Mərkəzi Asiyanın Çinlə əməkdaşlığında Azərbaycanın artan rolu
Okeanlara çıxışı olmayan, lakin qlobal əhəmiyyətli resurslara və strateji mövqeyə malik Mərkəzi Asiya dövlətləri müstəqilliklərini qazandıqları vaxtdan etibarən talelərini böyük güclərin maraqları arasında tarazlamaq kimi çətin missiya ilə üz-üzədirlər. Lakin son onillikdə balans məsələsi daha çətin və daha mühüm xarakter almışdır.
Çinin misilsiz iqtisadi yüksəlişi və Si Cinpinin müəllifi olduğu “Bir kəmər və bir yol” təşəbbüsü regiona görünməmiş həcmdə sərmayə, modernləşmə və rifah vədi gətirsə də, eyni zamanda, Pekinin siyasi təsirinin artması, regional təhlükəsizlik inkişaf trayektoriyasına potensial müdaxiləsi narahatlıqlara səbəb olmuşdur. Məhz bu proses fonunda Mərkəzi Asiya paytaxtları çətin seçimlə üz-üzə qalırlar. Bir tərəfdən, Çinin güclü iqtisadi imkanlarından imtina edə bilmir, digər tərəfdən isə tam şəkildə Pekinin təsir orbitinə düşməmək üçün Rusiyanın tarixi nüfuzundan, ABŞ və Avropa İttifaqının normativ-siyasi təkliflərindən, eləcə də Türkiyənin mədəni–siyasi yaxınlığından istifadə edərək, balanslaşdırılmış siyasi manevrlər etməyə məcbur olurlar.
Bəli, çoxvektorlu xarici siyasət ölkələrin suverenliklərini qorumaları, iqtisadi inkişaflarını təmin etmələri və böyük güclərin amansız rəqabətinin qurbanına çevrilməmələri üçün yeganə həyatdaqalma strategiyasıdır. Lakin bu qarışıq situasiyanın həmişə naməlum tərəfi və çatışmayan həlqəsi var idi. Mərkəzi Asiyanın böyük qonşularından asılı olmayan, Qərbə açılan etibarlı və fiziki çıxışı. Tarixi yol ayrıcında Cənubi Qafqazda suverenliyini tam bərpa etmiş, çoxşaxəli enerji və nəqliyyat infrastrukturuna malik, balanslı xarici siyasətin uğurlu modelini nümayiş etdirən Azərbaycan isə landşafta daxil olaraq Mərkəzi Asiya dövlətlərinin çoxvektorlu siyasətini dəstəkləyən və onların Qərbə açılan alternativ qapısı kimi çıxış edən həlledici strateji açar rolunu oynamağa başlayıb.
Çinin Mərkəzi Asiya strategiyasının mahiyyətini və onun yaratdığı fürsəti, təhdidləri dərindən bilmək bu mürəkkəb geosiyasi vəziyyəti başa düşmək üçün əsas amildir. Pekinin regiona marağı yeni hadisə olmasa da, Si Cinpinin elan etdiyi “Bir kəmər və bir yol” təşəbbüsü həmin marağı qlobal miqyaslı strateji layihəyə çevirdi. Mərkəzi Asiya Çinin nəzərində sadəcə xammal mənbəyi və ya Çin malları üçün bazar deyil. Region Çinin Avrasiya qitəsini dəmir yolları, avtomobil magistralları və enerji kəmərləri ilə birləşdirərək, ABŞ-ın dəniz üstünlüyünə əsaslanan dünya nizamına qarşı quru marşrutları üzərində qurulan yeni geoiqtisadi sistem yaratmaq planının mərkəzində dayanır.
Milyardlarla dollarlıq sərmayələr hesabına tikilən yeni dəmir yolları, magistrallar, qaz kəmərləri və sənaye parkları, həqiqətən də Mərkəzi Asiya ölkələrinin sovet dövründən miras qalmış köhnə infrastrukturunu modernləşdirməyə və onların iqtisadi potensialını reallaşdırmağa güclü təkan verir. Pekin Qərbdən fərqli olaraq, maliyyə dəstəyi üçün heç bir siyasi şərt (demokratikləşmə, insan hüquqları və s.) irəli sürmür və həmin “non-interferensiya” (qarışmamaq) siyasəti regionun liderləri üçün son dərəcə xüsusi görünür.
Lakin həmin iqtisadi əməkdaşlığın görünməyən tərəfi tədricən artan asılılıq və onun potensial siyasi nəticələridir. Çinin dövlət bankları tərəfindən ayrılan nəhəng kreditlər bəzi region ölkələrinin xarici borc yükünü təhlükəli həddə çatdırıb. Tacikistan və Qırğızıstan kimi iqtisadi cəhətdən daha zəif ölkələrin xarici borclarının əhəmiyyətli hissəsi məhz Çinin payına düşür. Tarixi təcrübə göstərir ki, həddən artıq borc yükü borc verən tərəfə siyasi təsir rıçaqları verir. Beynəlxalq arenada “borc tələsi diplomatiyası” kimi tanınan mexanizm borcunu qaytara bilməyən ölkələrin strateji aktivlərini (limanlar, mədənlər, torpaq sahələri) güzəştə getməyə, indiki halda xarici siyasətdə Pekinin maraqlarına uyğun mövqe tutmağa məcbur edilməsi riskini yaradır. Məsələn, Tacikistanın borc əvəzində Çinə öz ərazisinin bir hissəsini güzəştə getməsi ilə bağlı iddialar, bütün region üçün ciddi xəbərdarlıq siqnalı oldu.
Pekin rəsmi olaraq daxili işlərə qarışmadığını bəyan etsə də, sərmayələrinin təhlükəsizliyini təmin etmək və regiondakı sabitliyi qorumaq adı altında tədricən təhlükəsizlik sahəsindəki fəaliyyətini də artırır. Tacikistanda, Əfqanıstanla sərhəddə Çin hərbi postunun yaradılması, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən birgə antiterror təlimləri Pekinin regionun təhlükəsizlik arxitekturasında daha fəal rol oynamaq istəyinin göstəricisidir. Bu vəziyyət isə Rusiya ilə Çin arasında Mərkəzi Asiyada təsir dairələri uğrunda gizli rəqabəti dərinləşdirir.
Proseslərin gedişində Mərkəzi Asiya dövlətlərinin çoxvektorlu diplomatiyası onların müstəqilliyinin əsas qarantına çevrilir. Onlar Çinin iqtisadi imkanlarından maksimum faydalanmağa çalışarkən, eyni zamanda, digər qlobal və regional güclərlə münasibətləri dərinləşdirməklə, Pekinin potensial təzyiqlərini balanslaşdırmağa və manevr imkanlarını genişləndirməyə çalışırlar. Amma Rusiya, hələ də regionda həlledici hərbi-siyasi ölkə olaraq qalır. Nəzərə alaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsindəki hərbi ittifaq Qazaxıstan, Qırğızıstan və Tacikistan üçün xarici təhdidlərə və daxili qeyri-sabitliyə qarşı mühüm təhlükəsizlik çətiri rolunu oynayır.
Lakin eyni zamanda, şimal qonşusunun xarici siyasətində artan aqressivlik Mərkəzi Asiya paytaxtlarında ciddi narahatlıqlar doğurur. Buna görə də region dövlətləri Rusiyanın təhlükəsizlik təminatlarından imtina etmədən, eyni zamanda, onun həddən artıq siyasi təsirindən yayınmaq üçün digər tərəfdaşlarla əlaqələri gücləndirirlər. ABŞ və Avropa İttifaqı Çin və Rusiyadan fərqli olaraq, regionda birbaşa hərbi və ya genişmiqyaslı iqtisadi dominantlığa iddia etmirlər. Onların təsir gücü daha çox “yumşaq güc” və normativ təkliflərdə özünü göstərir. Qərb region ölkələrinə demokratik islahatlar, insan hüquqları, qanunun aliliyi və şəffaf idarəetmə kimi dəyərlərə əsaslanan inkişaf modeli təklif edir. Qərblə əlaqələr Mərkəzi Asiya dövlətləri üçün Çin və Rusiyanın təsirini tarazlaşdırmaq və beynəlxalq legitimliklərini artırmaq üçün vacib alətdir. Türkiyə isə regionda tamamilə fərqli, mədəni-sivilizasiya yaxınlığına əsaslanan unikal mövqeyə malikdir. Ortaq dil, din, tarix və mədəniyyət bağları, Ankara üçün Mərkəzi Asiyada digər heç bir gücün malik olmadığı “yumşaq güc” resursları yaradır.
Balanslaşdırma siyasətinin ən zəif həlqəsi Mərkəzi Asiyanın Qərb dünyası ilə birbaşa coğrafi əlaqəsinin olmaması idi. Məhz həmin strateji boşluğu Azərbaycan doldurur. Azərbaycan Xəzərin qərb sahilində yerləşməklə, Mərkəzi Asiyanı Cənubi Qafqaz üzərindən Avropaya bağlayan təbii körpü rolunu oynayır. Son illərdə isə ölkəmizin Mərkəzi Asiya ilə münasibətləri bütün regionu əhatə edən vahid geoiqtisadi məkanın formalaşdırılması strategiyasının mərkəzinə çevirib. Həmin strategiyanın əsas sütunu Şərqlə Qərbi birləşdirən Orta dəhlizdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və müasir avtomobil magistralları Mərkəzi Asiya yüklərinin dünya bazarlarına sürətli, təhlükəsiz və rəqabətədavamlı şərtlərlə çıxarılması üçün hazır infrastruktur təklif edir.
Tam əminliklə demək olar ki, Azərbaycanın təşəbbüsü ilə yaradılan və Mərkəzi Asiya ölkələrinin də fəal iştirak etdikləri dəhliz region dövlətlərinə yeni geoiqtisadi reallıqlar təklif edir. Zəngəzur dəhlizinin açılması perspektivi isə həmin marşrutun potensialını dəfələrlə artıracaq və onun əhəmiyyətini bütün qitə miqyasında möhkəmləndirəcək.
Azərbaycan Mərkəzi Asiya üçün uğurlu balanslaşdırma siyasətinin canlı nümunəsidir. Rusiya, Türkiyə, İran, Avropa İttifaqı və ABŞ ilə mürəkkəb geosiyasi mühitdə tarazlı münasibətlər quran rəsmi Bakı suverenliyini qoruyaraq milli maraqlarını necə təmin etməyin mümkünlüyünü nümayiş etdirir. Azərbaycan-Özbəkistan və Azərbaycan-Qırğızıstan arasında yaradılan birgə investisiya fondları iqtisadi inteqrasiyanın artıq institusional mərhələyə keçdiyini göstərir.
Onu da deyək ki, ümidverici inteqrasiya prosesləri fonunda regionun daxili problemləri və xarici təhdidlər qalmaqdadır. Mərkəzi Asiya dövlətləri arasında hələ də tam həllini tapmamış sərhəd mübahisələri və su resurslarının bölüşdürülməsi ilə bağlı ziddiyyətlər regional həmrəyliyə xələl gətirən və xarici güclərin müdaxiləsi üçün əlverişli şərait yaradan zəif nöqtələrdir. Əfqanıstandakı qeyri-sabitlik və radikal qruplaşmaların Mərkəzi Asiyaya sızma təhlükəsi region ölkələri üçün ortaq təhlükəsizlik problemidir. Həmin daxili və xarici çağırışlar region dövlətlərinin birgə fəaliyyət göstərmələrini, ortaq təhlükəsizlik mexanizmləri yaratmalarını və xarici siyasətlərini daha sıx əlaqələndirmələrini tələb edir.
Sonda bildirək ki, Mərkəzi Asiya dövlətləri müasir tarixlərinin ən həlledici və ən mürəkkəb dövrünü yaşayır, Çinin iqtisadi cazibəsi ilə suverenliyin qorunması zərurəti arasında incə bir xətt üzərində addımlayırlar. Böyük imkanlarla zəngin yolda onların ən böyük silahı çoxvektorlu diplomatiyanı məharətlə icra etmək və heç bir güc mərkəzindən tam asılı vəziyyətə düşməmək bacarığıdır. Balans siyasətində Azərbaycan Mərkəzi Asiya üçün dünyaya açılan pəncərə, strateji müttəfiq və suverenliklərini möhkəmləndirən etibarlı dayaqdır. Bakı-Daşkənd-Astana oxu ətrafında formalaşan geostrateji birlik Avrasiyanın gələcək nizamını müəyyən edəcək və böyük güclərin rəqabəti şəraitində kiçik və orta ölçülü dövlətlərin də öz talelərini müəyyən etmək hüququna malik olduğunu bütün dünyaya nümayiş etdirəcək.
Yusif ŞƏRİFZADƏ
XQ

