Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
“Sərhədsiz reportyorlar” (RSF) jurnalistlərin təhlükəsizliyi ilə bağlı yeni hesabatını təqdim edib. 2024-cü ilin dekabrından 2025-ci ilin dekabrınadək olan dövrü əhatə edən hesabatda qeyd edilir ki, bu müddət ərzində dünyada 67 jurnalist öldürülüb, 135 jurnalist itkin düşüb, 503 jurnalist həbsdə saxlanılıb, 20 nəfər isə girov götürülüb. Yəni son bir il müddəti jurnalist təhlükəsizliyi baxımından riskli dövr kimi tarixə düşüb.
Öldürülən jurnalistlərlə bağlı vurğulanır ki, onların 79 faizi müharibə bölgələrində silahlı qüvvələr tərəfindən qətlə yetirilib. Digər qismi isə (16 nəfər) cinayətkar şəbəkələrin qurbanına çevrilib. Bu il müharibə bölgəsində həyatını itirən jurnalistlərin 43 faizi Qəzza sektorunun payına düşür. Onlar İsrail ordusunun zərbələri nəticəsində həyatlarını itiriblər. RSF-nin məlumatına əsasən, 2023-cü ilin oktyabr ayından, yəni İsrailin Qəzza bölgəsində hərbi əməliyyatlara başlamasından sonra ərazidə öldürülən jurnalistlərin sayı 220 nəfərə çatıb.
Rusiya–Ukrayna cəbhəsi də media təmsilçiləri üçün ölüm zonasına çevrilib. Hesabat dövründə orada 3 jurnalist həyatını itirib. Amma ümumilikdə, yəni 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonrakı dövrdə ərazidə 17 nəfər jurnalist öldürülüb, 150 nəfər jurnalist ölümcül xəsarətlər alıb, 18 nəfər girov götürülüb. Rusiya tərəfindən girov götürüldüyü ehtimal edilən 1 nəfər jurnalist itkin düşmüş sayılır.
Jurnalistlərin həbsə alınması üzrə önə çıxarılan ilk 3 ölkə qismində isə Çinin (121 nəfər), Rusiyanın (48 nəfər) və Myanmanın (47 nəfər) adı çəkilir.
Hesabat jurnalist təhlükəsizliyi sahəsində qlobal vəziyyət barədə təsəvvür formalaşdırmaq baxımından əhəmiyyət daşıyır. Amma təəssüf ki, bu, işin yalnız zahiri, görünən tərəfidir. Real monitorinqlərə əsaslanan statistik rəqəmlər RSF hesabatında kiçik bir hissəni əhatə edir. Sənəd, daha çox rəylərdən, reytinq ölçülərindən və onların şərhinə həsr edilmiş subyektiv mülahizələrdən ibarətdir. Hesabatı incələdikcə, aydın olur ki, RSF-nin məqsədi heç də jurnalistlərin təhlükəsizlik durumu barədə aydın təsəvvür formalaşdırmaq, SOS siqnalı vermək, diqqəti bu səmtə yönəltmək deyil. O, həssas bir mövzunu merkantil maraqlar naminə istismar edib. Bəzən rəqəmlər üzərində manipulyasiya edib, bəzən faktları saxtalaşdırıb. Diqqətini hansısa dövlətlərin hədəfə çevrilməsi, nüfuzdan salınması üzərində kökləyib. Gürcüstan üzərində həyata keçirilən “əməliyyat” bu tendensiyanı sübuta yetirmək üçün tutarlı arqumentdir.
Məlumat üçün qeyd edək ki, “Sərhədsiz reportyorlar” “jurnalist təhlükəsizliyi” hesabatına istinad edərək, “Mətbuat azadlığı indeksi”ni hazırlayır. Dünyanın 180 ölkəsində media azadlığının durumunu şərh edərək reytinq cədvəli tərtib edir. 2025-ci ilin reytinq cədvəlində Gürcüstanın adını geridə, 114-cü yerdə, yəni media azadlığının pis olduğunu sərgiləyən qrafada göstərib. Ermənistanı isə önə çəkib, 34-cü pillədə yerləşdirib. Təsəvvür formalaşdırmaq üçün qeyd edək ki, Gürcüstan 2023-cü il siyahısında 77-ci pillədə, Ermənistanın qonşuluğunda (51) yer alıb. 2 il ərzində fantastik ölçüdə, 37 pillə geri çəkilərək ən aşağı pillələrdə yer tutub. Ermənistan isə, əksinə, 17 pillə önə çəkilərək, ən yaxşı yerlərlə mükafatlandırılıb. Nəzərə alaq ki, RSF-nin bu tərtibatına əsasən, Ermənistan guya media azadlığı sahəsində ABŞ-a (57-ci yer), Yaponiyaya (66-cı yer), İtaliyaya (49-cu yer), Türkiyəyə (159-cu yer) nümunə göstərilir. Realdırmı? Həqiqətənmi Ermənistan media azadlığının durumuna görə ABŞ, İtaliya, Yaponiya, Türkiyədən öndədir? Təbii ki, yox.
Bəs nə baş verib ki, Ermənistan bu sıçrayışla önə çəkilib, Gürcüstan isə 2 il ərzində 37 pillə geri atılıb? Axı bu cür diskriminasiya adətən Azərbaycana qarşı sərgilənirdi. İndi isə Gürcüstanın üzərində fokuslanıb.
Təhlillər göstərir ki, problem Gürcüstanın media siyasətində deyil, Avropaya yanaşma kursundadır. Son iki il ərzində Gürcüstan müstəqil xarici siyasət kursu yürütməyə çalışıb. Parlament seçkilərini, prezident seçkisini Avropanın diktəsindən kənar, xalqın iradəsi ilə təşkil etməyə çalışıb. Bu səbəbdən də Avropa İttifaqının qəzəbinə tuş gəlib. Bu qəzəb bütün sahələrə sıçrayıb, siyasi, iqtisadi, humanitar mövzuları bürüyüb. “İnsan haqları”, “mətbuat azadlığı”, “ifadə özgürlüyü” problemləri süni şəkildə qabardılır, onun üzərindən Gürcüstan total şəkildə basqıların hədəfinə çevrilir. Azərbaycan kontekstində bu situasiya daha aydın görünür.
Məsələ ondadır ki, “Sərhədsiz Reportyorlar”ın mərkəzi ofisi Paris şəhərində yerləşir. Müstəqil hərəkət edən beynəlxalq təşkilat adlandırılsa da, öz fəaliyyətini Fransanın maraqları üzərində qurur, tendensiyalı davranır. Fransa xarici siyasətinin, prezident Emmanuel Makronun hansı ölkəyə yanaşması hansı tərzdədirsə, “Sərhədsiz Reportyorlar”ın yanaşması da eynidir. “Sərhədsiz Reportyorlar” Parisin siyasi ambisiyalarının ruporudur.
Digər tərəfdən, Fransada fəaliyyət göstərən güclü erməni diasporundan yardım alır. Bu mənada erməni diasporunun maraqlarının ifadəçisinə çevrilir. Türkiyəyə, Azərbaycana qarşı daimi olaraq düşmən münasibət sərgiləyir. Türk Dövlətlər Təşkilatına qoşulandan sonra Macarıstanı da hədəfə çevirib. Macarıstanın da adını qeyri-demokratik ölkələrin sırasında yerləşdirib. “Sərhədsiz Reportyorlar” Fransada, Ermənistanda və maraq dairələrində olan digər ölkələrdə qeyri-demokratik proseslərə göz yumur. Fransanın hədəfində olan ölkələrdə isə insidentləri zərrəbbinlə axtarır, olmayan faktları da uydurub siyahıya salır. Nəticə çıxır ki, onun davası demokratiya, söz-ifadə azadlığı, insan haqları deyil. RSF-nin fərqli maraqları, fərqli prinsipləri var.

