Dövlət və həmkarlar ittifaqları tandemi

post-img

AHİK-in VIII qurultayında əməkdaşlığın strateji yol xəritəsi çəkildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayının keçirilməsi ölkənin sosial-iqtisadi həyatında yeni mərhələnin başlanğıcıdır. Qurultayın vaxtı və gündəliyi, iştirakçıların tərkibi, səsləndirilən bəyanatların strateji çəkisi təsdiq edir ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutları arasında xüsusi mövqeyi olan həmkarlar ittifaqları artıq qlobal çağırışlara cavab verən, rəqəmsal transformasiyanı və “yaşıl iqtisadiyyat” imperativlərini dərk edən, milli maraqların qorunmasında dövlətin bərabərhüquqlu tərəfdaşı rolunu oynayan institusional gücə çevrilməkdədir.

2018-2025-ci illəri əhatə edən hesabat dövrünün yekunlarının müzakirəsi əslində bütöv bir tarixi epoxanın – Vətən müharibəsindəki Zəfər, pandemiya ilə mübarizə, postmünaqişə quruculuğu və iqtisadiyyatın şaxələndirilməsi dövrünün sosial yekunlarının təhlili deməkdir. Məhz həmin təhlil növbəti illər üçün yol xəritəsini müəyyən edən mühüm baza rolunu oynayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov qurultaya hesabat çıxışında bildirdi ki, 2018-2024-cü illər ərzində ümumilikdə 45,9 min müraciətə baxılıb, onlardan 88,9 faizi müsbət həll edilib, 1000-dən artıq üzv işə bərpa olunub. Fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün zəruri informasiya texnologiyaları infrastrukturu qurulduğunu deyən sədr 2024-cü ildə və bu ilin 11 ayı ərzində 300 minə yaxın həmkarlar ittifaqı üzvünə dəstək göstərildiyi, hazırda 209 şəhid ailəsinin 378 üzvü Konfederasiya və üzv təşkilatların himayəsində olduğu, hesabat dövründə 38 mindən artıq yollayış verilərək 76 mindən çox vətəndaşın güzəştli şərtlərlə istirahət və müalicəsi təşkil edildiyini diqqətə çatdırdı.

***

Qurultayın işini və onun strateji əhəmiyyətini müəyyən edən əsas amil, heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin həmkarlar ittifaqlarının fəaliyyətinə verdiyi yüksək siyasi və hüquqi qiymət, eyni zamanda, müəyyənləşdirdiyi strateji hədəflərdir. Dövlətin həmkarlar ittifaqlarının müstəqil və sərbəst fəaliyyət hüququnu qanunvericilik çərçivəsində tam təmin etməsi və bu sahədə onların azad fəaliyyəti üçün geniş imkanlar yaratması barədə Prezidentin vurğusu ölkədəki sosial dialoqun imitasiya xarakteri daşımadığını, real və işlək mexanizmlərə söykəndiyini göstərən tutarlı arqumentdir. Müstəqillik anlayışı təşkilatın qərarqəbuletmə prosesində, əmək hüquqlarının qorunmasında və sosial siyasətin formalaşdırılmasında suveren iradəyə malik olması kimi başa düşülməlidir. Respublika iqtisadiyyatının neft sektorundan qeyri-neft sektoruna, ənənəvi sənayedən innovativ texnologiyalara doğru sürətli transformasiyası fonunda dövlət başçısının həmkarlar ittifaqlarının qarşısında qoyduğu strateji vəzifələr təşkilatın fəaliyyət fəlsəfəsinin yenilənməsini zəruri edir.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun çıxışında toxunduğu robotlaşma və süni intellekt məsələləri Qurultayın gündəliyinin nə qədər aktual və gələcəyə hesablanmış olduğunu sübut edirdi. Texnoloji inkişafın sənaye 4.0 inqilabının və rəqəmsallaşmanın əmək münasibətləri sistemini kökündən dəyişdirməsi faktı gündəlik həyatın reallığıdır. Əmək hüquqlarının müdafiəsinin cəmiyyətin diqqət mərkəzində olduğu tezisi sosial məsuliyyətin bölüşdürülməsi prinsipini ön plana çəkir. Robotlaşma nəticəsində insan əməyinin sıxışdırılması, alqoritmik idarəetmənin işçilər üzərində nəzarəti artırması fonunda ənənəvi həmkarlar ittifaqı metodları kollektiv müqavilələr, iş vaxtının tənzimlənməsi və əməkhaqqı danışıqları effektivliyini itirmək təhlükəsi ilə üzləşə bilər. Buna görə də yeni konseptual yanaşmalar rəqəmsal hüquqların qorunmasını, işçilərin texnoloji işsizlikdən sığortalanmasını və ömürboyu təhsil konsepsiyasının tətbiqini ehtiva etməlidir.

***

Qurultayın beynəlxalq legitimliyini və AHİK-in qlobal nüfuzunu təsdiq edən məqamlardan biri Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luk Triaqlın iştirakı və səsləndirdiyi fikirlərdir. Baş katibin Azərbaycanı beynəlxalq konfederasiyanın etibarlı üzvü kimi yüksək qiymətləndirməsi və əməyin mühafizəsi üzrə işçi hüquqları sahəsində görülən işləri təqdirəlayiq hesab etməsi ölkəmizin sosial sahədə apardığı islahatların beynəlxalq standartlara uyğunluğunun göstəricisidir. L.Triaqlın çıxışı konkret qlobal gündəliyi Bakı platformasına daşımaqla yadda qaldı. Onun Beynəlxalq Əmək Təşkilatının (BƏT) Bioloji Təhlükələrə dair Konvensiyasının qəbul edilməsi və sənəddə profilaktika, səhiyyə xidmətlərinə çıxış və kompensasiya ilə bağlı güclü müddəaların yer alması barədə məlumatı postpandemiya dövrünün aktual əmək təhlükəsizliyi məsələsinə toxunur. Konvensiyanın qüvvəyə minməsi üçün ən azı iki ölkənin ratifikasiyasının tələb olunması və Baş katibin Azərbaycanın bu ratifikasiyanı həyata keçirən ilk ölkələrdən biri olacağına ümid etməsi rəsmi Bakının qlobal sosial təşəbbüslərdə liderlik rolunu oynamaq potensialına olan inamı ifadə edir.

Sosial tərəfdaşlığın praktiki müstəvisi və gələcək fəaliyyət planı isə Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin çıxışında öz əksini tapdı. Nazirlər Kabineti, AHİK və ASK arasında 2026–2028-ci illəri əhatə edən Baş Kollektiv Saziş üzrə işlərin yekun mərhələdə olması ölkədəki sosial dialoqun fasiləsizliyini və institusional dayanıqlılığını nümayiş etdirir. Məmməd Musayevin qeyd etdiyi kimi, saziş sosial tərəfdaşlığın inkişafında əsas sənədlərdən biri hesab olunur və əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır.

Qurultayda səsləndirilən fikirlərin, müzakirə olunan məsələlərin və qəbul ediləcək qərarların məcmusu göstərir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası inkişafının yeni mərhələsinə qədəm qoyur. AHİK-in yeni nizamnamə layihəsinin müzakirəsi, təşkilatın daxili strukturunun müasir idarəetmə standartlarına uyğunlaşdırılması, şəffaflığın və hesabatlılığın artırılması istiqamətində atılan hüquqi addımdır. Qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi zamanı “yaşıl iqtisadiyyat”, rəqəmsallaşma və postkonflikt dövrünün reallıqlarının nəzərə alınması həmkarlar ittifaqlarının prosesləri qabaqlayan və strateji təşəbbüslərlə çıxış edən quruma çevrilmək əzmində olduğunu sübut edir.

AHİK-in VIII qurultayı Azərbaycanın sosial modelinin təkamülünü əks etdirən güzgüdür. Əgər əvvəlki dövrlərdə əsas diqqət işsizliyin aradan qaldırılmasına və baza əmək hüquqlarının təmin olunmasına yönəlirdisə, indiki mərhələdə "ləyaqətli əmək" (decent work), inklüzivlik, texnoloji adaptasiya və ekoloji məsuliyyət ön plana çıxır. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kurs iqtisadi inkişafın insan kapitalının inkişafı ilə vəhdət təşkil etməsini, iqtisadi artımın nəticələrinin cəmiyyətin bütün təbəqələri arasında ədalətli bölüşdürülməsini hədəfləyir. Həmkarlar ittifaqları məhz bu bölüşdürülmə mexanizminin ədalətli və şəffaf işləməsini təmin edən ictimai nəzarətçi funksiyasını yerinə yetirir.

Bakıda keçirilən mötəbər tədbir Azərbaycan cəmiyyətinin sosial yetkinliyini, dövlət təsisatları ilə vətəndaş cəmiyyəti arasındakı dialoqun konstruktivliyini və gələcəyə hesablanmış strateji baxışın mövcudluğunu nümayiş etdirir. Qəbul ediləcək qərarlar və 2026–2028-ci illər üçün Baş Kollektiv Saziş, növbəti illərdə ölkənin sosial mühitinin sabitliyini, əmək bazarının rəqabət qabiliyyətini və vətəndaşların rifahını təmin edəcək fundamental baza rolunu oynayacaqdır. Həmkarlar ittifaqları yeni dövrün çağırışlarına adekvat cavab vermək, işçilərin hüquqlarını rəqəmsal eranın və “yaşıl keçid”in tələblərinə uyğun qorumaq üçün öz sıralarını daha da sıxlaşdırmalı, intellektual potensialını səfərbər etməli və dövlətçilik maraqları ilə sosial ədalət prinsiplərini üzvi şəkildə birləşdirməyə davam etməlidir. Bu Qurultay modernləşmə və inkişaf kursunun dönməzliyini bəyan edən tarixi platforma kimi yaddaşlarda qalacaq.

Yusif ŞƏRİFZADƏ
XQ

 



Siyasət