Rəqəmsal Xidmətlər Aktı (DSA) Aİ-nin internet nəhənglərinə qarşı ciddi hüquqi alətidir. DSA həm də “X”, “Facebook”, “TikTok”, “YouTube” və digər böyük platformaları təhlükəli, manipulyativ və qanunsuz məzmunu nəzarətdə saxlamağa məcbur edir. Lakin tənqidçilər haqlı olaraq bildirirlər ki, bu öhdəliklərin tətbiqi bərabər səviyyədə aparılmır. Bir çox hallarda platformalar ya ləng reaksiya verir, ya da sadəcə, komissiyanın xəbərdarlıqlarını formal qəbul edirlər. 12 Aİ ölkəsinin məktubu isə vəziyyətin artıq dözülməz olduğunu göstərir. Çünki qarşıdan gələn seçki mövsümü milli parlamentlər və ya prezident seçkiləri də daxil olmaqla, həm Aİ-nin gələcək siyasi xəttini, həm də qlobal güc balansında təşkilata veriləcək rolu müəyyən edəcək. Məktubda vurğulanan əsas mesaj ondan ibarətdir ki, Komissiya DSA-nın səlahiyyətlərini tam gücü ilə işə salmalıdır.

Son illərin təcrübəsi göstərir ki, xarici dövlətlər artıq seçki mexanizmlərini birbaşa hədəfə almaqdansa, ictimai rəyə təsir edərək siyasi qütbləşməni artırmağa və demokratik legitimliyi sarsıtmağa üstünlük verirlər. Bu tendensiya ən çox sosial media platformaları, bot şəbəkələri, manipulyativ alqoritmlər, koordinasiyalı dezinformasiya axınları və süni şəkildə gücləndirilmiş ekstremist ritorika vasitəsilə həyata keçirilir. Müdaxilələr seçki proseslərini hədəfləyən dezinformasiya dalğalarında ictimai etimadın məqsədli şəkildə aşındırılmasında, radikal siyasi qüvvələrin onlayn ekosistemdə süni şəkildə gücləndirilməsində, Aİ daxilində siyasi parçalanmanın dərinləşdirilməsində və populyar platformalarda paralel, alternativ informasiya reallıqlarının yaradılmasında özünü göstərir.

Ən güclü çağırışın Fransadan gəlməsi maraqlı assosiasiya doğurur. Fransa son illər seçki nəticələri ən çox manipulyasiyaya məruz qalan Aİ dövlətlərindən biri hesab olunur. Şübhəsiz, bu müdaxilələr cəmiyyət daxilində radikalizasiya və etimad böhranı yaratmaqla Parisin daxili sabitliyini zəiflədib. Almaniya isə kifayət qədər həssas mərhələdədir. 2026-cı il fevralın 23-də keçiriləcək növbədənkənar seçkilər ölkəni yeni siyasi reallıqla üz-üzə qoyub. “Almaniya üçün Alternativ” (AfD) partiyasının yüksəlişi, bir sıra casusluq şəbəkələrinin aşkar edilməsi, enerji böhranından sonra ictimai narazılığın artması rəsmi Berlinin informasiya təhlükəsizliyi məsələsində addımlarını sərtləşdirməsinə səbəb olub. İlon Maskın AfD tədbirinə qatılması da seçki manipulyasiyası ilə bağlı yeni suallar yaradıb. Sosial media sahiblərinin siyasi proseslərə aktiv şəkildə qarışması Avropanın təhlükəsizlik gündəmində əlavə risk amili kimi qəbul edilir. Çünki platforma sahiblərinin öz siyasi mövqelərini on milyonlarla istifadəçi üçün informasiya axınına təsir edəcək şəkildə yönləndirməsi mümkündür.

Rumıniyada da oxşar hadisələr müşahidə edilir. “TikTok”un seçkilərə müdaxiləsi barədə xəbərdarlıqlar göstərir ki, Şərqi Avropa bu təhlükənin ən aktiv laboratoriyasıdır. Bunun əsas səbəbi isə regionun həm siyasi qütbləşmənin yüksək olduğu, həm də xarici aktorların daha rahat nüfuz edə bildiyi məkan olmasıdır. Xüsusilə, Rumıniya nümunəsində “ByteDance” şirkətinin məlumat şəbəkəsi və alqoritmik təsir mexanizmləri ilə bağlı narahatlıqlar Avropanın texnoloji asılılığının hansı miqyasda problemə çevrildiyini göstərir. Ümumiyyətlə, “ByteDance” son illər qlobal informasiya təhlükəsizliyi müzakirələrinin mərkəzinə çevrilmiş texnoloji şirkətlərdən biridir. Şirkətin əsas platforması olan “TikTok”un alqoritmik strukturu, məzmun tövsiyə mexanizmləri və məlumat toplama üsulları Avropada geniş narahatlıq doğurur. Aİ institutları hesab edirlər ki, “TikTok”un istifadəçi davranışını analiz edən, onu müəyyən siyasi və sosial istiqamətlərə yönləndirməyə qadir alqoritmləri xarici müdaxilə üçün münbit şərait yarada bilər. Rumıniyada keçirilən prezident seçkiləri zamanı platformanın potensial siyasi mesajları lazımi səviyyədə süzgəcdən keçirilməməsi barədə şübhələr Avropada bu narahatlığı dərinləşdirib və Komissiyanı rəsmi araşdırma başlatmağa vadar edib.

Nəticə etibarilə, “Qoca qitə” artıq passiv müdafiə mövqeyindən çıxaraq informasiya müharibəsində aktiv iştirakçı mövqeyini formalaşdırmalıdır. DSA çərçivəsində gücləndirilmiş nəzarət, institusional koordinasiya və texnoloji özünütəmin tədbirləri Avropanın gələcək siyasi sabitliyini, cəmiyyətin dövlət institutlarına etimadını və demokratik layihənin davamlılığını müəyyən edəcək.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Əslində, seçkilərə kənar müdaxilələr, informasiya manipulyasiyaları və dezinformasiyalarla mübarizə istiqamətində Avropa ölkələrində artıq müəyyən praktika formalaşıb. Bu sahədə ilk sərt addımlar Fransadan gəlib. 2005-ci ildən etibarən bu missiya İnformasiya Sistemlərinin Təhlükəsizliyi üzrə Mərkəzi İdarəyə (DCSSI) həvalə olunub və 2009-cu ildə Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyi (ANSSI) yaradılıb. Fransada 2017-ci il prezident seçkilərində xaricdən idarə olunan dezinformasiyalar müəyyən edildikdən sonra Xarici Rəqəmsal Müdaxiləyə Qarşı Sayıqlıq və Mühafizə Xidməti (VIGiNUM) formalaşdırılıb ki, bu qurum dövlət orqanları arasında koordinasiyanı təmin edir və sosial media platformalarında yalan məlumatların yayılmasının qarşısını alır. 2018-ci ildən etibarən Fransa özünün informasiya tənzimləməsi qanunlarını yeniləyib və onları dezinformasiyaya qarşı mübarizə prinsiplərinə uyğunlaşdırıb. Qanunların qəbulunda Makron hökuməti iddia edirdi ki, ölkədə seçkilərə kənar müdaxilələr mövcuddur və informasiya manipulyasiyalarına yol verilir. Ona görə də Fransada dezinformasiyaya qarşı mübarizə və sosial şəbəkələrin tənzimlənməsinə yönəlmiş geniş qanunvericilik aktları qəbul olunub. Amma bu qanunlar müəyyən narazılıqla, etirazlarla qarşılanıb. Hüquq müdafiəçiləri və jurnalist təşkilatları hesab edirdilər ki, Makron hökuməti seçkilərə müdaxilə və dezinformasiyanın qarşısını almaq bəhanəsindən istifadə edərək qanunları yeniləyir və tənqidi səsləri boğur. Yəni hökumətə yönəlmiş tənqidlər bəzən dezinformasiya kimi təqdim edilərək gündəmdən çıxarılır və bloklanır. Bu isə Avropa jurnalist təşkilatlarında müəyyən narahatlıq doğurub. Məhz bu səbəbdən, sonradan Avropa İttifaqı səviyyəsində yeni bir akt qəbul edildi. Yəni ayrı-ayrı ölkələrdə mövcud olan qanunlardan fərqli olaraq, ümumi Avropa səviyyəsi üçün vahid bir akt müəyyən olundu. Rəqəmsal Xidmətlər Aktı (DSA) adlanan akt Avropa ölkələrindən tələb edirdi ki, öz milli qanunlarını həm dezinformasiyaya qarşı mübarizə, həm də sosial şəbəkələrin tənzimlənməsi baxımından bu aktın prinsiplərinə uyğunlaşdırsınlar.

Nəzrin ELDARQIZI
XQ



Siyasət