Prezident: Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır

post-img

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası, dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan, BMT-nin ən geniş və təsirli regional platformalarından biri olaraq qalır. Biz, xüsusən də, multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda bu mühüm işə töhfə verməkdən məmnunuq.

XQ xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində yer alıb.

“Görüşümüz artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur. Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda, Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır.

2021-ci ildə bu mötəbər qurumda ilk dəfə çıxış etdikdən sonra, Cənubi Qafqazda dərin transformasiya baş vermişdir. Azərbaycan özünün suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş, Ermənistanla sülh gündəliyinə başlamışdır. Ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Zirvə görüşündə Azərbaycan ilə Ermənistan arasında normallaşmada tarixi irəliləyiş əldə olunmuşdur.

Bu gün biz sülhün bəhrəsinin şahidiyik. Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda, Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir”, - deyə müraciətdə qeyd edilib.

Siyasət