Hayastanda gizli heç nə qalmayıb

post-img

...Siyasi rəqiblərə qarşı çirkin kompromatların təşkili, keçmişindəki qara ləkələri başqalarını çirkaba bulamaqla təmizləmək və bu yolla özünü təmizə çıxarmaq cəhdləri, dünənki müttəfiqlərə arxa çevirmələr, kənardakı siyasi sponsorlara quyruq bulamaları, hay cəmiyyətinin gözündən düşənlərin başına və yaşına yaraşmayan davranışları. Sadaladıqlarımız və hələ xəbər tutmadığımız hərəkətləri Ermənistanda parlament seçkiləri öncəsi atmosfer təzyiqi xeyli yüksəlmiş “siyasi qızdırmanın” əlamətləri kimi də yozmaq olar. Parlamentdə çoxluğu qazanmağa iddialıların seçkiqabağı ilkin təsnifatımızdakı sonuncu kontingentin üzərində ayrıca dayanacağıq.

“Bəzən mənə elə gəlir ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın bəyanatlarını cəmi 3 nəfər oxuyur, – onlardan biri də mənəm”. Vitse-spiker Ruben Rubinyan bu sözləri dünən Milli Assambleyanın dinləmələrində fasilə zamanı jurnalistlərlə söhbətində “Taşir” şirkətlər qrupunun sahibi, rusiyalı iş adamı Samvel Karapetyanı dəstəkləyən sabiq prezident Levon Ter-Petrosyanın son açıqlamasını şərh edərkən deyib.

Elektoratdan səs uman sonuncu kontingent deyəndə məhz Levon Ter-Petrosyanı nəzərdə tuturduq. Suriya ermənisi, iki ay əvvəl 81 yaşını adlamış Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan özünü əməlli-başlı biabır edib. O, özünün buqələmun siyasi mövqeyi və çıxışları ilə onsuz da gözdən düşmüşdü. İndi bu siyasi meyitin barəsində cinayət işi qaldırılaraq həbsxanaya salınmış, şübhəli biznesə sahib rusiyalı milyarder Samvel Karapetyanın qəfildən müdafiəsinə qalxmasının səbəbi “iki vur iki” qədər sadədir. Parlament seçkilərinə 3 ay qalmış şimaldan aldığı təlimata uyğun hərəkət etməyə başlayan Levonun bu yaşında pula hərisliyi vaxtilə hayların öyündüyü siyasi praqmatizminə qalib gəlib. Bütün cəbhələrdən Paşinyan komandasına qarşı hücuma keçən satqın və muzdlu müxalifətin məhz kənar qüvvələrin ssenarisi əsasında anti-Ermənistan fəaliyyətlərinə start verdikləri aşkar görünməkdədir. Ermənistan və onun siyasi cameəsi nə boydadır ki, kimin haraya bağlı olduğunu, kimin hansı qapıdan keçdiyini gizli saxlamaq mümkün olsun? Bu “xor kapellasına” qocaman Levon da qoşulub. Erməni xislətinin üzə çıxmasından ötrü yaşın fərqi yoxdur.

Ermənistanın sabiq birinci prezidentini layiq olduğu aşağılayıcı “təşbehlərə” qonaq edənin kimliyi az əhəmiyyət kəsb etmir. Bu ironiyalı siyasi replika Ermənistan parlamentində hakim “Mülki müqavilə” partiyasına məxsus fraksiyanın rəhbəri, spikerin müavini, üç gündən sonra cəmi 36 yaşlı tamam olacaq Ruben Rubinyanın dilindən səslənir. Türkiyə ilə ikitərəfli danışıqlarda baş nazirin xüsusi nümayəndəsi kimi iştirak edən Ruben “biri də mən” deyəndə çox güman ki, hayların eks-prezidentinin bəyanatlarını oxuyan daha 2 nəfərdən birinin müəllifin özünü – yəni Levon Ter-Petrosyanı, 3-cü qismində yəqin statusuna görsə ona hökumətin ayırdığı dövlət avtomobilinin sürücüsünü nəzərdə tuturmuş. Sinninin bu çağında Ter-Petrosyanın olduqca ağrılı və biabırçı bir siyasi süqutla üzləşməsi heç xoşagələn hal deyil. Biz heç kimin siyasi karyerasının sonunda reputasiyası bulaşıq hansısa oliqarxın ayağına düşməsini arzulamırıq. Əslində, diqqətinizə ərz etdiyimiz hekayətin ən kədərli tərəfi məhz bundan ibarətdir.

İntəhası, məsələnin gülməli tərəfi də var. Bu da odur ki, müxalifətin baş nazirliyə namizədliyini irəli sürdüyü Levon Zurabyan, deməli, mahiyyətcə o qədər dəyərsiz birisidir ki, bunun təşəbbüskarı indi başqasını dəstəkləməyə üstünlük verib. Bunu isə Ruben Rubinyan deyib. Üstəlik, sözlərinə onu da əlavə edib ki, qanunla sonuncu baş nazir postuna namizəd ola bilməz.

İndi gəl hay kələfinin ucunu axtar. Ay tapdın ha...

İ.HƏSƏNQALA
XQ

Siyasət