AMM ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb

post-img

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2025-ci ilin "Ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat İli" elan edilməsi haqqında Sərəncamı çərçivəsində ölkədə Beynəlxalq Təsviri və Tətbiqi Sənət Festivalı keçirilir. Tədbirin əsas məqsədi Özbəkistanın mədəni irsinin qorunması və təbliği, gənc istedadların dəstəklənməsi, ənənələrin inkişafı və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir.

Tədbirdə Özbəkistan rəssamlarından başqa Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya, Cənubi Koreya, Tacikistan və digər ölkələrin sənət adamları iştirak edir. 

Azərbaycandan bu festivala rəssamlar Nərgiz Quliyeva və İnna Eldarova öz əsərləri ilə qatılıb. 

Festival çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nur arasında əməkdaşlığa dair Memorandum imzalanıb. 

Sənədə əsasən tərəflər iki ölkənin aidiyyəti qurumları arasında təsviri, tətbiqi sənət sahələrində əlaqələrin möhkəmlənməsi, qarşılıqlı təcrübə mübadiləsi, milli mədəni irs və incəsənət sahəsində ortaq layihələrin həyata keçirilməsi istiqamətində müvafiq iş aparacaqlar.  

Qeyd olunur ki, rəssamların əsərlərini nümayiş etdirmək üçün ortaq layihələr , rəssamlar, heykəltəraşlar və digər incəsənət nümayəndələri üçün ustad dərsləri, seminarlar və təlim proqramlarının təşkili, zəngin mədəni irsin qorunması və təbliği məqsədilə birgə layihələr, habelə gənc rəssamların və sənətkarların inkişafı üçün müsabiqələr, təqaüd proqramları və sərgilər  həyata keçiriləcək. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 









Mədəniyyət