YAP nümayəndə heyəti Braziliyada

post-img

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Mərkəzçi Demokrat İnternasionalının (IDC-CDI) dəvəti ilə Braziliya Federativ Respublikasında səfərdə olub.

Noyabrın 21-də nümayəndə heyəti San-Paulu şəhərində IDC-CDI, Braziliyanın Sosial Demokrat Partiyasının Demokratik Məkan Fondu və Konrad Adenauer Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Demokratik müzakirə: sağ-mərkəzin siyasətdə körpülər qurması və həllər təklif etməsi” mövzusunda Forumda iştirak edib.

Tədbirdə yeni dünya nizamına keçid prosesinin geniş vüsət aldığı müasir dövrdə qlobal kataklizmlərin hökm sürdüyü, bu səbəbdən də milli, regional və beynəlxalq təhlükəsizlik məsələlərinin aktual çağırış kimi xalqlar və dövlətlərin qarşısında dayandığı qeyd olunub. Bildirilib ki, hazırda bəşəriyyətin sağlam gələcəyi naminə intensiv dialoqa ehtiyac duyulur və bu kontekstdə sosial məsuliyyət daşıyıcısı kimi siyasi partiyaların da üzərinə mühüm vəzifələr düşür.

Səfər zamanı, həmçinin YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Kamboca Xalq Partiyası Xarici əlaqələr komissiyası sədrinin birinci müavini və Kamboca Krallığı Milli Assambleyasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və informasiya komitəsinin sədri Suos Yara və Macarıstanın hakim Fides partiyasının vitse-prezidenti, Avropa Parlamentinin üzvü Kinqa Qal ilə görüşüb. Görüşlər zamanı partiyalararası əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Son xəbərlər