“Düşmən Venediktov”

post-img

Yaxud imperializmin “qısır yetirmə”si haqqında elegiya

“2001-ci ildə Rusiya Prezidenti Vladimir Putin o zaman “Exo Moskvı” radiostansiyasının baş redaktoru postunu tutan Aleksey Venediktova öz gözündə kim olduğunu izah edərkən belə demişdi: “Düşmənlər qarşındadır. Sən onlarla vuruşursan, sonra atəşkəs bağlayırsan və hər şey aydındır. Xaini isə məhv etmək, əzmək lazımdır. Bilirsiniz, Aleksey, siz xain deyilsiniz. Siz düşmənsiniz!”

Görəsən, hazırda təqaüdçü həyatı yaşayan A.Venediktov Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlərlə, o cümlədən, guya, Moskvanın Qarabağ mövzusuna yanaşmasını ifadə etdiyi sərsəmləmələri ilə ölkəsinə düşmənçilik edir, yoxsa bizə? Rusiya bu sayaq əndərəbadi fikir sahibləri ilə doludur. Necə deyərlər, orada at izi it izinə qarışıb. Ola bilər, cənab Putin də kimin düşmən, kimin xain olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir. Hərçənd, buna şübhəmiz var. Ona görə Venediktovun “Ermənistan macaraları” kontekstində şübhəli məqamlara toxunacağıq. Elə düşmənçilik məsələsinə də. Axı düşmənçilik elə-belə yaranmır və nəyinsə, hansısa yarıtmaz baxışın, böyük anlamda isə xəstəliyin nəticəsidir. Deməli, Venediktovun timsalında Rusiyada kimin və ya kimlərin xəstəlikdən qurtula bilməməsinə dair fikirlərimizi də bölüşməkdə fayda var.

***

Əlbəttə, Rusiya Prezidenti təcrübəli və barışmaz siyasətçidir. O, Venediktovu xain yox, lap elə düşmən gözündə görsəydi, indi jurnalist Allah bilir harada idi. Eyni zamanda, hesab edirik ki, Putin xeyli dərəcədə “lütf edərək” Venediktov üçün xainliklə düşmənçilik arasındakı sərhədləri müəyyənləşdirib. Axı Rusiya rəhbərliyi illər ərzində jurnalistin bütün qeyri-ordinar hərəkətlərinə dözüb. Hətta bir çox məqamlarda onu şəxsən Putin özü qoruyub.

Venediktovun müxtəlif qurumlarda söz sahibinə çevrilməsi, rahat şəkildə öz fikirlərini çatdırması, müəyyən mənada, söz azadlığı aşiqi kimi görünməsi yaddaşlardan silinməyib. Nə bilmək olar, bəlkə bunların hamısı oyundur? Bəlkə, Rusiya üçün yeni Aleksandr Soljenitsin lazım idi? Elə bir “Soljenitsin” ki, ömrünü dissident kimi xaricdə deyil, vətəndə - “demokratik Rusiyada” keçirsin. Hər halda, Venediktovun xarici görünüşcə məşhur yazıçıya xeyli oxşarlığı var. Şübhələrimizi onun İrəvanda görünməsi artırır.

Onu da deyək ki, 2022-ci ilin martında Venediktovun 1990-cı ildən çalışdığı, 1998-ci ildən bilavasitə rəhbərlik etdiyi “Exo Moskvı” bağlandı. Necə də bağlanmasın? Axı, həmin ilin fevralında Rusiya-Ukrayna müharibəsi başladı və görünür, Kremldə düşündülər ki, son dərəcə həssas məqamda düşmənlə xaini bir-birindən ayırmağa vaxt yoxdur. Vaxt olmadığından, A.Venediktovun, “əlinə mismar”, daha doğrusu, “canlı mıx” verdilər ki, başını qatsın. Söhbət onun “YouTube” platformasında yayımlanan “Живой гвозд” proqramından gedir.

Çox güman, Rusiya idarəçilik elitası “meşədəki yeganə ağacı qırmamaq” üçün illərin media qurumunu qurban vermək qərarına gəldi. Nəzərə alaq ki, “Живой гвозд” “Exo Moskvı” ola bilməzdi və olmadı da. Hələ Venediktov üzərində oynanılan “yeni Soljenitsin” oyununu dramatikləşdirmək qərarı verildi. Tam mümkündür ki, jurnalistin qapısının ağzına Ukraynanın gerbi və antisemit yazısı olan donuz başının atılması da ssenarinin tərkib hissəsi idi. Rusiyanın Ədliyyə Nazirliyinin 2022-ci ilin aprelində Venediktovun adını xarici agentlər siyahısına daxil etməsi də həmçinin.

Rusiya daxilində xarici agent? Kimsə bunu təsəvvür edə bilərmi? Üstəlik, “agent” əl-qolunu sallayıb küçədə gəzir, bu azmış kimi, təyyarəyə minib Ermənistana yollanır. Qəribə deyilmi? Deməli, şübhələnməkdə haqlıyıq.

***

Bəli, Venediktov İrəvanda sərsəmləyib. O bildirib ki, Qarabağ münaqişəsi “hələ bağlanmamış bir sual”dır. Jurnalist, həmçinin, erməni cəmiyyətinə Moskvanın siyasətinin dəyişə biləcəyi və “Qarabağ məsələsinin tamamilə bitmədiyi” mesajını verib və deyib ki, Ukrayna müharibəsi başa çatdıqdan sonra Rusiya regiondakı resurslarını Qarabağ məsələsini yenidən aktuallaşdırmaq naminə sərf edəcək.

Maraqlıdır, Venediktov Ermənistana yalvarmağamı gedib, yoxsa üzr istəməyə? Hər halda, onun üzünü ölkədəki revanşistlərə tutduğu birmənalıdır. Amma “qızım sənə deyirəm, gəlinim sən də eşit”. Çox güman, jurnalist erməni müxalifətini Rusiyanın qızı, iqtidarını isə gəlini qiyafəsində görür. Onun müxalifəti mübarizəyə səslədiyi birmənalıdır. Görünür, iqtidar tədbirli davranıb əks qütbün “qapazı altında” qalmamalıdır.

Digər tərəfdən, Venediktov İrəvanda imperializm naminə sancı çəkdiyini də göstərib. O, erməni mediasına açıqlamasında iddia edib ki, Rusiyaya Qarabağ itkisi “acı verib”. Sən demə, məsələnin geosiyasi və emosional tərəfi var imiş və hazırkı dövrdə Rusiyanın lazımi resursu olmadığından, Cənubi Qafqaza qol çırmaya bilmir.

Yəni erməni müxalifəti başının çarəsini qılsın? O zaman yəqin baş nazir Nikol Paşinyan iqtidarı da hər gün Rusiya-Ukrayna müharibəsinin bitməməsi üçün dua etməlidir. Paşinyandan söz düşmüşkən, Venediktov Putinin erməni hökumət rəhbərinə münasibətinin necə olduğunu da diqqətə çatdırıb. Sən demə, Kreml rəhbəri Nikolu “küçədən gələn adam” kimi görürmüş...

***

Venediktovun sözlərinə görə, Paşinyana münasibətindən asılı olmayaraq, Putin üçün Ermənistan yad deyil. Ona görə yad deyil ki, ölkə tarixi baxımından rus imperiyasının tərkib hissəsi olub. Deyəsən, daşlar yerinə oturur. Çünki erməniləri Cənubi Qafqaza gətirən həmin rus imperializmi olub. Paşinyan isə əbəs yerə erməni-müsəlman düşmənçiliyinin həmin imperializmin əməli olduğunu bildirmir. O, dərk edir ki, ruslar erməniləri regiona heç də onların qara qaşlarına və qara gözlərinə valeh olduqları üçün köçürməmişdilər. Köçürmüşdülər ki, bölgə xalqlarına qarşı döyüşsünlər, mübarizə aparsınlar, düşmənçilik etsinlər, bir sözlə, daimi nifaq gündəliyini saxlasınlar. Hələ bu məqsəd üçün haylara ideoloji tutacaqlar, qondarma tarix də uydurmuşdular.

Bəli, bu gün Paşinyan, faktiki olaraq, bütün belə mənfi təmayüllərdən yaxa qurtarmağın vacibliyini təbliğ edir, “Real Ermənistan” ideyasına söykəndiyini deyir. O Ermənistan ki, qonşularının ərazilərinə göz dikməyəcək, ətraf aləmlə normal keçinəcək. Bunun nəyi pisdir? Belə bir durumda Venediktov İrəvanda “imperializmin sancı” səslərini ərşə çıxarırsa, deməli, dəlinin yadına daş salır. Yəni Qarabağ Rusiya üçün acı dərddir və Ermənistan da o dərdi çəkməlidir. Hər halda, Venediktovun məhz bu mesajı verdiyi tam aydındır.

***

Sonda bildirək ki, Ermənistanın revanşist kəsimini ruhlandırmaq məqsədi güdən Venediktov rus ictimai düşüncə tərzinin məhsuludur. Təəssüf doğuran məqam bu düşüncənin hələ də əynindəki eybəcərlik libasını bir kənara qoya bilməməsi, yeni münasibətlər sisteminə uyğunlaşmağı bacarmamasıdır. Belə qənaətə gəlmək mümkündür ki, rus ictimai düşüncə tərzi Rusiyanı ənənəvi jandarm obrazından kənarda görmək niyyətindən uzaqdır.

Ölkə resurslarını bərpa edib erməni maraqlarını müdafiə edəcəkmiş. Nədir o maraqlar? Başqasının torpağını ələ keçirməkmi? Yoxsa Xocalı soyqırımı kimi insanlıq faciəsi törətmək? Olmazmı ki, vəlvələdən, ya zəlzələdən Cənubi Qafqazda qərarlaşmış ermənilər ömürlərini kinsiz-küdurətsiz keçinsinlər? Bu gün onlara rahat yaşamaq – azərbaycanlılarla, ümumən türklərlə tarixi ədavətə son qoymaq, yekun sülh müqaviləsi imzalamaq şansı yaranıb. Venediktov isə faktiki olaraq deyir ki, hər iki xalqın təmsilçiləri bir-birilərinin qanlarını içməlidirlər. Nəyə görə? Çünki Rusiyanın ictimai fikri regionda başqa mövcudiyyət formulu tapa bilməyəcək qədər qısırdır? Sualımız ritorikdir.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət