Son illər süni intellektin qlobal səviyyədə inkişafı onun tətbiqi sahələrini daha da genişləndirməklə bir çox sektorlarda köklü dəyişikliklərə səbəb olmaqdadır. Bu təcrübə xüsusən də qərar qəbuletmə prosesində səmərəliliyin və şəffaflığın artırılmasını, idarəetmənin optimallaşdırılmasını, maliyyə xərclərinin minimuma endirilməsini və vətəndaşların xidmətlərə çıxışının asanlaşdırılmasını hədəfləyir.
Bunu insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.
S.Əliyeva bildirib ki, rəqəmsallaşma və süni intellekt bir tərəfdən müxtəlif sahələr üzrə əlverişli imkanlar yaratsa da, digər tərəfdən yeni sosial çağırışları da labüd edir. Belə ki, innovativ texnologiyaların istehsalatdan xidmət sahələrinə qədər geniş tətbiqi yeni bilik və bacarıqlara tələbatın artmasına, bəzi peşələrə ehtiyacın aradan qalxmasına, həmçinin iş yerlərində kütləvi ixtisarlara və diskriminasiya hallarına səbəb ola bilər.
"Beynəlxalq tədqiqatlara əsasən, yüksək texnologiyaların tətbiqi ilə bağlı 2030-cu ilə qədər dünya üzrə təxminən 375 milyon insanın yenidən ixtisaslaşmağa və yeni bacarıqlara yiyələnməsinə ehtiyac yaranacaq ki, bu da ümumi işçi qüvvəsinin təxminən 14 faizini təşkil edir. Ölkəmizdə də rəqəmsal idarəetmənin inkişafı və süni intellektin tətbiqi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Strategiya süni intellekt siyasətinin formalaşdırılmasını, bu sahədə məsul dövlət orqanlarının müəyyən edilməsini, dövlət-özəl əməkdaşlığın genişləndirilməsini və digər innovativ həlləri nəzərdə tutur.
Süni intellektin tətbiqi əmək məhsuldarlığının artırılması, habelə inklüzivliyin daha səmərəli təmin olunması baxımından da əhəmiyyətlidir. Bununla belə, rəqəmsal texnologiyalardan istifadə digər sahələrdə olduğu kimi, əmək hüququ və məşğulluq sahəsində də yeni yanaşmaların tətbiqini vacib edir. Bütün hallarda, süni intellekt konsepsiyasına keçid dövlətin ali məqsədi olan insan hüquq və azadlıqlarının təmin olunması və texnoloji tərəqqinin insan hüquqlarına neqativ təsirlərinin minimuma endirilməsi ilə şərtlənir", - deyə o vurğulayıb.
S.Əliyeva diqqətə çatdırıb ki, texnoloji dəyişikliklərə hazırlıq məqsədilə regionlar üzrə əmək bazarının tədqiq edilməsi, işçilərin hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planının hazırlanması, süni intellektin tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslərə dəstək mexanizmlərinin yaradılması olduqca zəruridir. Bununla əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi də əsas şərtlərdəndir. Digər məsələ, müasir rəqəmsal texnologiyaların tətbiqi zamanı fərdi məlumatların, habelə qanunla əldə olunmasına məhdudiyyət qoyulan digər məlumatların mühafizəsinə xüsusi diqqətin yetirilməsidir.