ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli məsələsi iki həftə ərzində dəqiqləşəcək. Trampın sözlərinə görə, bu müddət ərzində münaqişənin diplomatik yolla həllinin mümkün olub-olmayacağına aydınlıq gələcək və nəticədən asılı olaraq yanaşmada dəyişiklik ola bilər.
Tramp radioaparıcı Todd Starnessin sualına cavabında deyib: “Deyərdim ki, iki həftədən sonra biz bu və ya digər şəkildə biləcəyik. Bundan sonra başqa üsula əl atmalı ola bilərik. Tezliklə biləcəyik.”
Qeyd edək ki, Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp avqustun 15-də Alyaskada görüşüblər. Görüşdə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli müzakirə olunub. Stiv Uitkoffun sözlərinə görə, danışıqlar zamanı Rusiya tərəfi kifayət qədər tez güzəştlərə gedib və bu, irəliləyişə yol açıb.
"Axios" nəşri iddia edib ki, Tramp əvvəlcə Rusiya prezidentinin ərazi məsələlərində “maksimalist tələbləri” səbəbindən görüşü dayandırmaq istəsə də, Putin mövqeyini yumşaldıb. “The Wall Street Journal” isə yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski avqustun 18-də ABŞ prezidenti ilə danışıqlar zamanı ərazilərin “proporsional mübadiləsi” imkanını nəzərdən keçirə biləcəyini bildirib.
S.ELAY
XQ