Komandirini xilas edən şəhid

post-img

Xətai Xaliq oğlu Həsənov 2001-ci il iyunun 29-da Tovuz rayonunun Qovlar şəhərində anadan olub. Ailənin 3 qızdan sonra tək oğlan övladı doğulanda qurbanlar kəsilib, nəzir-niyaz paylanıb, qohum-əqrəba Həsənovların evinə gözaydınlığına gəlib, uşağa xeyir-dua veriblər. Adını Xətai qoyub Şah İsmayıl səviyyəsinə, yüksəkliyinə çatmasını arzulayıblar.

Xətai 2007-ci ildə Sovet Kazımov adına Qovlar şəhər tam orta məktəbin 1-ci sinfinə gedib. Sinifdə fərqlənən uşaqlardan olub, haqqın tərəfində durub, zəifi, gücsüzü müdafiə edib. O, 2018-ci ildə 11-ci sinfi bitirdikdən sonra ailənin istəyilə Bakı Biznes və Kooperasiya Kollecinə daxil olub. Kurs yoldaşları arasında köçkünlərin də olması, onların üzünü görmədikləri rayonları, kəndləri barədə valideynlərindən eşitdikləri, sevərək açdıqları nisgilli söhbətləri onu çox düşündürüb.

Xətai 1-ci kursu başa vurduqdan sonra təhsilinə davam etməməyi qərara alıb. Kolleci bitirmədən hərbi komissarlığa müraciət edib və könüllü olaraq həqiqi hərbi xidmətə gedib. Çünki o, gözünü açandan qonşu Ermənistan tərəfdən ara-sıra rayona açılan atəş altında böyümüşdü. Mülki insanların, mal-qaranın xəsarət alması onun kiçik qəlbində erməniyə böyük nifrət oyatmışdı. Böyümək, hərbçi olmaq, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda savaşmaq arzulayırdı.

Xətai 2019-cu ildə Azərbaycan Ordusunun əsgəri idi. Cəmi 1 il sonra, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması naminə Vətən müharibəsi başladı.

Əsgər Xətai Həsənov da digər yoldaşları kimi Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərə qoşuldu. Bu savaşda o, düşmənə qarşı mərdliklə vuruşdu. Onun döyüş yolu Ağdərə, Cəbrayıl, Talış kəndindən keçdi. Hər kənd, hər rayon azad edildikcə Xətainin qəlbində qələbəyə daha böyük ümid oyanırdı. Yanında döyüş yoldaşları yaralandıqca, şəhid olduqca düşmənə nifrəti birə-beş artır, daha cəsarət və hünərlə döyüşür, hər şəhid yoldaşının qisasını almaq üçün gücünü daha çox səfərbər edirdi. Şəhidlik zirvəsinə ucalmazdan öncə, ailəsi ilə sonuncu dəfə oktyabrın

30-da, yəni ölümündən bir gün öncə danışan Xətai Həsənov anası Qalibə xanıma “qoy, müharibə bitsin, biz qayıdaq. Qazandığımız qələbədən danışanda mənimlə fəxr edəcəksiniz, ana” –deyib.

Xətai Həsənovun anası deyir:

– Oğlumun uşaqlıqdan hərbiyə həvəsi vardı. Həmişə bizə hərbi formalar aldırar, geyinər, həyətdə o baş-bu başa hərbçi kimi addımlayar, bizə hərbi salam verərdi . Lakin evin tək oğul övladı olduğundan biz onun hərbçi olmağına razı deyildik. Deyirdim ki, hərbçinin daimi evi olmaz, bala. Vətənin hər bucağı onun evidir. Amma biz sənsiz, ayrı yaşamaq istəmirik, oğul. Xətai isə “Vətən torpağının hər qarışı əzizdir, evimizdir, ana”,– deyə bizə təskinlik verirdi. Onun o kollecə getməyi də bizim istəyimizlə olmuşdu, sözümüzdən çıxa bilməyib orada təhsil almağa razılaşmışdı. Ürəyinin istəyinə qarşı dura bilmədi Xətai. Təhsilini yarımçıq qoyub hərbi xidmətə getdi.

Xətai Həsənov Ağdam rayonunun Qaraqoyunlu kəndində gedən döyüşlərdə öz komandirini xilas edən zaman qəhrəmancasına şəhid olub. Bu gün onunla, vaxtilə özünün dediyi kimi, nəinki ailəsi, bütün Azərbaycan xalqı fəxr edir. Xətai Həsənov Tovuz rayonunun Qovlar qəsəbəsinin ilk Vətən müharibəsi şəhididir. O, 2020-ci il oktyabrın 31-də Tovuz rayonunun Qovlar şəhərində dəfn olunub.

Ruhun şad olsun, Vətən oğlu! Uğrunda can verdiyin Vətən səni unutmur.

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat