Ümid Londonamı qaldı?

post-img

Prezident Donald Tramp ümid edir ki, bu həftə Moskva və Kiyev “sövdələşmə əldə edəcəklər”. ABŞ, Avropa ölkələri və Ukrayna bugünlərdə Londonda bir araya gələrək atəşkəs barədə razılığa gələcəklər. Ancaq heç də hamı müharibənin tezliklə başa çatacağına ümid bəsləmir. Ən azından ona görə ki, Rusiyanın elan etdiyi 30 saatlıq Pasxa atəşkəsi gecə yarısı başa çatdı və tərəflər atəşkəsi uzatmadılar. Hər iki tərəf bir-birilərinə öldürücü zərbələr vurmağı davam etdirirlər.

ABŞ prezidenti Trampın bəhs etdiyi London görüşü aprelin 17-də baş tutan Paris danışıqlarının davamı olacaq. Fransada Vaşinqtonun öz sülh planını müttəfiqlərə təqdim etdiyi bildirilir. Daha sonra təkliflərin Moskvaya göndərildiyi vurğulanır. Atəşin şərtləri rəsmi olaraq açıqlanmır. Bununla belə, ABŞ mediası yazır ki, Rusiyanın Kiyevin itirdiyi əraziləri tanıyacağı, Ukraynanın NATO-ya daxil olması ilə bağlı müzakirələrin dayandırılacağı güman edilir. Bundan əlavə, anti-Rusiya sanksiyalarının yumşaldılması müzakirə olunur.

ABŞ Dövlət katibi Marko Rubio aprelin 17-də Paris danışıqlarını konstruktiv adlandırır. Lakin bir gün sonra o, heç bir irəliləyiş əldə olunmasa, Birləşmiş Ştatların sülh prosesindən çıxa biləcəyini də vurğuladı. Bu hədə Avropada və Ukraynada ciddi müzakirələrə səbəb oldu. Kiyev və müttəfiqləri ehtiyat edirlər ki, Ağ ev sülh danışıqları istiqamətində fəaliyyətini dayandıra və daha sonra Ukraynaya silah tədarükündən imtina edə bilər. Belə bir perspektiv Kiyevi və Avropanı ciddi narahat edir. Buna görə də Londonda keçiriləcək növbəti görüşdə Ukraynanın maraqlarını ciddi zədələyəcək qərarların qəbul edilməyəcəyinə ümidlidirlər. Bəzi ekspertlər Londonda hansısa razılaşmanın əldə oluna biləcəyini istisna etmirlər. Belə ehtimal olunur ki, Londonda söhbət daha uzunmüddətli atəşkəsdən, sonra isə danışıqlara başlamaqdan gedəcək. Danışıqların uzun və çətin olacağı güman edilir.

Avropanın da sülh danışıqlarına qoşulması Ukraynanın ümidlərini artırır. Xatırladaq ki, amerikalılar öncə Aİ olmadan da sülh tənzimlənməsinə nail ola biləcəklərinə ümid edirdilər. Ancaq sonra Ağ evdə sanksiyaların çoxunun məhz Avropa istiqamətində tətbiq olunduğunu anladılar. İndi danışıqlarda Avropanın Ukraynanın təhlükəsizliyinə təminat verilməsinə çalışacağı güman edilir. Ən azından Aİ-nin Londonda ABŞ-ın atəşkəs planının yenidən müzakirə olunmasına cəhd edəcəyinə dair müəyyən mülahizələr var.

Amma Vaşinqtonun Londonda təqdim etmək niyyətində olduğu plana yenidən baxılacaqmı? Politoloqlar bu suala birmənalı cavab verə bilmirlər. Ona görə ki, atəşkəs təklifinin rəsmən hələ təqdim olunmadığını vurğulayırlar. “The Washington Post” yazır ki, getdikcə daha çox Avropa ölkəsi Kiyevə silah vermək əvəzinə Ukraynanın müdafiə sənayesinə sərmayə qoymağa hazır olduğunu bildirirlər. “The Wall Street Journal” qəzeti də vurğulayır ki, prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff bu həftə Rusiyaya gələ bilər. Bu, ABŞ, Ukrayna və Avropa nümayəndələrinin Londonda keçiriləcək görüşündən sonra baş verəcək. Qəzet onu da bildirir ki, Ağ ev Zaporojye Atom Elektrik Stansiyasının ətrafındakı ərazilərə neytral statusun verilməsini təklif edir və bu da münaqişənin həllinə kömək edəcək.

Bütün bu gözləntilərin fonunda Ukrayna–Rusiya müharibəsi davam edir. Pasxa bayramı ilə bağlı elan edilən atəşkəsdən bir gün sonra cəbhədə döyüşlərin yenidən bərpa olunduğu bildirilir.

S.ELAY
XQ

Dünya