IV MƏQALƏ
Əməkdaşlıq fəlsəfəsində genişlənmə
Azərbaycan Prezidentinin Mərkəzi Asiya regionu istiqamətində ciddi uğurlar əldə etməsi heç də təsadüfi deyildir. Əvvəla, dünyanın istənilən regionunda geosiyasi vəziyyət çox mürəkkəb və risklərlə zəngindir. Bundan başqa, böyük güclərin nüfuz uğrunda rəqabəti sərhəd tanımır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycana qarşı ərazi bütövlüyünü və tam suverenliyini təmin etmiş dövlət kimi qısqanclıqlar az deyildir.
Məsələnin ideya tərəfi də çox önəmlidir. Məlumdur ki, Azərbaycanın Mərkəzi Asiyadakı türk dövlətləri ilə əlaqələri böyük əhəmiyyət daşıyır. TDT bu bağlılıqda strateji əhəmiyyəti qəbul edilən bir təşkilatdır. Ancaq Azərbaycan Mərkəzi Asiyaya etno-mədəni çərçivəni aşaraq, ümumiyyətlə, müasir dövrdə dövlətlərarası əlaqələrin qarşılıqlı faydalı qazanc əsasında qurulmasına nail olmuşdur.
Tacikistanla Mərkəzi Asiyanın başqa dövlətləri arasında Azərbaycan əməkdaşlıq məsələsində heç bir fərq qoymur, əksinə, regionun bütövləşməsi üçün mümkün olan addımları atır. Deməli, Azərbaycan Prezidentinin Mərkəzi Asiya istiqamətində fəaliyyətinin təməlində aydın bir ideya mövqeyi dayanır: əməkdaşlıq fəlsəfəsini hər bir iştirakçı dövlətin maraqlarını nəzərə almaqla genişləndirmək.
Tezis sadə olsa da, reallaşması çox dərin siyasi-diplomatik fəzilətlilik tələb edən mövqedə daimi qalmağı aktuallaşdırır. Bunun üçün isə iki faktor gərəkdir: birincisi, uyğun ideya və ideologiya, ikincisi, liderin çevik yaradıcı yanaşma potensialı və təcrübəsi. Birinci şərt layiqli siyasi varislikdən qaynaqlanır, ikinci isə liderin şəxsiyyət kimi keyfiyyətlərə malik olması və əldə etdiyi təcrübəni müasirliyin prizmasında düzgün yönləndirməsi ilə sıx bağlıdır. Hər iki aspekt üzərində Mərkəzi Asiya kontekstində bir qədər geniş dayanaq.
“Bir millət, iki dövlət”: ideya generatoru
Bu, yalnız Azərbaycan dövlətçiliyi aspektində deyil, bütövlükdə Türk dünyası və ondan geniş geosiyasi məkanda fəaliyyətin strategiyasını dəqiq müəyyənləşdirmək kontekstində perspektivdir. Onun səbəbi kəlamın müasir dünya tarixində “millət” anlayışına dövlətçilik kontekstində verdiyi unikal anlamla bağlıdır. Kəlam daxilində “millət” həm vahid etnomədəni məxsusluğu ifadə edir, həm də başqa etno kimliyə malik olan qövmlərlə əməkdaşlığa açıqlığı ehtiva edir. “Millət” anlayışını bu iki aspektin vəhdətindən kənarda dərk etmək “bir millət, iki dövlət” kəlamının fəlsəfəsini yarımçıq qavramaq deməkdir.
Buradan fəlsəfi məntiqlə belə alınır: “bir millət, iki dövlət” etnomədəni vahidliyi, bütövlüyü tarixi rakursda önə çəkən təməl prinsipdir. Hətta deyərdik ki, müasir dövlətçilik baxımından türk törəsinin uğurlu proyeksiyasıdır, yəni yeni “törədir”!. Çünki alimlər “törə”yə “dəqiq qayda əsasında yaratmaq” anlamını da verirlər. “Bir millət” termini kəlamda buna görə həm etno mənsubluqdur, həm də o keyfiyyətdə funksional olaraq ancaq təməl törə qaydasıdır. Yəni müasir mərhələdə türk xalqları müstəqil dövlətlərini ən perspektivli şəkildə fəaliyyətin təməl prinsipi kimi “bir millətin təmsilçiləri” tezisini avtomatik, törə qaydası kimi qəbul etməklə nail ola bilərlər.
Bununla yanaşı, siyasi-diplomatik fəaliyyətdə, başqa xalqlarla əməkdaşlıq nəinki məhdudlaşdırılır, əksinə, böyük uğurun məhz digər qövmlərlə əməkdaşlıq və təhlükəsiz şəraitdə yaşamaq vasitəsilə mümkünlüyü vurğulanır. Bu, Ulu öndərin kəlamının olduqca mühüm ideya tərəfidir ki, bizim dərindən dərk etməyimiz zəruridir. Həmin məqam Prezident İlham Əliyevin fəaliyyətində mükəmməl şəkildə siyasi varisliklə kreativ liderliyin ideya sahəsində özünü biruzə verməkdədir.
Deməli, “bir millət, iki dövlət” ideya kimi saymaqla və seçməklə bağlı deyil. O, bu mənada “bir millət, altı dövlət” də ola bilər, lakin olduğu andan “bir millət, altı dövlət”+” formulunun anlamının və feili davranışın konseptual əsasını da qoymuş olur. Azərbaycan türk siyasi təfəkküründə toplum və dövlət olaraq özünütəşkiletmək, özünüyaratmaq fəlsəfəsinin sinerjisi bundan ibarətdir. Ulu öndərin kəlamı ideyaca özünü daim “yaradır” və praktikada konkret obrazlaşır. Bu proses tükənməzdir, əbədidir.
Burada nəzəri təhlili dayandırıb, vurğulanan fikirlər prizmasında “C6+1” və “TDT+” formullarına baxaq.
“TDT+”: konsepsiya və strategiya
Azərbaycan Prezidenti bu formulun konseptual anlamını siyasi-diplomatik müstəvidə nəticəverici strategiyaya proyeksiya edən liderdir. Prezident İlham Əliyevin xarici siyasətin prioritetlərindən biri kimi TDT-ni gücləndirməyi müəyyən etməsini xatırlayaq. Bu, İlham Əliyevin seçki platformasında aydın vurğulanmış üstün istiqamətlərdən biridir. Sonra dövlət başçısının Andiçmə mərasimində TDT haqqında ifadə etdiyi prinsipial tezisləri xatırlayaq. Nəhayət, Qəbələ Zirvəsində Azərbaycan liderinin irəli sürdüyü tezisləri bir daha yada salaq.
Qısa vurğuladığımız bu məqamlar geniş nəticə çıxarmağa əsas verir: Azərbaycan Prezidenti ardıcıl, sistemli və düşünülmüş formada TDT-nin “TDT+”a çevrilməsi xəttini aparmaqdadır. Bu prosesdə Mərkəzi Asiya xüsusi yer tutur.
Birincisi, etiraf edək ki, Türkmənistan TDT-yə qoşulmaq fikrinə yaxın deyildi. İlham Əliyevin dəfələrlə regiona səfər etməsi, konkret təşəbbüslərlə çıxış etməsi əvvəlcə Aşxabadı təşkilatda müşahidəçi etdi, indi isə yeni səviyyədə əməkdaşlıq prosesi başlamışdır. Türkmənistan rəhbərliyinin Bakıya səfərləri intensivləşdirməsi bunun əlamətlərindən biridir.
İkincisi, Azərbaycan dövlət başçısı Tacikistanla əlaqələrə ardıcıl olaraq xüsusi əhəmiyyət vermişdir və atdığı addımlarla qardaş tacik xalqı ilə daha da yaxınlaşması prosesinin təməlini qoymuşdur. Bunun sayəsində Tacikistan, faktiki olaraq, “TDT+”un real təsdiqlərindən biridir.
İndi bir sıra ekspertlər coğrafi olaraq bir qədər də uzağa gedərək qardaş Pakistanı “TDT+” kontekstində görməyə başlayırlar. Əlbəttə, Pakistanla münasibətlər həmişə müsbət mənada seçilmişdir, lakin indi söhbət Bakının təşəbbüsü ilə təşkilatlanmadan gedir. Bu isə başqa bir səviyyə və miqyasdır.
Bunlar onu göstərir ki, “TDT+” nəzəri konsepsiya kimi çoxşaxəli anlama malikdir. Eyni zamanda, Azərbaycan lideri onu praktiki reallaşma prosesinə start verilmiş strategiya olaraq həyata keçirməkdədir.
Bu bağlılıqda “C6+1” çox maraqlı bir geosiyasi konfiqurasiya nümunəsi təsiri bağışlayır.
“C6+1” və “TDT+”un ortaq gücü
“C6+1”in birinci geosiyasi xüsusiyyəti Tacikistanın regionun 4 türk dövləti və Qafqazın bir türk dövləti ilə bir geosiyasi konfiqurasiyada yer alması ilə bağlıdır. Bu məqam həm “TDT+”un mümkün formalarından biridir, həm də 6 dövlətin qarşısına konkret əməkdaşlıq və təhlükəsizlik məqsədi qoymuş dövlətlərin bir araya gəlməsidir.
İkinci geosiyasi xüsusiyyət “beş region dövləti+ bir Qafqaz dövləti” platformasının eyni dərəcədə “C6+1” və “TDT+” aid olması ilə əlaqəlidir. Bu, maraqlı “geosiyasi təşkilatlanma üçbucağıdır”. Onu hələ tədqiq etmək gərəkdir.
Burada önəmli olanı “beş region dövləti+bir Qafqaz dövləti” platformasının hansı anlamlarda “C6+1” və “TDT+”nin transformasiyalarını stimullaşdıra bilməsidir. Burada hansı formul daha önəmlidir: “C6+1” yaxud “TDT+”? Liderin müdrikliyi məhz bu kimi düşündürücü suallara adekvat cavablar verməsi ilə bağlıdır.
Azərbaycan lideri bu formulların geosiyasi faydalılıq baxımından qarşılıqlı əlaqəsinin sinerjisi məsələsini önə çıxarır. Yəni məsələni “C6+1” – “TDT+” dixotomiyası çərçivəsində qoymur. Əsas hədəf bu formulların geniş coğrafiyada və geosiyasi məkanda konstruktiv, faydaverici funksiyanı uğurla yerinə yetirməsindən ibarətdir. Bu ümumi konseptual qiymətləndirmə fonunda tərkib məsələsi az əhəmiyyət daşımır.
Bu mənada “C6+1”n tərkibini yada salaq: 5 türk dövləti (onların dördü bir regionu, biri isə başqa regionu təmsil edir) +dörd türk dövləti ilə eyni regionda yerləşən dost dövlət. Lakin bu, “C6”dır, “C6+1” deyildir. Mərkəzi Asiyadakı Tacikistan “+1”ə aid deyildir, “C6”nın tamhüquqlu sayğılı üzvüdür. Azərbaycan da “+1”ə aid deyildir, eyni qayda ilə “C6”nın hörmətli üzvüdür. O halda “+1” dünyanın istənilən regionunda olan güclü dövlətə aid ola bilər. Deməli, “C6+1” açıq bir geosiyasi konfiqurasiyadır.
“TDT+” funksional və təşkilatlanma fəlsəfəsi baxımından “C6+1”ə oxşardır. TDT-nin tərkibində yalnız türk dövlətləri vardır. Macarıstan müşahidəçidir. Onda bu iki formulun nüvəsini türk dövlətləri təşkil edir. Həm də məqsəd baxımından hər iki təşkilat qarşılıqlı faydaverici mövqedədirlər. Deməli, “C6+1” müəyyən mənada “TDT+”a daxil ola və ya artıq onun praktiki mümkünlüyünün təsdiqi kimi qəbul edilə bilər.
Bundan başqa, “C6+1” “TDT+”un alt sistemi kimi də təsəvvür edilə bilər. Lakin o, TDT-nin törəmə təşkilatı deyildir. Hazırda bu iki təşkilat müəyyən geosiyasi məsələlərdə bir məqsəd uğrunda ortaq fəaliyyət göstərə bilirlər. Nümunə kimi, Zəngəzur dəhlizi məsələsini göstərmək olar. Qazaxıstan həmin istiqamətdə Ermənistanla fəal siyasi-diplomatik iş aparır.
Belə alınır ki, Azərbaycan, faktiki olaraq iki perspektivli və dünya tərəfindən müsbət qəbul edilən təşkilatın gücünü etnomədəni kontekstdən çıxararaq, qlobal geosiyasət miqyasında əhəmiyyəti olan məsələlərin həllində birləşdirə bilmişdir. Buna Azərbaycan Prezidentinin aparıcılığı ilə nail olunmuşdur.
Beləliklə, Prezident İlham Əliyevin Mərkəzi Asiya zəfərinin anlamı çox genişdir. Böyük bir coğrafiyada xalqlar və dövlətlər onun töhfəsini görəcəklər. Burada əməkdaşlıq və təhlükəsizlik istiqamətləri bir-birini tamamlayırlar. Eyni zamanda, milli, regional və qlobal miqyaslarda müxtəlif xarakterli faktorlar arasında müsbət bağlantılar yaradılır.
Bu proseslər həm də yeni bir səviyyədə təşkilatlanma imkanlarının qapısını açır. Təməl prinsipləri məlum olan TDT və C6 geniş geosiyasi məkan üçün stimulverici rol oynaya bilər. Bu da onu ifadə edir ki, Azərbaycan artıq özünəməxsus funksiyaları olan Orta Güc nümunəsidir. Onun nüfuzetmə dairəsi davamlı olaraq genişlənir və eyni zamanda, yeni əməkdaşlıq platformalarının yaradılmasını motivə edir. Azərbaycan dövlət olaraq türklərin tarixini həm yenidən yaradır, həm də onu ədalətli şəkildə yenidən yazır!
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

