Donald Tramp İsrail və Livanın atəşkəs rejimini daha üç həftə uzatmaq barədə razılığa gəldiyini açıqlayıb. Bu, 16 apreldə başlayan və əvvəlcə bazar günü başa çatması planlaşdırılan döyüşlərdə fasiləyə aiddir. Tramp bildirib ki, qərar Ağ Evdə hər iki ölkənin nümayəndələri ilə aparılan danışıqlardan sonra verilib və o, danışıqların “çox yaxşı keçdiyini” yazıb.
Məlumatı “Euronews” verib.
ABŞ lideri həmçinin İsrailin Baş naziri Binyamin Netanyahu və Livan prezidenti Cozef Aunu tezliklə Vaşinqtonda qəbul etməyi gözlədiyini açıqlayıb. Tramp Truth Social-da yazıb: “Birləşmiş Ştatlar Hizbullaha qarşı özünü müdafiə etmək üçün Livanla işləməyə sadiqdir”.
Qeyd edək ki, bu qrup Livanda həm hərbi, həm də siyasi qüvvədir. ABŞ onu terror təşkilatı elan edib, Aİ isə yalnız hərbi qanadına sanksiyalar tətbiq edib.
P.ƏMİRCANOV
XQ

