Milli birliyin, qanunun aliliyinin və dövlətçilik düşüncəsinin təntənəsi

post-img

Konstitusiya və Suverenlik İli – 2025

Prezident İlham Əliyevin ölkəmizin dövlətçilik tarixində iki böyük hadisənin – Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və dövlət müstəqilliyimizin bərpasının 34-cü ildönümünün qeyd olunması ilə bağlı olan 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tarixi qərarı keçilmiş 30 illik Konstitusiya yoluna nəzər salmaqla bərabər, həm də gələcəyə – daha mütərəqqi, ədalətli və şəffaf idarəçilik sisteminə doğru inamlı addım atmaq mənası daşıyır. Bu təşəbbüs, eyni zamanda, Azərbaycan dövlətçiliyinin təməl prinsipləri olan insan hüquqları və suverenliyin daha da möhkəmləndirilməsini şərtləndirir.

Xatırladım ki, 1991-ci ilin 18 oktyabrında qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” əsrlərlə xalqımızın qəlbində yaşatdığı azadlıq arzularını reallığa çevirdi. Sovet imperiyasının dağılması nəticəsində bərpa edilən müstəqillik, eyni zamanda, Azərbaycanın dövlətçilik iradəsinin parlaq təntənəsi idi. Lakin o dövrdə mövcud olan xaos, siyasi qeyri-sabitlik və vətəndaş qarşıdurması müstəqilliyin real məzmununun qorunmasını təhlükə altına qoymuşdu.

Məhz belə bir çətin, ağır şəraitdə xalqın çağırışı ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev respublikamızı dağılmaqdan xilas etdi, dövlətçiliyin bərpası və hüquqi sistemin qurulması istiqamətində misilsiz fəaliyyət göstərdi. Dahi şəxsiyyətin rəhbərliyi ilə qəbul edilən 1995-ci il Konstitusiyası dövlət müstəqilliyinin hüquqi təminatı oldu. Beləliklə, müstəqillik ideyası Konstitusiya vasitəsilə daimi və dönməz xarakter aldı.

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin Əsas Qanunu kimi hüquqi sistemin bünövrəsini qoydu. Bu sənəd dövlətin quruluşunu, hakimiyyət bölgüsünü, vətəndaşların hüquq və azadlıqlarını, eləcə də Azərbaycan Respublikasının suverenliyinə dair fundamental prinsipləri təsbit etdi.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu fundamental sənəd Azərbaycan dövlətinin suverenliyini, ərazi bütövlüyünü, insan hüquq və azadlıqlarını təmin edən ali hüquqi akt kimi formalaşdı. Konstitusiya qanunlarla bərabər, həm də cəmiyyətin mənəvi dəyərlərinin, milli kimliyinin və dövlətçilik fəlsəfəsinin ifadəsinə çevrildi. Eyni zamanda, hüquqi dövlət prinsiplərinə əsaslanan, demokratik, dünyəvi və unitar respublika modelini təsdiqlədi. Bu ali sənədin qəbul edilməsi ölkəmizin beynəlxalq aləmdə tanınan, sabit hüquqi sistemə malik dövlət kimi inkişafının başlanğıcı oldu.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ötən illər ərzində müasir Azərbaycan dövlətçiliyini yeni keyfiyyət mərhələsinə yüksəldib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Konstitusiyada bir sıra mühüm dəyişikliklər edilib, dövlət idarəçiliyi daha çevik, şəffaf və xalq yönümlü modelə çevrilib.

2009-cu və 2016-cı illərdə keçirilmiş ümumxalq referendumu nəticəsində qəbul olunan dəyişikliklər insan hüquqlarının müdafiəsini gücləndirib, icra hakimiyyətinin məsuliyyətini və səmərəliyini artırıb, həmçinin dövlətin sosial yönümlü mahiyyətini daha da dərinləşdirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hüquqi dövlət prinsiplərinə əsaslanan, innovativ idarəçilik mexanizmləri ilə fəaliyyət göstərən müasir ölkəyə çevrilib.

Hüquq və azadlıqlara zəmanət verən bu ali sənədin 147-ci maddəsində bütün qanunverici və icraedici orqanların qəbul etdikləri normativ aktların Konstitusiyaya uyğun olması açıq şəkildə bildirilib. Bu norma ilə Əsas Qanunun aliliyi və hüquqi sabitliyi reallaşdırılıb. Həmin prinsipin qorunması isə birbaşa prokurorluq orqanlarının əsas missiyasına çevrilib.

Bu gün Azərbaycan Respublikasının Prokurorluğu vahid mərkəzləşmiş sistem kimi fəaliyyət göstərir və qanunçuluğun keşiyində dayanır. Konstitusiyanın 133-cü maddəsinə əsasən, prokurorluq orqanları dövlətin və vətəndaşların hüquqlarının müdafiəsini həyata keçirir, cinayətkarlığa qarşı mübarizə aparır, qanunvericiliyin icrasına nəzarət edir. Bu mənada prokurorluq hüquqi qurum olmaqla bərabər, həm də müstəqilliyin hüquqi dayağıdır. Çünki qanunların tətbiqinin zəiflədiyi yerdə dövlət suverenliyi təhlükə altına düşür. Odur ki, prokurorluq orqanlarının fəaliyyəti suverenliyin hüquqi təminatının ayrılmaz hissəsidir.

Qeyd edim ki, qanunçuluğun təminatı hər bir demokratik dövlətin əsas dayağıdır. Ədalət prinsipi isə bu dayağın mənəvi ölçüsüdür. Azərbaycan Respublikasında son illər aparılan islahatlar göstərir ki, hüquqi dövlət konsepsiyası yalnız qanunvericiliklə məhdudlaşmır, o, həm də ədalətin real təcəssümünə xidmət edir. Prokurorluq orqanları bu istiqamətdə preventiv, eləcə də müdafiə xarakterli funksiyalar yerinə yetirir. Hüquq pozuntularının qarşısının alınması, cinayətlərin istintaqı, dövlət maraqlarının qorunması bu funksiyaların ayrılmaz hissəsidir. Bu fəaliyyət nəticəsində cəmiyyətdə hüquq mədəniyyəti formalaşır, qanuna hörmət prinsipi güclənir, vətəndaş-dövlət münasibətlərində etimad möhkəmlənir.

Son illərdə bu sistemdə aparılan islahatlar, elektron idarəetmənin tətbiqi, şəffaflıq və vətəndaş məmnunluğuna yönələn yanaşma prokurorluğu müasir dövrün çağırışlarına uyğunlaşdırıb. Nəticədə dövlətin hüquqi sabitliyi və xalqın dövlətə olan etimadı daha da möhkəmlənib.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

Bu Zəfər, eyni zamanda, Konstitusiyada təsbit edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi toxunulmazdır” prinsipinin həyatdakı təcəssümüdür. Məhz bu tarixi hadisədən sonra suverenlik anlayışı dövlət atributu olmaqla bərabər, həm də milli kimlik və vətəndaş qüruru rəmzinə çevrildi.

Azərbaycan bu gün təkcə milli qanunvericilik səviyyəsində deyil, eyni zamanda, beynəlxalq hüquq sistemində də etibarlı tərəfdaş kimi tanınır. İnsan hüquqlarının müdafiəsi, gender bərabərliyi, sosial rifah, ekoloji hüquqlar və vətəndaş cəmiyyəti institutlarının inkişafı sahəsində atılan addımlar ölkəmizin hüquqi modernləşmə modelini formalaşdırıb.

Onu da vurğulayım ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması yubiley hadisəsi olmaqla yanaşı, həm də Azərbaycan cəmiyyətinin hüquqi düşüncəsinin inkişafı üçün geniş bir ideoloji platformadır. İl ərzində davamlı şəkildə dövlət və cəmiyyətin bütün sahələrində hüquqi maarifçiliyin gücləndirilməsi, dövlətçilik ənənələrinin təbliği və vətəndaş məsuliyyətinin artırılması istiqamətində mühüm təşəbbüslərin həyata keçirilməsi məhz bunun bariz ifadəsidir.

Azərbaycanın dövlətçilik yolu Konstitusiyanın qəbulundan və müstəqilliyin bərpasından ötən onilliklər ərzində göstərdi ki, hüquqi və suveren dövlət anlayışları bir-birindən ayrılmazdır. Ulu öndər Heydər Əliyevin yaratdığı hüquqi dövlət modeli Prezident İlham Əliyevin müasir islahat strategiyası ilə daha da güclənərək milli inkişafın əsas xəttinə çevrilib.

Bu gün Azərbaycan həm regionda, həm də beynəlxalq müstəvidə müstəqil siyasi iradəsi, sabit hüquqi sistemi və güclü dövlət institutları ilə fərqlənir. “Konstitusiya və Suverenlik İli” isə bu inkişafın növbəti mərhələsinin, milli birliyin, qanunun aliliyinin və dövlətçilik düşüncəsinin daha da möhkəmlənməsinin parlaq təntənəsidir.

Pərviz İBAYEV,
Bakının Nizami rayon prokuroru, baş ədliyyə müşaviri

Siyasət