Heydər Əliyev: Liderin zəka və qətiyyəti

post-img

II MƏQALƏ

İdentikliyin sivilizasiya konteksti və realpolitika

Dövlət identikliyinin sivilizasiya fenomeni ilə sıx əlaqələndirilməsinin Cənubi Qafqaz tarixində çox əhəmiyyətli yenilik olduğunu dərindən anlamaq gərəkdir. Bu məqam Ulu öndərin, ümumiyyətlə, müasir dövlətçiliyə verdiyi əvəzsiz töhfədir. Onun iki mühüm aspektini vurğulamaq lazımdır.

Birinci aspekt müasir realpolitika kontekstində həqiqi sülhsevər dövlətin qurulması ilə bağlıdır. Bu o demək idi ki, Azərbaycan dövləti hər bir fəaliyyət istiqamətində qətiyyətlə sülhü qazanmaq xəttinə üstünlük verəcəkdir. 2020-ci il Vətən müharibəsindən sonrakı dönəm bu tezisi tam təsdiq etmişdir. Etiraf olunur ki, Azərbaycan hərbi meydandakı qələbəsi ilə sülhü qazanmışdır.

İkinci aspekt Heydər Əliyev konseptual yanaşmasını məharətlə xarici siyasətin bütün istiqamətləri üzrə əməkdaşlıqdan təhlükəsizliyə nail olmaq və sülhü qazanmaq məqsədinə xidmət etməyə yönəltməsi ilə bağlıdır. Bu məsələnin strateji mənasını aydınlaşdırmaq üçün bir faktı nümunə kimi gətirə bilərik. Biz Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə dərc olunmuş çox dərin məzmunlu tədqiqata əsaslanan “Azərbaycanın Xəzər nefti” adlı əsərində yer almış faktlar və irəli sürülən fikirlərə müraciət edəcəyik. Onlar faktiki olaraq Ulu öndərin konseptual siyasi ideyalarını böyük məharətlə realpolitika çərçivəsində praktikaya tətbiqini çox gözəl aydınlaşdırırlar.

Prezident İlham Əliyev yazır ki, “Xəzər regionunun geosiyasi əhəmiyyəti onun kontinentlərin və sivilizasiyaların kəsişməsində yerləşməsi ilə müəyyən olunur”. Bura həmçinin regionda olan karbohidrat ehtiyatlarının siyasi-strateji əhəmiyyəti daxildir. Təbii ki, Xəzərin geosiyasətinə vurğulanan təbii resursların istehsalı, istismarı və nəqli məsələləri də ciddi təsir edir.

Əsərdə vurğulanır ki, Ulu öndər Heydər Əliyev Xəzərin statusunu müəyyən etmək üçün onun beş ayrı sektora bölünməsi prinsipini təklif etmiş və bunu Rusiya ilə Qazaxıstan qəbul etmişdir. Öz mövqeyinin doğruluğuna tam əmin olan Ümummilli lider Xəzərlə bağlı mübahisələrin “formal olaraq başa çatmasını gözləmədən” çevik surətdə dənizin Azərbaycan sektorunda neft və qaz yataqlarının birgə istismarı ilə bağlı xüsusi Əmr imzalamışdlr. Buna ABŞ dərhal reaksiya vermişdir və Xəzəryanı dövlət rəhbərlərinin 1996-cı il 11-12 noyabr Aşqabat görüşündən sonra ABŞ Dövlət katibinin xüsusi nümayəndəsi Ceyms Kollinz Bakıya səfər edərək Amerikanın Azərbaycanın mövqeyini dəstəklədiyini və həmin məsələdə “uzunmüddətli strateji maraqları olduğunu” vurğuladı. 1997-ci ildə Rusiya, İran və Türkmənistan arasında imzalanan məlum Memorandum faktiki olaraq, dolayısı ilə Azərbaycanın Xəzərlə bağlı mövqeyini dəstəkləmək anlamına gəlirdi.

Ulu öndərin bu məharətli enerji diplomatiyasının uğuru həm region tarixində yenilik idi, həm də geosiyasi müstəvidə diplomatik nailiyyətlərin əsasını qoyurdu. Konkret ifadə etsək, Xəzər hövzəsinin geosiyasi tarixində yeni bir diplomatiya fenomeni meydana gəlmişdi. Onun konseptual və praktiki tərəfləri vəhdət halında idi. Bu vacib tezisin üzərində dayanaq.

Enerji diplomatiyasının Heydər Əliyev nümunəsi

Xəzərin geosiyasi əhəmiyyəti fonunda Heydər Əliyevin atdığı addım müasir diplomatiyada faktiki yenilik idi. Hər şeydən öncə, Heydər Əliyev Xəzərin sivilizasiyalar arasında vacib geosiyasi birləşdirici məkan kimi tarixi roluna tam uyğun təşəbbüs göstərmişdir. Xəzərin onun əhatəsində olan 5 müstəqil dövlət arasında hüquqi və ədalətli bölünməsinin konseptual siyasi əsasını qoymuşdur. Buna görədir ki, bəlkə də məcburən Rusiya, Qazaxıstan, İran və Türkmənistan bundan açıq imtina edə bilməmişlər (sonrakı təcrübə göstərdi ki, onların bəziləri “sualtı maneələr” törətməyə çalışdılar).

Digər mühüm məqam Azərbaycan üçün çox mürəkkəb bir geosiyasi mərhələdə Heydər Əliyevin müstəqil addım atması ilə bağlıdır. Bu, Ulu öndərin 1994-cü il və 1995-ci illərdə BMT-də dövlət identikliyi ilə bağlı bəyan etdiyi prinsiplər üzrə fəaliyyət göstərdiyinin böyük təsdiqlərindən biri idi.

Təsəvvür edək: Xəzərin enerji resurslarının istehsalı, istismarı və nəqli ilə bağlı Rusiya və İran kimi böyük dövlətlərin aydın mövqeyi olmadığı şəraitdə müstəqil Azərbaycan hüquqi əsası olan konkret təklif irəli sürür və kimsədən soruşmadan dərhal onu reallaşdırmaq istiqamətində addım atır. Liderin bu qətiyyəti və müstəqil davranışı Qərbin diqqətini dərhal çəkir və bununla bütövlükdə Xəzər hövzəsi və Cənubi Qafqazın geosiyasi taleyi dəyişməyə başlayır.

Heydər Əliyev Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi məsələsinin əhəmiyyətini qətiyyətlə enerji diplomatiyası istiqamətində məharətlə nümayiş etdirmişdir. 1997-ci ildə C.Kollinzin Bakıya səfəri ilə Heydər Əliyevin enerji diplomatiyasının konseptual prinsiplərinin praktiki tətbiqində yeni mərhələ başlamışdır. Bu tezis təsdiqini cəmi iki il sonra (1999-cu ildə) E.Şevardnadzenin bir etirafında tapmışdır.

Şevardnadzenin tarixi etirafı

Prezident İlham Əliyev vurğuladığımız əsərində ATƏT-in İstanbul sammitində Gürcüstanın o dönəmdəki başçısı Eduard Şevardnadzenin bir sıra fikirlərini ifadə etmişdir. Orada E.Şevardnadze etiraf edir ki, 1999-cu il 18 noyabr tarixi qlobal layihələrin iştirakçısı olan müstəqil dövlətlər üçün tarixi gündür. KİV təmsilçiləri qarşısındakı çıxışı zamanı isə həmin layihələrin həyata keçməsində Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır.

Gürcüstanın o illərdəki başçısı bəyan etmişdi ki, neftin Gürcüstan ərazisindən nəqli məsələsini Heydər Əliyev öz üzərinə götürdü və layihə iştirakçılarını onu qəbul etməyə “məcbur etdi”.

Fikirlərinə E.Şevardnadze belə davam etmişdir: “Prezident Heydər Əliyev məqsədyönlü siyasəti həyata keçirmək üçün heyrətamiz qabiliyyətə malikdir, o cümlədən qonşu Gürcüstana qarşı bunu etmişdir. Mən onu böyük müttəfiqimiz kimi qəbul edirəm. O, düşünə bilən insandır. Siyasəti müasir mütərəqqi prinsiplərə əsaslanır və bunu Gürcüstan hər kəsdən daha çox hiss edir. Əgər Prezident Əliyev olmasaydı, bu marşrutlar Gürcüstandan keçməzdi”.

Əslində E.Şevardnadzenin bu tarixi etirafının əsasında konkret faktlar dayanırdı. Belə ki, 1997-ci ildə Azərbaycan neftinin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqlinə dair Azərbaycanla Gürcüstan arasında saziş imzalanmışdır. 1999-cu ilin aprelində isə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir. Nəzərə almaq lazımdır ki, Heydər Əliyev Gürcüstan istiqamətində siyasətini paralel olaraq Rusiya siyasəti ilə məntiqi bağlılıqda aparmışdır. 1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqlinə dair Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş imzalanmışdır. Həmin xətt 1997-ci ilin oktyabrında istifadəyə verilmişdir. 1998-ci ildə isə Azərbaycan neftinin fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə nəql edilməsinə başlanılmışdır.

Əlbəttə, Gürcüstanla Rusiya istiqamətlərində enerji siyasətinin sinxron aparılması təsadüfi deyildi. Rusiyanın regiondakı proseslərə nə qədər həssas yanaşdığını Ulu öndər çox gözəl bilirdi. Buna görə də həm müstəqil siyasət yeridir, həm də Bakı ilə Tbilisini Moskvanın mümkün qəzəbindən qoruyurdu. Bu bağlılıqda Prezident İlham Əliyevin əsərində gəldiyi bir qənaət olduqca maraqlı və doğrudur. Dövlət başçısı yazır ki, “AMOKO”nun prezidenti Terri Adams bəyan etmişdi ki, “Rusiyanın özünün layihədə iştirakı yataqların istifadəsinin qanuniliyinin qarantıdır”. Fikirlərinə bu kontekstdə davam edərək Azərbaycan lideri vurğulayır ki, “Rusiyanın Azərbaycan variantını qəbul etməsinin yekun etirafı 2001-ci ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2001-ci ildə Bakıya olan rəsmi səfərindən sonra baş verdi”.

Beləliklə, 1996-2001-ci illər Xəzərin beynəlxalq əməkdaşlıq zonasına çevrilməsi baxımından çox mühüm bir mərhələ olmuşdur. Heydər Əliyevin müdrik siyasəti bunun reallaşmasında başlıca rol oynamışdır. Azərbaycanın Ümummilli lideri yüksək zəkası və qətiyyəti ilə region üçün tarixi töhfə vermişdir. Xəzər hövzəsi və Cənubi Qafqaz qlobal geosiyasətin təlatümlərinin davam etdiyi bir şəraitdə geniş əməkdaşlıq məkanına çevrilmişdir. Eyni zamanda, bu, ölkələrin milli təhlükəsizliyinin təmin edilməsi demək idi.

Tarix və özünüdərk: milli birlikdən sivilizasion birliyə

Çox çətin vəziyyətdə müstəqilliyini qoruyan və yeni dövlət quran bir ölkə üçün geniş geosiyasi məkanda sivilizasiyaların birliyinə töhfə verən siyasət yürütməsi təsadüfi ola bilməzdi. Bizcə, ulu öndər Heydər Əliyev buna mükəmməl daxili həmrəylik mühiti yaratmaq əsasında nail olmuşdur. Siyasi baxımdan burada milli özünüdərk, milli identiklik və dövlət identikliyinin bir-birini tamamlaması aparıcı rol oynamışdır. Bu baxımdan Heydər Əliyevin müəyyən etdiyi yeni dövlət identikliyi xalq suverenliyinə və milli-mədəni keyfiyyətlərə əsaslanır.

Şübhəsiz ki, burada milliözşüur əsasında milli özünüdərkin rolu ayrıcadır. Milliözünüdərk XX əsrin son onilliyindən azərbaycançılıq məfkurəsi çərçivəsində baş verməkdədir. Cəmiyyətin bütövlüyü isə multikultural dəyərlərin vəhdəti əsasında reallaşır. Bunları diqqətə alaraq, Ümummilli liderin mövqeyinə milli özşüur və özünüdərk prizmasında nəzər salaq.

Heydər Əliyevin dövlətin identikliyində “hüquqi, demokratik, sivilizasiyalı dövlət quruculuğu”nu önə çəkməsi tarixi, siyasi, geosiyasi ilə yanaşı, məfkurəvi xarakterli faktorlarla birbaşa bağlıdır. Azərbaycan dövlətçilik ənənəsində hüquqilik həmişə xüsusi yer tutmuşdur. Onun təməlini üç Qanun və ya hüquq təşkil etmişdir. Onlar Hökmdar Qanunu (Hüququ), Parlament Qanunu (və ya Divan Hüququ) və Yosun Qanunudur (və ya cəmiyyətin özünütəşkil Hüququ). Bu zaman cəmiyyətin özünütəşkilinin fəlsəfəsi əsas yer tutmuşdur. Onun sosial-mədəni təsir sərhədləri törə ilə müəyyən edilmişdir. Törənin isə əsas mahiyyəti mənəvi, əxlaqi, etik və hüquqi faktorların cəmiyyətin həyatında mütləq surətdə gözlənilməsindən ibarətdir

Bundan başqa, Azərbaycan dövlətçiliyi üçün mənəvi-əxlaqi, etik və hüquqi dəyərlər “ədalət” anlayışından kənar feili gücə malik deyildir. Yəni bütün hallarda Azərbaycan dövlətçiliyində tarixi ədalət əsas yerlərdən birini tutur. Buradan aydın olur ki, müasir Azərbaycanın dövlət identikliyində Ulu öndərin vurğuladığı “demokratiklik” və “sivilizasiyalıq” anlayışıları da Azərbaycan cəmiyyətinin tarixən “hüquqilik” (və ya qanunçuluq) və “ədalətlilik” anlayışlarının fonunda konkret məzmun almışdır.

Həmin özəllik ümumi səviyyədə Heydər Əliyevin “Güclü Azərbaycan” konsepsiyasının məntiqi, məzmunu və strateji hədəfləri bağlılığında dəqiqliklə görünür. Çünki dövlətin güclü olmadığı yerdə qanunun aliliyi təmin oluna bilmir. Qanunun aliliyi olmayan ölkədə isə real demokratiya yoxdur. Deməli, Güclü Azərbaycan faktiki olaraq demokratik Azərbaycanın yaradılmasının hüquqi, siyasi, ideoloji və geosiyasi təməlini təşkil edir. Ulu öndərin 1994-cü il BMT Baş Məclisinin 49-cu sessiyasında ifadə etdiyi və bizim I məqalədə xüsusi təqdim etdiyimiz aşağıdakı tezisi dərin məqamların nəzərə alınmasından qaynaqlanır. Heydər Əliyev demişdi: “Məhz oz xüsusiyyətlərimizi başa düşərək və dəyişikliklərin irəli sürdüyü tələbləri nəzərə alaraq biz addım-addım irəliləyərək xarici dünya ilə əməkdaşlıq binasını ucaldırıq”.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət