Prokurorluq əməkdaşlarının beynəlxalq təcrübəni öyrənməklə peşə hazırlığının yüksəldilməsi məqsədlə təlim kursları keçirilir, onların beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aprelin 20-dən 28-dək “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında” imzalanmış Anlaşma Memorandumunun icrası məqsədilə Baş Prokurorluğun nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfər edib.
Çinin Tianjin vilayətinin prokuroru Fenq Çau Azərbaycan nümayəndələri ilə görüşdə tarixən xalqlarımız arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, ötən ilin sentyabrında Bakıya səfəri və iştirakçısı olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının möhtəşəm təşkil olunduğunu bildirib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Rail Bayramlı ölkələrimiz arasındakı sıx münasibətlərin təzahürü olaraq müxtəlif səviyyələrdə intensiv qarşılıqlı səfərlərin keçirildiyini qeyd edib.
Görüşdə həmkarlar arasında səmərəli fikir mübadiləsi aparılıb.
Daha sonra əməkdaşlıq proqramı çərçivəsində növbəti günlərdə cinayət işləri üzrə beynəlxalq hüquqi əməkdaşlıq, elektron sübutlar, kibercinayətkarlıq, məhkəmələrdə prokurorun rolu və cinayət prosesinin rəqəmsallaşdırılması mövzularında seminarlar, qarşılıqlı müzakirələr, həmçinin Çin Xalq Respublikasının Baş Prokurorluğu, Pekin, Tianjin və Xepinq prokurorluqlarının inzibati binaları ilə yaxından tanışlıq olub.
Təlim çərçivəsində Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova, Mətbuat xidmətinin prokuroru Suad Qəhrəmanova və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı Baş Prokurorluğun struktur qurumlarına dair təqdimatla çıxışlar ediblər. Onlar prokurorluğun fəaliyyətinin rəqəmsallaşdırılması və cinayətkarlığın bütün növlərinə qarşı mübarizə sahələrində mövcud müsbət təcrübə və əldə olunmuş uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Tədbirin yekununda təlimi uğurlu şəkildə başa vurmuş prokurorlar müvafiq sertifikatlarla mükafatlandırılıb.