Gərgin və davamlı dialoq Qrenlandiya böhranını səngidəcəkmi?
ABŞ-ın bir neçə gün əvvələ qədər davam edən və transatlantik münasibətlərdə ciddi narahatlıq doğuran bəyanatları Avropa paytaxtlarında narazılığı artırmışdı. Amma son anda Vaşinqtonun ritorikasında yumşalma müşahidə olundu. Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF) Qrenlandiya məsələsində təzyiq ehtimallarını açıq gündəmdən çıxardığını, NATO çərçivəsində “Arktika təhlükəsizliyi” üzrə ortaq yanaşmanın formalaşdırıldığını bəyan etdi. Bu baxımdan, ABŞ liderinin bəyanatı prosesin daha konstruktiv məcraya keçə biləcəyinə dair siqnal kimi dəyərləndirilə bilər.
Maraqlıdır, müşahidə olunan yumşalma nə dərəcədə davamlıdır və hansı səbəblərdən qaynaqlanır? Hadisələrin inkişafı göstərir ki, proses daha geniş siyasi və strateji maraqların nəticəsidir. ABŞ üçün Qrenlandiya mövzusu fərdi siyasi açıqlamaların fövqündə dayanır və Arktika regionunda sürətlə dəyişən geosiyasi reallıqların tərkib hissəsi kimi çıxış edir. Son onillikdə Arktika artıq qlobal güclər arasında rəqabətin yeni meydanına çevrilib. Qrenlandiya bu rəqabətin mərkəzində dayanır. İqlim dəyişiklikləri fonunda buzlaqların əriməsi regionda yeni dəniz marşrutlarının açılmasına şərait yaradıb.
Sözügedən marşrutlar həm də qlobal ticarətin gələcək trayektoriyası baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Qrenlandiyanın enerji ehtiyatları, xüsusilə nadir torpaq elementləri və digər xammallar baxımından potensialı onu ABŞ, Çin və Avropa İttifaqı kimi aktorların diqqət mərkəzinə gətirib. ABŞ-ın bu bölgəyə artan marağı məhz uzunmüddətli strateji planlaşdırmanın tərkib hissəsi kimi izah oluna bilər. Brüsseldə hiss edilən yumşalma isə onu göstərir ki, Vaşinqton maraqlarını müttəfiqlərlə açıq qarşıdurma yolu əvəzinə, koordinasiya və institusional mexanizmlər vasitəsilə irəli aparmağın daha effektiv olduğunu dərk etməyə başlayıb.
Trampın son açıqlamalarında bu yanaşmanın izləri açıq şəkildə sezilir. Əgər əvvəlki mərhələdə daha sərt, bəzən emosional çalarlar daşıyan bəyanatlarla siyasi mesaj vermək üstünlük təşkil edirdisə, hazırkı mərhələdə bu üslubun daha ölçülü, diplomatik və hesablanmış çərçivəyə salındığı müşahidə olunur. NATO-nun Arktika təhlükəsizliyi üzrə əsas platforma kimi təqdim edilməsi isə ABŞ-ın mövqeyini kollektiv qərar mexanizmləri daxilində ifadə niyyətindən irəli gəlir. Yanaşma həm Avropa paytaxtlarında yaranan narahatlıqları qismən yumşaldır, həm də Vaşinqtonun regional maraqlarını qorumağa imkan verir.
Proses, eyni zamanda Avropa, İttifaqı üçün də müəyyən nəticələr doğurur. Brüsseldəki zirvə görüşü göstərdi ki, Aİ artıq ABŞ-la münasibətlərdə reaktiv mövqe tutmaq niyyətində deyil. Qrenlandiya böhranı Avropaya bir daha xatırlatdı ki, transatlantik münasibətlər sabit qalmır, siyasi liderlikdən, qlobal proseslərdən və regional maraqlardan asılı olaraq daim transformasiya olunur. Bu baxımdan Aİ üçün əsas məsələ ABŞ-la əməkdaşlığı qorumaqla yanaşı, öz strateji maraqlarını daha aydın və müstəqil şəkildə formalaşdırmaqdır. Aİ Xarici Siyasət Xidmətinin rəhbəri Kaya Kallasın açıqlamalarında bu ehtiyatlı yanaşma öz əksini tapır. Kallasın transatlantik münasibətlərin “böyük zərbə” aldığını bildirməsi yaranmış vəziyyətin dərin etimad problemi kimi qəbul edildiyini göstərir. Onun səsləndirdiyi fikirlər Avropa tərəfinin ABŞ-la münasibətlərdə əvvəlki modelindən tədricən uzaqlaşdığını və daha diqqətli, hesablanmış yanaşmaya üstünlük vermək niyyətində olduğunu ortaya qoyur.
Yeri gəlmişkən, ehtiyatlı, lakin prinsipial xəttin praktik müstəvidə hansı alətlərlə müşayiət oluna biləcəyi Avropa siyasi dairələrində açıq müzakirə olunur. Məhz bu kontekstdə “Politico” nəşrinin gündəmə gətirdiyi ehtimal diqqət çəkir. Nəşr yazır ki, əgər ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdid xarakterli ritorikası davam edərsə, Avropanın cavabı klassik diplomatik kanallarla məhdudlaşmaya bilər. Alternativ təsir mexanizmi kimi futbol üzrə Dünya çempionatının ABŞ-da keçiriləcək hissəsinin boykot edilməsi ideyası bu mənada strateji alət kimi dəyərləndirilir.
Söhbət 11 iyun–19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək XIII Dünya Çempionatının Vaşinqton seqmentindən gedir. Nəşr vurğulayır ki, turnir Amerika üçün qlobal imic, nüfuz və siyasi legitimlik baxımından “yumşaq güc” platformasıdır. ABŞ-ın ev sahibliyi etdiyi dünya çempionatı həm də Tramp administrasiyası üçün beynəlxalq auditoriyaya ünvanlanan pozitiv mesajların ötürüldüyü nadir universal kanallardan biridir. Məhz buna görə mümkün boykot ideyası “ən həssas nöqtəyə zərbə” kimi xarakterizə olunur. Nəzərə alsaq ki, dünya çempionatının final mərhələsində 16 Avropa milli komandasının iştirakı planlaşdırılır, potensial boykot ideyası rəmzi olmaqdan çıxaraq real siyasi təsir mexanizmə çevrilə bilər.
Sonda qeyd edək ki, Qrenlandiya böhranı, bütövlükdə, beynəlxalq münasibətlər sistemində yeni davranış modelinin formalaşdığını göstərir. Bu məsələ tədricən Arktika təhlükəsizliyi ilə yanaşı, qlobal siyasi nüfuz mübarizəsinin də mərkəzi mövzularından birinə çevrilə bilər. Bu isə müasir beynəlxalq siyasətdə sərhədlərin stadionlar, tribunalar və qlobal tamaşaçı auditoriyaları üzərindən də cızıla biləcəyi ehtimalını artırır.
Hüseyn SULTANLI,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi
Son həftələrdə transatlantik münasibətlər alyansın mahiyyətini köklü şəkildə dəyişə biləcək ciddi sınaqlarla üz-üzə qalıb. Qrenlandiya ətrafında gedən mübahisə bu münasibətlərin tarixində bəlkə də ən qarşıdurmalı mərhələdir. Hazırda Donald Trampın Qrenlandiyanın ABŞ tərəfindən ələ keçirilməsinə qarşı çıxan Avropa ölkələrinə qarşı tariflər tətbiq etmək planlarını dayandırdığı görünür. Prezident məsələnin həlli ilə bağlı “çərçivə razılaşmasının” əldə olunduğunu bildirib. Problemin konkret olaraq necə həll ediləcəyi hələlik aydın olmasa da, hadisə Brüsseldə ciddi narahatlıq doğurub və artıq real siyasi nəticələrə yol açıb. Avropa İttifaqının atdığı addımlara nəzər salmaq kifayətdir ki, ritorikada misli görünməmiş sərtləşməni görmək mümkün olsun. Böyük Avropa liderləri ilə müqayisədə Donald Trampla münasibətləri daha isti olan Böyük Britaniyanın Baş naziri Kir Starmerin sərt bəyanatları ilə yanaşı, Avropa Parlamenti iyul ayında razılaşdırılmış ABŞ–Aİ ticarət sazişinin təsdiqini dayandırıb. Bundan əlavə, bir sıra aparıcı Aİ ölkələrinin müxtəlif səbəbləri əsas gətirərək “Sülh Şurası”na qoşulmaqdan imtina etməsi də simvolik baxımdan mühüm qərar kimi qiymətləndirilir.
Lakin ən həlledici məqam bu qarşıdurmanın transatlantik münasibətlərin gələcəyi üçün doğurduğu nəticələrdir. Tərəflər əvvəllər də, o cümlədən Ukrayna müharibəsinin idarə olunması məsələsində fikir ayrılıqları yaşamışdılar. Buna baxmayaraq, Brüsseldəki rəhbərlik ABŞ administrasiyası ilə münasibətlərdə adətən son dərəcə ehtiyatlı davranır, qarşıdurma və təhdidlər əvəzinə praqmatizmə, sakitliyə və dialoqa üstünlük verirdi.
Bu dəfə isə Aİ Amerika mövqeyindən açıq şəkildə uzaqlaşmaq və onu rədd etmək kimi cəsarətli addım atdı. Bu vəziyyət Aİ-nin strateji muxtariyyət axtarışları ilə bağlı müzakirələri yenidən gündəmə gətirdi. Halbuki strateji muxtariyyət ən yaxın və ən vacib müttəfiqlərdən belə asılı olmadan müstəqil hərəkət etmək qabiliyyəti olmadan mümkün deyil. Məhz bu səbəbdən sözügedən insidentə ayrı-ayrı hadisə kimi yanaşmaq olmaz. Proses transatlantik münasibətlərin gündəmini uzun müddət müəyyənləşdirəcək və gələcək illərdə tərəflərin bir-birini necə gördüyünü köklü şəkildə dəyişdirmək potensialına malikdir.
Nəzrin ELDARQIZI
XQ


