Yusif Akçura çarizmin düşməni Lenindən türk xalqlarına milli haqq tələb etmişdi
XX əsrin əvvəllərində Yusif Akçura təkcə mənsub olduğu tatar xalqının deyil, bütün dünya türklərinin istiqlalı, tərəqqi və intibahı naminə əvəzsiz xidmətlər göstərən tarixi şəxsiyyətdir. Böyük Turan aşiqlərindən idi. Siyasi türkçülüyün yaradıcılarından və əsas ideoloqlarından sayılır. Onun mübarizələrlə dolu həyatı hər zaman türkün adını və şərəfini uca tutan hər kəsdə dərin rəğbət hissi doğurur.
Bəli, həqiqətən, Yusuf bəy Akçura türk xalqlarının səadəti uğrunda gördüyü böyük işlərə görə türk dünyasının Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ziya Göyalp kimi böyük şəxsiyyətləri ilə bir cərgədə dayanmağa mənəvi haqqı olan kişilərdəndir. Onun adı və əməlləri haqlı olaraq bu gün də bütün Turan ellərində dərin sevgi və sayğı ilə anılır.
Yusif bəy 1876-cı il dekabrın 2-də Rusiyanın Simbirsk şəhərində anadan olub. Bu, həmin Simbirskidir ki, ondan düz 6 il əvvəl bolşeviklərin rəhbəri Vladimir İliç Lenin doğulmuşdu. Qəribədir ki, tale onları ilk dəfə Sürixdə (İsveçrə) 1916-cı ildə görüşdürdü. Rusiyada milli məsələnin həlli ilə bağlı 4 saata yaxın qızğın müzakirələr aparıblar. Söhbətin sonunda Lenindən soruşub ki, işdir, birdən, bolşeviklər hakimiyyətə gəlsələr, milli məsələyə hansı mövqedən yanaşacaqlar? Leninin cavabı bu olub ki, “o hüquqları ki, siz tələb edirsiniz, biz yerli özünüidarəetməyə keçsək, artıqlaması ilə alacaqsınız”.
Bolşeviklər, həqiqətən, həmin söhbətdən cəmi 1 il sonra çoxları üçün, eləcə də Y.Akçuranın gözlənilmədiyi bir şəraitdə Oktyabr qiyamı zamanı hakimiyyəti zor gücünə ələ keçiriblər. Amma nə V.İ.Lenin və nə də onun siyasi varisi İ.Stalin çar Rusiyasında yaşayan kiçik xalqlara vəd etdikləri azadlıqları vermədilər. Onlar hakimiyyətdə güclənəndən sonra milli haqları dilə gətirənləri NKVD həbsxanalarına ataraq məhv etdilər.
Yusif bəyin uşaqlıq illəri çox təzadlı hadisələrlə yadda qalıb. Onun cəmi 2 yaşı olanda çuxa istehsal edən fabrikin sahibi olan atası Həsən Akçurin vəfat edib. Anasının qəfil xəstələnməsi səbəbindən ailə 1883-cü ildə İstanbula köçməli olub. Yusif 1883–1892-ci illərdə İstanbulda əvvəlcə ibtidai, sonra isə orta məktəbi bitirib. Sonrakı 4 il ərzində isə təhsilini İstanbul Hərbiyyə Məktəbində davam etdirib. Məhz bu təhsil ocağında o dönəmdə Türkiyədə pərvəriş tapmaqda olan türkçülük hərəkatının fəalları ilə yaxınlaşmağa başlayıb.
Yusif bəy İstanbulda olarkən tez-tez əmisi qızı, “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspıralının həyat yoldaşı Zöhrə xanım Akçurinin evinə qonaq gedərdi. İsmayıl bəy gənc Yusifin ağlına, hünər və qeyrətinə heyran qalır. Yusif bəy hələ gənc yaşlarından yaxın qohumu və hamisi İsmayıl bəy Qaspıralını həyatda özünün “böyük müəllimi” adlandırıb. İsmayıl bəyin şərəfli ömür yolu və parlaq ideyaları daim Yusif Akçuranı ruhlandırıb.
Xatırladaq ki, XX əsrin əvvəllərində çoxları Osmanlı imperiyasını xəstə qocaya bənzədirdilər. Təbii ki, vətənpərvər insanlar bundan pəjmürdə olur, düşmənlər isə sevinirdilər. Vəziyyət son dərəcə gərgin idi. “Gənc türklər” Osmanlının əvvəlki şan-şöhrətini, qüdrətini qaytarmaq istəyirdilər. Sultanın casusları isə gənc türkləri və onların planlarına rəğbət göstərənləri təqib edirdilər.
21 yaşlı gənc Yusif bəy 1897-ci ildə Osmanlı Sultanı Əbdülhəmidin əmri ilə Trablisə sürgün edilir. “İttihad və tərəqqi” Partiyasının Sultanla apardığı danışıqlardan sonra Yusif bəy həbsdən azad edilir. Lakin onun Türkiyəyə qayıtmasına izn verilmir, bu səbəbdən Parisə mühacirət etməli olur. O, 1899–1903-cü illərdə məşhur Sorbonna Universitetində təhsi alır. Parisdə yaşadığı dövrdə Qərb fəlsəfəsinə, Avropa insanının düşüncə tərzinə, mentalitetinə yaxından bələd olur. Bu arada uşaqlıq dostu Sədri Məqsudi Sorbonna Universitetində təhslini davam etdirmək üçün Parisə gəlir. Onlar sarsılmaz əqidə və məslək dostlarına çevrilirlər.
Yusif bəy Parisdə yaşadığı illər ərzində özünün böyük müəllimi İsmayıl bəy Qaspıralı ilə tez-tez məktublaşırdı. 1903-cü ilin baharında “Tərcüman” qəzetinin 20 yaşı tamam olacaqdı. Sorbonna Universitetinin tələbələri – Yusif və Sədri bəylər bu işdə İsmayıl bəyə yardımçı olmaq fikrinə düşürlər. Dostlar “Tərcüman”ın türkçülüyün inkişafındakı böyük rolundan bəhs edən 27 səhifəlik mətn hazırlayıb onu o dövrün 100 tanınmış ziyalısına göndəriblər.
“Tərcüman”ın yubileyi Baxçasarayda çoxsaylı qonaqların iştirakı ilə yüksək səviyyədə keçib. Türkiyə, Rusiya, eləcə də digər yaxın-uzaq ölkələrdən İsmayıl bəyin adına Bağçasaraya təşrif buyuran tanınmış şəxslər türk xalqlarının gələcək taleyi ilə bağlı öz arzu, təklif və düşüncələrini bölüşüblər. Səid bəy Məqsudi sonralar yazmışdı ki, bu yubiley mərasimi Rusiya türklərinin dirçəliş tarixinə son dərəcə əlamətdar bir hadisə kimi həkk olunmuşdur. İsmayıl bəy Qaspıralı, təbii ki, gənc türkçülərin bu cəfakeşliyindən xeyli təsirlənib.
Yusif bəy 1904-cü ildə Qahirədə çıxan “Türk” qəzetində “Üç tərzi-siyasət" adlı məşhur əsər dərc etdirib. Müəllifin fikrincə, dünyadakı bütün türk xalqlarını əsasən türk dili zəminində birləşdirmək mümkün ola bilər. Bu əsər türk milli özünüdərkinin manifesti hesab olunur. Hətta sonrakı, yəni 1908–1912-ci illər ərzində onun qurduğu “Türk dərnəyi”, “Türk bilgi dərnəyi”, “Türk ocağı”, “Türk yurdu” kimi cəmiyyətlər Yusuf bəyin irəli sürdüyü türkçülük ideallarına sədaqət prinsipi əsasında fəaliyyət göstərmişdir.
Tanınmış türkoloq Azər Turan 2021-ci ilin dekabrında “Ədəbiyyat və incəsənət” qəzetində nəşr edilən “Yusif Akçura barədə düşüncələr” məqaləsində yazmışdır: “1904-cü ildə Yusif Akçura ideal sistem və ideoloji təməl axtarışındaydı. Elə həmin ərəfədə bu üç siyasi tərzin, istiqamətin ideal şəklini Əli bəy Hüseynzadə müəyyənləşdirdi: türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq düsturunu irəli sürdü. Hüseynzadənin milli triadasını ilk alqışlayanlardan biri də Yusuf Akçuraydı. Yazırdı ki, “Əli bəyin üçlü düsturu türk millətinin yaxşı tapılmış xoşbəxt əsaslarındandır”.
Yusif bəy Parisdə təhsilini bitirdikdən sonra yenidən Rusiyaya qayıdıb. 1904-cü ildən 1908-ci ilədək olan dövrü onun həyat və fəaliyyətinin qaynar “Kazan dövrü” adlandırılır. 1905-ci ildən başlayaraq “Kazan xəbərləri” (“Kazan müxbire”) qəzetini nəşr etdirir. Bu mətbu nəşr tatar milli hərəkatının ideyaca möhkəmlənməsi və təşkilatlanmasında mühüm rol oynayır. Yusif bəy o dönəmdə Kazanda “Müsəlmalar İttifaqı”nı da yaratmağa müvəffəq olur. Qeyd etmək lazımdır ki, tatar burjuaziyası Yusif bəy Akçuranın milli azadlıq ideyalarına maddi dəstək verirdi.
Yusif bəyin əhali arasında şöhrəti və nüfuzu artırdı. Dövlət Dumasına millət vəkili seçiləcəyinə heç bir şübhə yox idi. İmperiya xəfiyyəsi bu prosesin qarşısını almaq məqsədilə 1906-cı ildə Yusif bəyi həbs edir. Bir müddət sonra o, dostlarının köməyi ilə həbsdən azad edilir.
Təqvimdə artıq 1908-ci il idi. Həmin il Osmanlıda məşruyyətin elanından sonra Yusif bəy vaxt itirmədən İstanbula qayıdır. Bu dövrdə bir çox vətənpərvər türkçü dərnəklərinin qurulmasında iştirak edir, “Türk yurdu” dərgisini yaradır. Yeri gəlmişkən, bu dərgi Azərbaycanda da kifayət qədər populyar olmuşdur.
Birinci Dünya savaşı (1914-1918-ci illər) başlayır. Böyük əqidə dostlarına çevrilən Əli bəy Hüseynzadə və Yusif bəy Akçura rus imperiyasındakı müsəlman-türk xalqlarının siyasi müqəddəratı üçün narahat idilər. Bu iki məsləkdaş 1915-ci ilin dekabrında bir yerdə “Turan heyəti”ni qururlar, bundan sonra Avropa ölkələrinə səfərə çıxırlar. Avstriya, Macarıstan, Almaniya, Bolqarıstan rəsmiləri ilə görüşüb Rusiya müstəmləkəçiliyindəki türklərin milli talelərini müzakirə edirlər.
“Turan heyəti” Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsona, hətta Rusiyanın müttəfiqlərinə “Rusiya müsəlmanlarının haqlarının tanınması” çağırışı ilə teleqramlar göndərirlər. Bu iki fədakar türk ziyalısı qısa, yığcam teleqraf müracətlərində dünyaya türk xalqlarının milli istiqlalına qovuşmağa layiq olduqlarını bəyan edirdi. Təəssüf ki, o dövrün güc sahibləri bunun fərqində deyildilər. Onlar heç zaman türklərin Rusiya imperiyasında müstəqil qüvvəyə çevrilməsini arzulamırdılar.
Birinci Dünya savaşını uduzan Osmanlı İmperiyası artıq çökmüşdü. Düşmənlər birləşib yerbəyerdən onun torpaqlarını ələ keçirməyə, varidatını talan etməyə, türkün ruhunu yenməyə çalışırdılar. Hər dəqiqə, hər an çox qiymətli idi. Belə bir taleyüklü məqamda böyük Atatürk qürur, istiqlal savaşına başladı. Yusif bəy Akçura milli mücadilə dönəmində Atatürkün tərəfini saxladı, Anadolu cəbhələrinə getdi, Sakarya döyüşlərində şəxsən iştirak etdi. Türk Milli Firqəsinin qurucularından biri oldu. Cümhuriyyət Xalq Partiyasına daxil oldu. Əvvəl İstanbuldan, sonra Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçildi.
Böyük Atatürk Yusif bəyə dərin sayğı bəsləyirdi. Yusif bəy əvvəlcə Türkiyə Xaricı İşlər Nazirliyində Şərq məsələləri şöbəsinin müdiri vəzifəsində çalışdı, sonra Atatürkün mədəniyyət məsələləri üzrə müşaviri təyin olundu. Türk Tarix Qurumunun yaradıcısı və ömrünün sonunacan bu qurumun rəhbəri oldu. 1932-ci ildə keçirilən Birinci Türk Tarixi Qurultayına Atatürkün tövsiyəsi ilə sədrlik etdi.
Yusif bəy Akçura Türkiyədə yaşadığı illərdə, eyni zmanda, İstanbul Universitetinin yeni dövr siyasi tarix professoru olmuşdur. 1935-ci il martın 11-də ədəbiyyat fakültəsindəki dərslərini tamamlayıb 8 yaşlı oğlu Toğrulla evlərinə qayıdarkən yolda infarkt keçirərək dünyasını dəyişmişdir. O zaman 58 yaşı vardı...
Məsaim ABDULLAYEV
XQ